Ətin bahalaşmasının ƏSAS SƏBƏBLƏRİ BUDUR - Ekspert AÇIQLADI
Son zamanlar ətin qiymətində ciddi dərəcədə qiymət artımı müşahidə olunur.
Belə ki, 2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır. Ətin qiymətində bu cür artım insanlar arasında birmənalı qarşılanmır. Bahalaşmanın başlıca səbəbləri və bundan çıxış yolları ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Referans.az-a danışıb. Ekspert qiymət artımının başlıca səbəbi kimi yem qiymətlərinin baha olmasını qeyd edib.
"Ətin qiymətinin ucuzlaşması və hər kəs üçün əlçatan olması, elə də çətin deyil. Sadəcə çalışmaq lazımdır ki, yem bazası gücləndirilsin. Kifayət qədər yem istehsalına ehtiyac var. Azəbaycan təəssüflər olsun ki, qüvvəli yem istehsalını lazımi səviyyəyə qaldıra bilmir. 2015-2018-ci illərdə qəbul edilmiş ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı dövlət proqramında nəzərdə tutulmuşdu ki, 2 milyon ton qüvvəli yem istehsal edilsin. Görün nə qədər vaxt keçib, amma hələ 100 min tondan yuxarı çıxa bilməyib. Digər tərəfdən keçən müddət ərzində 300-400 min hektara yaxın örüş əraziləri əkin üçün dövriyyəyə buraxıldı. Bundan əlavə ət istehsalı üçün cins heyvan sortlarının yetişdirilməsi olduqca vacibdir. Bizdə isə bununla bağlı demək olar ki, işlər görülmür. Biz ildə 780 min ton ət istehsal etməliyik, amma hazırda 350 min ton ət istehsal edirik. Bizdə bu sahə olduqca bərbad vəziyyətdədir. Bunu aradan qaldırmaq mümkündür. Sadəcə müəyyən addımlar atılmalıdır. Hazırda ətin qiymətinin qalxmasının ən əsas səbəbi ot istehsalının azalmasıdır. Yem qiymətləri olduqca bahadır".
Vahid Məhərrəmov həmçinin bu sahə ilə bağlı səlahiyyətli şəxslərin bir çoxunun qeyri-aqrar sahənin nümayəndələri olmasından gileylənib.
"Biz post-sovet ölkələri arasında ət istehsalına görə sadəcə Tacikistandan öndəyik. Bunun əsas səbəblərindən biri də həmin ölkələrdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər vəzifələrində aqronom, zootexnik və baytar kimi bu sahənin içində olan, mütəxəssis sayılan şəxslər çalışır. Bizdə isə təəssüf ki, bu sahədə çalışan vəzifəli şəxslərin çoxusu qeyri-aqrar sahənin nümayəndələridir. Onlar isə problemin əsas səbəblərini və çıxış yollarını bilmir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət