Slimfit
  1. DÜNYA

Əvvəlki Gürcüstanı unudun! - Bahalı Tiflis

Əvvəlki Gürcüstanı unudun! - Bahalı Tiflis
Sakura

Əvvəlki Gürcüstanı unudun! - Bahalı Tiflis

Bu, Gürcüstana sayca neçənci səfərimdir, söyləmək çətindir, di gəl ki, bu dəfə tamamilə başqa bir ölkənin şahidi oldum. İndi əminliklə demək olar ki, daha əvvəlki Gürcüstanı görməyəcəksiniz.

Ona görə yox ki, donuz qripi ölkəni bürüyüb, ona görə yox ki, gürcü gömrükçüləri turistləri incidirlər, bunların hamısı blefdir.

Sadəcə, nə ağızdolusu danışdığımız restoranlarda, nə bəh-bəhlə təriflədiyimiz otel, taksi, hostellərdəki ucuzluq qalıb. Düzdür, deyilə bilər ki, bayrama görə qiymətləri qaldırıblar.

Sözsüz ki, bu amil də kifayət qədər əsaslıdır, lakin Gürcüstan iqtisadiyyatında ciddi qiymət artımı qeydə alınıb. Yəni çətin ki, həmin qiymətlər bayramdan sonra endirilsin.

Hərgah yenə də minlərlə azərbaycanlı Yeni İl ərəfəsində və sonrakı günlərdə qonşu ölkənin ayrı-ayrı şəhərlərinə axın etməkdədir...

Donuz qripi və Azərbaycandan axın...

Beləliklə, ondan başlayaq ki, biz 31 dekabr, səhər saat 07:30-da “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindəyik. Az qala Azərbaycanın yarısı Gürcüstana gedir.

Növbəyə düzülən avtomobillər, avtobuslar, piyada keçidi xəttində yüzlərlə insanın üzün-gözündən yorğunluq-arğınlıq tökülə-tökülə bayramı qeyd etmək üçün Tiflisə yollanır.

Əvvəlcə bizi bərk qorxu bürüyür, dad edirik ki, bu izdihamın, sıxlığın içindən çıxıb Gürcüstan paytaxtına getmək müşkül olacaq. Amma insafən, bu qədər axına rəğmən, 1 saat 45 dəqiqəyə sərhədi keçib neytral zonaya daxil ola bilirik və şükür edirik.

Bəri başdan deyək ki, qabaqcadan qatara bilet ala bilənlər sözün əsl mənasında bayram ediblər, sərhədlərdəki vaxt itkisi, soyuq havada gözləmə və s. çətinlikləri yaşamayıblar.

Necə ki, biz də Tiflisə çatar-çatmaz dərhal dəmiryol vağzalına yollanıb, qayıdacağımız günə qatara bilet aldıq, dönüşdə sərhəd-keçid əziyyətini demək olar ki, yaşamadıq.

Bakıdan çıxan günə qədər Gürcüstandan gələn həyəcanlı xəbərləri bəndəniz də yazırdı - ölkəni H1N1 virusu bürüyüb, ölənlər var, bayramqabağı ehtiyatlı olun və s.

Amma mənzərə heç də deyildiyi kimi deyil, kütləvi şəkildə epidemiya yayılmasından söhbət gedə bilməz. Üstəlik, hava soyuq, axşamlar şaxta... Belə şəraitdə mikroblar, viruslar elə gəbərir ki, əksinə, özünüzlə gətirdiyiniz qrip də uçub gedir.

Yeri gəlmişkən, qripdən xilasın ən gözəl yeri möhtəşəm hava şəraiti olan Borjomi və Bakuriani şəhərləridir...

Azadlıq qoxulu şəhərin bayram gecəsi...

Şəhər qaynayır, Meydan bazardan Azadlıq meydanına, Rustavelli prospektindən Pekin küçəsinə, “Marjanaşvili” metrosundan Qaqarin küçəsinə qədər hər yerdə yolkalar qurulub, mərkəzi Rustavelli küçəsi xüsusi bəzədilib, çil-çıraqlar xüsusi yaraşıq verib, əsl bayram ab-havası, mozaikası var.

Bəlkə də İrandan, Azərbaycandan insanların bu xristian ölkəsinə gətirən səbəb elə Yeni ilin Gürcüstanda daha yaxşı təşkil olunmasıdır.

Şəhərin azı iki yerində konsert tribunaları qurulub, gecə saat 12-də diskoteka, şənlik proqramları hazırlanıb, restoranlar, klublar, kəsəsi, hər yer qaynayır. Əlbəttə ki, bu vəziyyətdə Rustavelli prospektində tıxacların olması təəccüb doğurmamalıdır.

Bayram gecəsi biz saat 03:30-da qaldığımız evə qayıtmağa qərar verəndə Tiflisdə hələ də insan izdihamı müşahidə olunurdu, küçələrdə qələbəlik idi, restoranlardan musiqi sədaları eşidilirdi, göy üzündən atəşfəşanlıq əskik olmurdu, şəhər səhərə qədər yatmadı.

Bütün bunlarla yanaşı yenə sərbəstlik mühiti, gözə adda-budda dəyən polis əməkdaşlarını qeyd etməliyik. Yəni, Tiflisdən azadlıq qoxusu çəkilməyib, getdikcə artır...

Parlamentin qarşısında aksiya

Elə bu azadlıqla absurdluğun toqquşduğu bir hadisəyə parlamentin qarşısında rastlaşdıq.

Təqribən, 10-15 polis əməkdaşı bir yaşlı, saqqalı kişini dövrəyə alıb, onu mühafizə edərək etirazını dinləyirdilər. İstər-istəməz onun qışqırtısı ətrafdakıların, turistlərin də diqqətini cəlb etməyə bilməzdi.

O ahıl gürcü etirazçı uşaq attraksionlarını parlamentin pilləkənlərinə gətirib qoyaraq, hökumətə şikayətini çatdırırdı.

Belə aydın oldu ki, onun kimi ticarətçilərə parlament binasının qabağında piştaxtalar qurub bayram oyuncaqları, pirotexnik vasitələr, Yeni İl hədiyyələri, suvenerləri satmağa icazə verilmir.

Ona görə də parlamentin qabağındakı piştaxtalar boşaldılmışdı, maketləri qalmışdı. Halbuki, bundan əvvəl də Yeni ildə Tiflisdə olmuşam və parlament qarşısında ticarətə heç bir qadağa yox idi.

Ancaq “İmam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağla” misalını götürsək, insafən ticarətçilərə 50 metr aralıda piştaxtalarını qurub mallarını satmaq imkanı verilmişdi.

Fəqət, yooox, gürcülər deyir ki, ölərəm, getmərəm, düz parlamentin qabağında oyuncaqları düzüb satacağam.

Polis isə sakitcə etirazçını dinləyirdi və bu əhvalatın sonda necə qurtardığını bilmədən Azadlıq meydanına doğru irəlilədik.

Restoranlar və taksilərdə dəhşətli bahalıq

Bu təsvirlərlə yanaşı Gürcüstandakı bahalığı, taksi sürücülərinin vəziyyətdən sui-istifadə etməsini, nəinki otellərin, kirayə evlərin, hostellərin də qiymətlərini dağ başına qaldırmasını demək lazımdır.

Xüsusən taksi sürücüləri turistlərə “qan uddurur”lar. Onlar istədiyi qiyməti “oxuyur”lar, ikiqat, üçqat qiymətə mənzil başına aparırlar. Açıq şəkildə gürcü taksilərin soyğunçuluqla, turist aldatmaqla məşğul olduğunu deyə bilərik.

Bunu dəfələrlə Tiflisdə olmuş biri kimi söyləyə bilərəm ki, ilk dəfə gələnləri aldatmaq daha asandır.

Axı Tiflis elə də böyük şəhər deyil, bir yerdən başqa yerə 5, uzağı 7 lariyə getmək olar.

Amma 10-20 lari, bəzi sürücülər isə turisti naşı görüb, 30-40 lari “oxuyur”lar.

Onlar bunu benzinin bahalığı ilə izah etsələr də, bəhanədir, bu dərəcədə soyğunçuluq olmaz. Yəni, gürcülər turist çoxluğundan o qədər arxayınlaşıblar ki, elə bilirlər imici, inamı itirməyəcəklər.

Yeri gəlmişkən, hibrid maşınlar burada hər addımbaşı qabağımıza çıxır. Son vaxtlar Azərbaycana da ayaq açan bu avtomobillərin yanacaq sərfiyyatında ekonomik olduğu deyilir.

Tiflisdə hostellər, kirayə ev təklif edənlər də qiymətləri qaldırıblar. Əgər mərkəzdən kənarda 100-120 lariyə (60-65 manata) ev tapsan sevinirsən.

Dünyanın hər yerindən turist var, axın dayanmır, 1 yanvar, 2 yanvar, 3 yanvar, yəni hər gün ölkəyə minlərlə turist daxil olur. Azərbaycan belə bir turizm siyasəti yürütsə, çox ciddi nəticələr əldə edə bilərik.

Restoranlarda isə bahalıq daha dəhşətlidir. Siz o əyyamları unudun, heç də "su qiyməti" qalmayıb. Əvvəllər 4 adamın restoranda yeyib-içməsinə 70-100 lari hesab gələrdisə, indi 180-220 lariyə hazır olun.

Adi bir şorba qabaq 3-4 lari olardısa, indi 7-8 laridir. Kabablar, içkilər, ən çox yeyilən gürcü xəngəli, bir sözlə, hər şey bahalaşıb.

Bununla belə, turistlər bu köhnə-küşkül, parkları mərmərdən olmayan, təzə binaları az tikilən şəhərə axışır.

Kaladzenin 3 milyonluq Yolka korrupsiyası?

Bu ölkənin siyasi həyatında vəziyyətin necəliyini də soruşa bilərsiniz. Gürcülər kor-peşmandırlar, Saakaşvilinin xiffətini çəkirlər, indiki prezident Zurabaşvilinin siyasətini bəyənmirlər, hakim Gürcü Arzusu Partiyasının rəhbəri, oliqarx İvanaşvilini sərt tənqid edirlər, Tiflisin meri, məşhur futbolçu Kaladzeni korrupsioner adlandırırlar.

Taksi sürücüsü əlini uzadaraq irəlidəki yolkalardan birini göstərir və deyir ki, Kaladze 3 milyon lari xərcləyərək bu yolkanı qurdurub, ciddi yeyintiyə yol verib...

Musavat.com

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR