Əvəzi olmayan vətəndaş şair - Baba Pünhan -70
Dövrümüzün Sabiri... Onun haqqında danışanda çox vaxt belə deyirlər. Hamının qəbul etdiyi həqiqət budur ki, o, sıradan adi bir şeir yazan deyildi, dünyaya şair olmaq üçün gələn insan idi...
Ən yeni ədəbiyyatımızın sevimli şairlərindən biri olan Baba Pünhan təkrarı olmayan fərqli istedad, qabiliyyət sahibi idi. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır. Belə bir sənətkarın təqribən qırx beş yaşınadək ədəbi mühitdə tanınmağa cəhd etməməsi, işlədiyi metro idarəsinin “Metro” adlı sahə qəzetində dərc olunmaqla kifayətlənməsi adamda təəccüb yaradır. Bu hal insanın daxili aləminin kamilliyi və gözütoxluğundan başqa bir şey deyil.
Cavanından başlamış ahılınadək illərlə Yazıçılar Birliyinin üzvü olmaq üçün növbəyə duran yüzlərlə “şeir yazarlar” ordusunu təbəssümsüz düşünməyə bilmirəm. Onların böyük əksəriyyəti vəsiqə, şöhrət, imtiyaz uğrunda yollar, vasitələr arayır, özlərini tanıtmaq üçün hətta bəzən ağılagəlməz “gedişlər” edirlər.
Baba Pünhan isə heç bir şöhrətin, təmənnanın əsiri deyildi. Onun üzvülük vəsiqəsinə ehtiyac yox idi. O, yalnız ilahidən verilən vəzifəsini, borcunu yerinə yetirirdi.
Doxsanıncı illərin əvvəllərində baş verən qəzet bumu şairin şeirlərinin yayılmasında, yaradıcılığının tanınmasında dönüş yaratdı. Qəzetlər Baba Pünhanın qəzəllərini, satirik şeirlərini heç bir minnətsiz, “göydəcə” alır, həvəslə dərc edirdilər. O, lirikaya satirik ruh gətirməklə satirik şair adını almaq əzmini qazandı. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan etdi. İki il müddətində "Zarafat" qəzetində çalışdı. Şeirləri "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Azadlıq", "Bakı Xəbər", "Olaylar", "Bakının səsi", "Yeni Müsavat", "Ekspress", "Nəbz", "Ədalət" və sair onlarla qəzetlərdə çap olundu.
Sonrakı addım 1995-ci ildə şair Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli” məclisinə dəvət edilməsi oldu. 1996-cı ildə “Təzəpir” məscidində təşkil olunmuş yığıncağda mükafatlar təltif olunarkən “Füzuli” məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görüldü. Nəhayət, 1998-ci ildə ANS-ə, “Qulp” verilişinə çağırıldıqdan sonra onu bütün xalq tanımağa və qəlbən sevməyə başladı. “Nolub ala?!” qəzəli, “İt günündə”, “Sənk yu”, “Mən nə dedim ki..” adlı satirik şeirləri dillər əzbəri oldu. 2000-ci ildə “Acı həqiqət” adlı ilk kitabı çap edildi.. Bu kitabın ardınca sağlığında daha üç – “Yalan çeynəyə-çeynəyə”, 2002-ci ildə “Mən nə dedim ki..”, 2004-cü ildə “Kim nə götürdü” adlı kitabları nəşr olundu.
Baba Pünhan satiralarında sələfi Sabir kimi insanları narahat edən sosial problemləri ictimailəşdirir, həqiqəti cəsarətlə açıqcasına, olduğu kimi yazırdı. Buna görə də xalq onun yaradıcılığını çox sevirdi.
Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?..
Hər kəs təsdiq edə bilər ki, “Qulp” verilişinin Azərbaycan xalqı qarşıasında ən böyük xidməti Baba Pünhanı hamıya təqdim etməsi, şeirlərini dinlətməsidir.. Həmişə televiziya ekranında diqqət və maraqla izlədiyim şairi yaxından görmək bir dəfə mənə də qismət olub. 2003-cü ildə, günlərin birində onu təsadqüfən metronun “İçərişəhər” dayanacağında gördüm. Vaqondan düşüb eskalotora tərəf gedirdi. Qış vaxtı olduğundan paltoda idi. Ətrafındakılar tərəfindən ona dikilən hörmət dolu baxışlardan sanki sıxılırdı.Tövəzəkarlıqdan gözlərini hamıdan qaçırıb sakit addımlarla eskalatordakı insan axınına qarışdı. Mən də bir çoxları kimi ayaq saxlayıb rəğbətlə onu gözdən itənə kimi seyr etdim. Təsirlənmişdim, daim ekranda sevə-sevə dinlədiyim bir insanla, böyük şairlə qarşılaşmışdım...
Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər...
Dostlarımla söhbətlərdə kəndimizlə bağlı hadisələrdən biri də, 1946-cı ildə Səməd Vurğunun seçiciləri ilə görüşə kəndə gəlməyidir. Səməd Vurğundan sonra Yerfiyə gələn ikinci sevimli şair Baba Pünhandır. Yəqin ki, Babanın iştirakı ilə “Qulp”un yaylaqda çəkilmiş verilişini görənlər xatırlayır. Nohur adlanan o yaylaq kəndimizin qarşı tərəfində yerləşir. Təəssüf ki, bu hadisədən mən veriliş efirə gedəndən sonra xəbər tutdum...
Onun yazı tərzindən başqa, Mirzə Ələkbər Sabirlə bir oxşarlığı da odur ki, Sabir beş il ərzində “Molla Nəsrəddin” jurnalında çap olunmaqla məşhurlaşdığı sayaq Baba Pünhan da ANS-in efirində beş ilə xalqın şairinə çevrildi.
Babanın yazdığı bir çox misralar indi zərb-məsələ çevrilmişdir. Mən “Bakının dərdi var”, “Qarabağ getsə əgər”, “Ötdü cavanlıq, Qarabağ” və sair şeirlərini əzbər bilən onlarla adam tanıyıram. O, sözün tam mənasında əvəzi olmayan satira ustası olmaqla yanaşı əsl vətəndaş şair idi:
Nəfsə qulluq edənin rütbəsi şeytan nökəri,
Haqqa qulluq edənin rütbəsi insanlıq olar.
Günlərin bir günü Pünhan Babadan ayrı düşər,
Baba torpaqlıq olar, Pünhan asimanlıq olar...
Mənbə: Karabakhmedia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət