“ETS Global” təşkilatı müəllimlər üçün “TOEFL iBT Propell” təliminə başlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq çərçivəsində ABŞ-ın “Educational Testing Service Global” (ETS Global - Təhsilin Qiymətləndirilməsi üzrə Qlobal Xidmət) təşkilatının nümayəndələri Bakıda səfərdədirlər.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, “ETS Global” təşkilatının nümayəndələri tərəfindən ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş iki “TOEFL iBT Propell” təlimin keçirilməsi nəzərdə tutulub.
Avqustun 29-da DİM-in inzibati binasında keçirilən ilk təlimə mərkəzin ekspert qrupu və “TOEFL iBT” imtahanlarına hazırlıq həyata keçirən və bu imtahanlara hazırlığın tədrisində maraqlı olan 30-dək müəllim cəlb olunub. Həm məlumatlandırıcı, həm də təcrübi məşğələ xarakteri daşıyan təlimdə “TOEFL iBT” imtahanının qiymətləndirmə meyarları, tədris zamanı bacarıqların inkişafına istiqamətləndirilmiş xüsusi metodoloji vasitələrin istifadəsi iştirakçıların nəzərinə çatdırılır. Təlimdə, eyni zamanda, iştirakçılara “TOEFL iBT” imtahanında ölçülən hər bir bacarıq (yazı, danışıq, oxu və dinləmə) üçün tərtib olunmuş xüsusi tapşırıqlar verilir.
İnteraktiv təlimdə müzakirələr zamanı “TOEFL iBT” imtahanının formatında digər dillərdə, xüsusilə Azərbaycan dilində beynəlxalq səviyyəli imtahanın təşkilinin mümkünlüyü də qeyd edilib.
Qeyd edək ki, səfər proqramına uyğun olaraq eyni məzmunlu digər təlim avqustun 31-də “ADA” Universitetində keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət