Slimfit
  1. GÜNDƏM

Ermənistan “Smerç”ə görə beynəlxalq aləmdən təcrid oluna bilər

Ermənistan “Smerç”ə görə beynəlxalq aləmdən təcrid oluna bilər
Sakura

Ermənistan “Smerç”ə görə beynəlxalq aləmdən təcrid oluna bilər

“Amnesty International” Beynəlxalq hüquq müdafiə təşkilatı ilk dəfə olaraq etiraf edib ki, Ermənistan silahlı qüvvələri dünyanın bir çox ölkələrində qadağan olunmuş kasetli döyüş sursatlarından istifadə edir. Bərdə şəhəri atəşə tutularkən seçimsiz təsir göstərən mərmilərdən istifadə edilməsi qeydə alınıb.

Modern.az xəbər verir ki, Rusiyanın “news.ru” nəşrində dərc edilmiş material bu barədədir. Materialda qeyd edilir ki, ilk növbədə, mülki əhali üçün təhlükəli silahdan istifadə edilməsi nəinki Qarabağ münaqişəsini insanlığa zidd hadisəyə çevirmək cəhdidir, həm də Ermənistanın resurslarının çatışmamasına dəlalət edir. Ermənistan əraziləri nəinki atəşə tutmağa, hətta minalamağa da hazırdır. Görünür, bu, Azərbaycan silahlı qüvvələrinin Qarabağın ən iri şəhərlərinə əhəmiyyətli dərəcədə yaxınlaşmasının nəticəsidir.

“Amnesty International”ın verdiyi məlumata görə oktyabrın sonlarında Azərbaycanın Bərdə şəhərində yaşayış məhəllələri atəşə tutularkən, Yerevan kasetli döyüş sursatlarından istifadə edib. Azərbaycan hökumətinin rəsmi məlumatına görə həmin hücum nəticəsində azı 21 nəfər öldürülüb, 70-dən çox adam yaralanıb.

Hüquq müdafiəçiləri amerikanın “Vice News” nəşrində dərc olunmuş fotoşəkilləri təhlil edərək 300 mm çaplı yaylım atəşli “Smerç” reaktiv sistemindən atılmış bir neçə mərminin düşməsi faktını təsdiq ediblər. Məsələn, 9H235 qəlpəli döyüş elementlərinin fraqmentləri tapılıb. Amnesty vurğulayır ki, bu mərmilər Ermənistan silahlı qüvvələri tərəfindən tətbiq edilib. Kasetli döyüş sursatının tətbiq edilməsini qəlpələrin düşdüyü yerdə əmələ gəlmiş çuxurların xüsusiyyətinə əsasən, atəşin istiqamətini isə daha kiçik çaplı mərmilərin baş hissələrinin, mühərriklərinin və arxa hissələrinin təhlili yolu ilə müəyyən etmək olar. Mərmilərin oriyentasiyası uçuşun trayektoriyasını göstərir.

Nəşrdə “Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari Strazersin sözlərinə istinad edilir. M. Strazers bu atəşləri şərh edərək deyib: “Kasetli döyüş sursatları ilə mülki ərazilərə atəş açılması ağılsız və qəddar hərəkətdir, bu, saysız-hesabsız ölüm, yaralanma və əzab-əziyyətə gətirib çıxarır. Kasetli döyüş sursatları mahiyyət etibarilə seçimsiz göstərən edən silahlardır və istənilən hallarda onlardan istifadə beynəlxalq humanitar hüquqa görə qadağandır”.

Müəyyən şəraitdə kasetli mərmilərin tətbiq edilməsi müharibə cinayəti sayıla bilər, çünki, bu mülki əhalinin təhlükəsizliyinə etinasızlığı sübut edir. Kasetli döyüş sursatları onlarca, hətta yüzlərcə kiçik ölçülü sursatlarla təchiz olunur. Bu sonuncular yaylım atəşli reaktiv sistemin və ya aviabombanın konteyner hissəsinə yerləşdirilir. Onlar müəyyən yüksəklikdə atılır, təqribən stadion ölçülü sahəyə təsir göstərir və nəzəri baxımdan kontakt zamanı işə düşür. Əslində isə atəş zamanı onların əksəriyyətində detonasiya baş vermir. Beləliklə, kiçik çaplı onlarca mərmi açılmamış qalır. Yaşayış sahələrinə kasetli döyüş sursatı atılması mahiyyət etibarilə həmin sahənin piyadalar əleyhinə kiçik minalarla əlavə minalanmasına bərabərdir.

“news.ru” nəşrində bildirilir ki, “Amnesty International” nəşrindəki material dərc ediləndən dərhal sonra Ermənistan özünün məsuliyyəti mövzusunu beynəlxalq gündəlikdən çıxarmağa çalışıb, Azərbaycan silahlı qüvvələrinə qarşı eyni ittihamı irəli sürüb. Məsələn, Yerevanın iddialarına görə guya Bakı oktyabrın 31-də səhər ağ fosforlu silahdan istifadə edib. Məlumdur ki, bu silahın tətbiq olunması Cenevrə konvensiyaları ilə qadağan edilib. Lakin, Yerevan hər hansı ağlabatan videosübutlar və ya heç olmasa fotosübutlar təqdim etməyib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi operativ surətdə cavab verib, bu ittihamları tamamilə əsassız adlandırıb. Nazirlik oktyabrın 31-də bu məsələyə aydınlıq gətirib: “Rəsmən bəyan edirik ki, Azərbaycan ordusunun təchizatında beynəlxalq hüquqla qadağan edilmiş silahlar və sursatlar yoxdur”.

Ermənistan silahlı qüvvələrinin seçimsiz təsir göstərən silahlardan istifadə etmək cəhdləri Bakıda müxtəlif səviyyələrdə dəfələrlə göstərilib. Məsələn, oktyabrın 10-da bildirilmişdi ki, Yerevan Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı kasetli döyüş sursatlarından və hətta içərisinə ağ fosfor doldurulmuş tüstülü mərmilərdən mülki obyektlərə qarşı istifadə edir. O vaxt Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə meneceri Elnur Qasımov bildirmişdi ki, oktyabrın 8-də Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında içərisinə ağ fosfor doldurulmuş mərmi aşkar edilib. Yevlax, Goranboy və Ağcabədi rayonlarında isə kasetli bombaların fraqmentləri tapılıb.

Beynəlxalq müşahidəçilər də müvafiq faktlar göstəriblər. Məsələn, oktyabrın 6-da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) sədri Georgi Sereteli qadağan olunmuş kasetli bombaların tətbiq edilməsi barədə bəyanatla çıxış edib. G.Sereteli diqqətə çatdırıb ki, ATƏT PA 2008-ci ildə qətnamə qəbul edərək ATƏT iştirakçıları olan bütün ölkələri “kasetli döyüş sursatlarının istifadəsini, hazırlanmasını, istehsalını, alınmasını, toplanmasını, saxlanmasını və ya verilməsini qadağan etməyə” çağırıb.

Doğrudur, üzv ölkələrin heç də hamısı kasetli döyüş sursatları barəsində 2010-cu ildə qüvvəyə minmiş Oslo konvensiyasını imzalamayıb, lakin, ATƏT-in qətnaməsinə əsasən kasetli mərmilərdən istifadə edilməsi müharibə qanunlarının və adətlərinin pozulmasıdır. Xüsusən ona görə ki, yalnız yüksək texnologiyalara malik olan dövlətlər əlahiddə hədəfin məhv edilməsi üçün nəzərdə tutulan, elektron özünüməhvetmə və özünüdeaktivləşdirmə mexanizmləri ilə təchiz olunmuş müasir kasetli döyüş sursatlarının tətbiq olunmasını özlərinə rəva görə bilər.

Təbii ki, silahları yalnız kredit xətti ilə alan və silah ehtiyatları kimi əsasən sovet sistemlərini və sursatlarını saxlayan Ermənistanın arsenalında müasir mərmilər yoxdur. Buna görə də kasetli döyüş sursatlarının tətbiq edilməsi Yerevanın emosiyaya qapılaraq “qırmızı xətti” keçməsini sübut edir. Görünür, Yerevan beləliklə qarşı tərəfi və mülki əhalini vahiməyə salmaq istəyir. Yerevanın belə addımını onunla izah etmək olar ki, Azərbaycan silahlı qüvvələri “yerdə” uğurlu əks-hücum keçirir, İran ilə sərhədi öz nəzarətinə götürüb və Dağlıq Qarabağın ikinci böyük şəhəri olan Şuşaya lap yaxınlaşıb. Şuşa strateji əhəmiyyətli məkandır, çünki, Stepanakertdən (Xankəndi) cəmi bir neçə kilometr aralıda, yüksəklikdə yerləşir. Bu o deməkdir ki, Şuşa götürüləndən sonra Stepanakertin müdafiəsinin yarılması bir neçə günün məsələsidir.

Bundan əlavə, Yerevanın seçimsiz təsir göstərən silahdan Azərbaycan şəhərlərinin mülki əhalisinə qarşı istifadə etmək cəhdləri onun münaqişəni davam etdirmək üçün resurslarının tükənməsinə dəlalət edə bilər. Hərçənd, Ermənistan rəhbərliyinin bundan sonra hər hansı beynəlxalq yardım akkumulyasiya edə biləcəyi şübhə doğurur. Konvensiyanı imzalamış və ya özlərinin silah arsenalında müharibə aparmağın müasir vasitələri olan xarici vasitəçilərlə söhbət zamanı köhnəlmiş kasetli döyüş sursatlarının tətbiq olunmasını izah etmək çətindir (Azərtac).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR