Slimfit
  1. GÜNDƏM

Ermənistanın boşa çıxan 3 məkrli hədəfi – sərhəd təxribatında “Rusiya izi”... varmı?

Ermənistanın boşa çıxan 3 məkrli hədəfi – sərhəd təxribatında “Rusiya izi”... varmı?
Sakura

Ermənistanın boşa çıxan 3 məkrli hədəfi – sərhəd təxribatında “Rusiya izi”... varmı?

Azərbaycan xalqı cəbhə xəttindəki olaylarla bağlı növbəti, həyəcanlı günlər, saatlar yaşayır. Rəsmi xəbərlərin qısa rezümesi belədir ki, dünən - iyulun 12-də Ermənistan silahlı qüvvələri artilleriya silahlarından istifadə edərək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən silahlı qüvvələrimizin mövqelərini ələ keçirməyə cəhd göstərib, bölmələrimizə qarşı növbəti təxribat törədiblər. Ordumuzun tədbirləri nəticəsində düşmən geri çəkilməyə məcbur olub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Döyüşlər bütün gecə davam edib. Hazırda qoşunlarımız düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri həyata keçirir, vəziyyətə nəzarət edir.

Təəssüf ki, şəhidlərimiz də var.

Təbii ki, belə vəziyyətdə ilk sual baş verənlərin motivi ilə bağlı olur. Şübhəsiz ki, düşmən bununla Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvə və hərbi texnikamıza zərər yetirmək məqsədi güdüb. Çünki Nikol Paşinyan “inqilab” nəticəsində hakimiyyətə gələndən təmas xəttində (Günnüt və Qazax əməliyyatları) və diplomatik meydanda (Aşqabad sammiti, Münhen Təhlükəsizlik Konfransı, Avropa Parlamenti “Şərq Tərəfdaşlığı”nın onlayn sammiti) Azərbaycan tərəfdən ard-arda uğursuzluğa məruz qoyulub. Tüğyan edən pandemiya və boşa çıxan iqtisadi vədlər fonunda isə bu, sürətli və davam edən reytinq itkisi deməkdir.

Bunu xüsusi qeyd edək ki, Azərbaycan Ordusunun əks-tədbirləri sırf cavab xarakteri daşıyıb və işğalçı tərəfin təxribatlarına qətiyyətli, adekvat cavab verilib.

Yəni bu, İrəvanın təqdim etməyə çalışdığı kimi əsla Azərbaycanın Ermənistanın içərisinə doğru irəliləmək kimi hansısa planı ilə bağlı olmayıb. Ancaq Paşinyan hökumətinə olayları məhz bu qiyafədə kamifulyaj etmək hava-su kimi lazımdır. Öncəliklə də o məramla ki, bununla acınacaqlı vəziyyətdə olan və qətiyyən müharibə hayında olmayan narazı erməni əhalinin diqqətini daxili problemlərdən yayındırmaq mümkün olsun.

Unutmaq olmaz ki, hazırda düşmən ölkədə əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır.

Gündən-günə ağırlaşan sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizədə saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Adətən belə vəziyyətlərdə diqqəti “xarici düşmən”ə yönəldib ictimai təzyiqdən yayınmaq taktikası seçilir. Azərbaycanla sərhəddə təxribat da sözsüz ki, Paşinyana xarici düşmən faktorunu qabartmaq və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmaq üçün lazımdır.

 

Ermənistanın baş naziri yəqin düşünür ki, bu yolla xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyət əleyhinə formalaşan real təhlükəni aradan qaldırmaq mümkün olacaq. Bəllidir ki, Ermənistanda vəziyyət indi olduqca qəlizdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir.

Daha bir məkrli hədəf: gizli “qərbçi” və “Sorosun projesi” sayılan Nikol Paşinyan, şübhə yox ki, bununla həm də Moskva ilə sərin münasibətlərini növbəti dəfə testdən keçirmək, hətta Rusiyanı şantaj etmək istəyir.

İrəvandakı Rusiya səfirliyindən sərt bəyanat – Bakı da hazır olmalıdır

O anlamda ki, əgər rəsmi Kreml öz forpostunu müdafiə edib haqlı çıxarmasa, ona qarşı açıq şəkildə qınaq irəli sürsün və cəmiyyətdə anti-Rusiya ovqatını bir az da körükləsin. Eyni zamanda, Rusiya orbitindən uzaqlaşıb, Qərbə sarı getmək üçün yeni “kart-blanş”, motiv əldə etsin.

Yeri gəlmişkən, sərhəddəki son insidentə qədər düşmən ölkədə anti-Rusiya ovqatı hakimiyyətin yüngül əli ilə günbəgün güclənməkdə idi. Artıq Rusiya telekanallarının Ermənistanda yayımını qadağan edən qanun layihəsi də hazırlanıb, hansı ki, İrəvandakı Rusiya səfirliyinin sərt reaksiyasına səbəb olub.

Təsadüfi deyil ki, sərhəddəki qanlı hadisələr fonunda bu gün Ermənistan KTMT rəhbərliyinə müraciət edib. Xəbər verdiyimiz kimi, işğalçı ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyan KTMT baş katibi, Bakıda hərbi təhsil almış Stanislav Zasla telefonla danışıb. Söhbət zamanı o, KTMT baş katibinə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi barədə “ətraflı məlumat verib”, KTMT üzvü olan bir ölkəyə münasibətdə “bu cür hərəkətlərin yolverilməzliyini” söyləyib.

Yəni qabaqdan gəlmişlik. Çünki nə Azərbaycanın, nə də Türkiyənin Ermənistan ərazisini işğal etmək kimi bir hədəfi, planı var. Heç vaxt olmayıb. Bakı və Ankaranın tək hədəfi işğalçı qoşunların ərazimizdən rədd olub getməsi, ölkəmizin ərazi bütövlüyünün qeyd-şərtsiz təmin olunmasıdır.

Diqqətçəkicidir ki, artıq qardaş Türkiyə düşmən tərəfin son təxribatını qınayaraq “Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağını” bəyan edib, ölkəmizə açıq dəstək nümayiş etdirib.

İrəvanda onu da bilirlər ki, kasıb Ermənistan imkanlı və hərbi üstünlüyü şübhə doğurmayan Azərbaycanla hərb meydanında təkbaşına bacarmaq gücündə deyil. Odur ki, Rusiyanı hər vəchlə açıq münaqişəyə cəlb etməyə çalışırlar. Hədəf, həmçinin Qarabağ danışıqlarında mövqe üstünlüyü qazanıb diplomatik uğursuzluq zolağından çıxmaq, Moskvanın Bakı və Ankara ilə arasını vurmaqdır.

Ancaq əbəs yerə. İrəvan öz məkrli hədəflərinin heç birinə çata bilməyəcək.

Demək olar ki, həmin hədəflər indidən fiasko sayıla bilər. Birinci ona görə ki, ordumuz buna imkan vermir və verməyəcək. İkincisi, Bakı və Ankara ilə strateji tərəfdaşlıq münasibətlərində olan Moskva Paşinyan iqtidarının gerçək niyyətindən xəbərdardır. Hazırda pandemiyaya görə özü də mürəkkəb vəziyyətdə olan Rusiya ermənilərin absurd iddialarına görə bölgədə Türkiyə və Azərbaycan kimi tərəfdaş və vazkeçilməz ölkələri itirmək istəməz.

Nəhayət, erməni toplumu da baş verənlərin mahiyyətini, erməni tərəfinin böyük canlı və texniki itkilərini artıq bilir. Sosial şəbəkənin erməni seqmentində son insidentlə bağlı yer alan şərh və reaksiyalar qənaətimizi bir daha təsdiqləyir...

Siyasət şöbəsi,

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR