Əzizov Habil Kommunar oğlu - "20 Yanvar Şəhidi"
Əzizov Habil Kommunar oğlu — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb.
Habil Kommunar oğlu Əzizov, 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub.Ailənin yeddi uşağından üçüncüsü idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuş, bir il oxuyandan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıtmışdır. Qiyabi oxuyur, Ağstafada sovxoz idarəsində işləyirdi. Hadisə vaxtı da qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Həmin günü ad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada süfrə açıb, ad gününü qeyd edirmişlər. Şəhərdə vəziyyətin qarışıq olduğunu bilən Habil, rahat oturub ad günü edə bilməyəcəyini deyərək, dostu Xanoğlanla birlikdə şəhərə getmişdir.
Dostu Xanoğlan: İkimiz yanaşı gedirdik. Mən qəfil qapağı açıq olan kanalizasiya quyusuna düşdüm, o isə əlimdən çıxıb irəli getdi.
Habil, həmin gün, yəni 1990-cı il yanvar ayının 19-da düşmən tankının altında qalaraq şəhid olub. O, Bakı şəhərində Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun III kursunda oxuyurdu.
"20 Yanvar" şəhidi olan Ağstafa rayonunun Vurğun qəsəbəsi sakini Habil Əzizov, doğulduğu qəsəbə qəbiristanlığında dəfn edilib. Onun qəbri hər il yanvar ayının 15-dən 20-dək hər kəsin ziyarətgahına çevrilir.
Şəhid Habil Əzizovun adını daşıdığı məktəbin kollektivi, hər il şəhidin qəbrini ziyarət edərək ruhuna dualar oxuyurlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət