Fatma Yıldırım: Dövlətimiz Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə…
“Azərbaycan yenə də dünyanın diqqət mərkəzindədir”.
Bunu APA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım deyib.
O bildirib ki, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir: "Zirvə görüşü göstərdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda dünya miqyasında özünün töhfələri verməkdədir".
Millət vəkili bildirib ki, “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşünə dünyanın bir çox ölkələrin dövlət və hökumət başçıları iştirak edib: “Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Bu təşkilat fəaliyyəti dövründə vacib qərarlar qəbul edib. Azərbaycan da təşkilata üzv olduqdan sonra onun işində aktiv iştirak edir. Azərbaycan üçün ən mühüm hadisələrdən biri ötən ilin oktyabr ayında Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Bakıda keçirilməsi və Azərbaycanın üç il müddətində təşkilata sədr seçilməsidir. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi oldu. Eyni zamanda, dövlətimiz Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü bu reallığı təsdiqləyir”.
Millət vəkili qeyd edib ki, Zirvə görüşündə Prezident İlham Əliyev əhatəli çıxış edib və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verib: “Cənab Prezident eyni zamanda qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Dövlətimizin başçısı həmçinin söyləyib ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Bu fakt da ölkəmizin, şəxsən hörmətli Prezidentimiz İlham Əliyevin humanist, yardımsevər siyasətinin ifadəsidir”.
Fatma Yıldırım nəzərə çatdırıb ki, Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlə çıxışında, eləcə də BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus və müxtəlif ölkələrin başçıları çıxışlarında vəziyyətdən çıxış yollarına dair fikirlərini söyləməklə yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsünü çox yüksək qiymətləndiriblər: “Bu da Azərbaycan Prezidentinin dünya miqyasında çox böyük nüfuza sahib olduğunu göstərir”. Millət vəkili, Zirvə görüşünün sonunda qəbul olunmuş birgə Bəyannamədə də vacib məsələlərin əks olunduğunu diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət