ETSN: Balıqların sintetik torlarla, elektrik cərəyanı ilə ovlanması cinayətdir
“Xəzərdə, bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla, elektrik cərəyanı ilə ovlanması cinayətdir. Qadağan olunmuş bu cür alətlərdən istifadə edənlər təbiət düşmənləridir. Bu hal hamını narahat etməlidir”.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O deyib ki, bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür: “Balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, bu torlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq sututarlarını və ətraf mühiti çirkləndirir. Ona görə də onların istifadəsinə son qoyulmalıdır. Düzdür, hüquq-mühafizə orqanları bununla bağlı tədbir görür, lakin ictimai qınaq da təsirli bir vasitədir. Hər birimiz əl-ələ verib bu vəhşiliyə qarşı mübarizə aparmalıyıq. Nazirlik balıqların qadağan olunmuş ov alətləri ilə, sintetik torlarla, elektrik cərəyanı ilə ovlanmasının aradan qaldırılması və bu torların yığışdırılması üçün dənizdə, ümumiyyətlə bütün su hövzələrində və sahillərdə aksiyalara başlayıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət