Slimfit
  1. ARAŞDIRMA

Evlərin qiyməti artmaqda davam edir

Evlərin qiyməti artmaqda davam edir
Sakura

Evlərin qiyməti artmaqda davam edir

Hər ay baş verən müxtəlif iqtisadi və sosial tendensiyalardan təsirlənən sektorlardan biri də daşınmaz əmlak bazarıdır.

“Report” oktyabr ayında daşınmaz əmlak bazarında gedən proseslərin mənzillərin, fərdi yaşayış evlərinin, torpaq sahələrinin qiymətinə necə təsir etdiyini, bazarda alıcılıq qabiliyyətinin hansı səviyyədə olduğunu araşdırıb.

Mövzu ilə bağlı “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Report”a verdiyi açıqlamada bildirib ki, oktyabr ayında mənzil bazarında aktivlik müşahidə olunub: "Təkrar mənzil bazarında orta qiymətlər 2,3%, ilkin mənzil bazarında isə 5%-ə yaxın artıb. İlkin mənzil bazarındakı bu artım son 1 ildə ən yüksək göstərici hesab oluna bilər. Artımın əsas səbəblərindən biri ölkə Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar 200-dən artıq çoxmənzilli binanın qeydiyyat probleminin həlli və həmin binalardakı yeni mənzillərin satış qiymətindəki artımdır. Bu sektorda alıcı sayında da cüzi artım olub və qarşıdakı aylarda bu sayın daha da artacağı ehtimal olunur. Bütövlükdə oktyabr ayını 2019-cu il üzrə ən aktiv ay kimi səciyyələndirə bilərik".

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə təkrar mənzil bazarında orta qiymətlərin 11,6%, ilkin mənzil bazarında isə 16%-ə qədər artımı baş verib.

R. Osmanlı hesab edir ki, paytaxtın rayonlarında 1 kvadrat metrə görə qiymətlərin statistikası müxtəlifdir: "Məsələn, Yasamal rayonunda 1 kvadrat metr mənzilin qiyməti 1830 manat, Xətai rayonunda 1195 manat, Nəsimi rayonunda isə 1560 manat civarındadır.

Artıq illərdir ki, mənzil bazarı üzrə ən aktiv rayonlar Xətai və Yasamal rayonlarıdır. Bütövlükdə mənzil bazarındakı əməliyyatların 45%-i bu iki rayonun payına düşür. Bu sıraya Nərimanov, Binəqədi və Nizami rayonlarını da əlavə etmək olar. Səbail və Nəsimi rayonlarının şəhər mərkəzinə yaxın hissələrində ciddi dəyişiklik müşahidə olunmur. Çünki bu ərazilərdə qiymətlər baha və aparılan əməliyyatların da sayı qismən azdır. Qarşıdakı aylarda şəhər mərkəzində qiymətlərin daha da artacağı müşahidə oluna bilər.

Fərdi yaşayış evlərində 1,2-1,3% olmaqla nisbi qiymət artımı nəzərə çarpıb. Güman edirəm ki, növbəti ildən fərdi yaşayış evlərinin qiyməti daha da artacaq. Belə ki, növbəti ilin əvvəlində respublikann bir sıra ərazilərində fərdi yaşayış evlərinin sənəndləşdirilməsi ilə bağlı qərarların qəbulu gözlənilir. Bu gün fərdi yaşayış evlərinin bəzilərinin sənədsiz olması həmin evlər üzrə aparılan əməliyyatların qeydiyyatında problem yaradır. O əmlaklar üzrə aparılan əqdlər faktiki olaraq statistikadan kənarda qalır. Ona görə də qeydiyyat probleminin həlli əməliyyatların sayına da əhəmiyyətli təsir göstərəcək.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evlərinin qiymətləri təqribən 6,3% artıb. Torpaq sahələrində isə qiymət artımı daha çox qeydə alınıb. Belə ki, torpaqların qiyməti ay ərzində 3,7%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14% bahalaşıb". 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR