Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb
Biz müasir Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilmərik. Keçmiş və hazırkı erməni faşistlərinin bir məqsəd birləşdirir: dünyada bütün türk aləmini məhv etmək. Onlar bunu gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc olunmuş faşist proqramları, müxtəlif məqalələr buna sübutdur.
Trend-in məlumatına görə, bunu polkovnik, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov deyib.
Qeyd edək ki, bu məsələ oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında da qaldırılıb. Dövlət başçısı öz çıxışında Ermənistanın indiki hökumətini faşist əlaltısı Qaregin Njdenin İrəvanın mərkəzində ucaldılmış abidəsini götürməyə, bununla da MDB ərazisini 20 milyon insanın ölümünə səbəb olmuş faşizm ləkəsindən təmizləməyə çağırıb. Bu, həm də Ermənistan hökumətinə faşizmə qarşı mübarizə aparmış öz xalqına hörmət etmək, eyni zamanda, erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısını almaq barədə çağırış idi.
C.Xəlilov deyib ki, uzaq 1878-ci ildə İsveçrədə "Qnçaq" adlı erməni millətçi təşkilatı yaradılıb. Bu partiyanın proqramında yazılmışdı: "Bütün şəraitlərdə türkləri və kürdləri qətlə yetirmək".
1890-cı ildə Tiflisdə "Daşnaksütyun" adlı daha bir millətçi erməni təşkilatı yaradıldı. Hər iki təşkilat həmin vaxt "böyük dövlətlər" tərəfindən dəstəklənirdi. Onlar hesab edirdilər ki, erməni təşkilatlarının köməyi ilə Osmanlı İmperiyasının dayaqlarını sarsıda biləcəklər.
C.Xəlilov əlavə edib: "Erməni faşizminin təşəkkülündə erməni kilsəsi də gizli rol oynayıb. Bu kilsə "ermənilərin müstəsnalığı" ehkamını durmadan təlqin edirdi. Milli müstəsnalıq haqqında yanlış etiqad milli əlamətlər üzrə sosial ədalətsizliyə gətirib çıxarır".
Onun sözlərinə görə, erməni faşistlərinin Azərbaycan əhalisinə qarşı cinayətləri xüsusi qəddarlıqla seçilirdi. Polkovnik qeyd edib: "Burada onlar yandırılmış torpaqlar və əhalinin məhv edilməsi taktikasını həyata keçirirdilər. Bu cinayətlər XX əsrin əvvəlində (1905, 1914, 1915, 1918-ci illər) Azərbaycanın müxtəlif regionlarında törədilib. Bizim nəslin gözü qabağında 1992-ci ildə erməni qoşunları Azərbaycanın Xocalı şəhərini ələ keçirib və onun bütün sakinlərini məhv ediblər. İnsanlığa qarşı törədilmiş bu soyqırımı aktı birbaşa Serj Sarkisyanın rəhbərliyi altında həyata keçirilib. O, müsahibələrinin birində bu barədə deyirdi: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik".
Ötən əsrin 40-cı illərinin sonunda yüz minlərlə azərbaycanlının Ermənistandan zorla Azərbaycana köçürülməsini də nəzərə alsaq, demək olar ki, bütün XX əsr boyu erməni faşistləri Azərbaycan xalqına işgəncə verib, geniş əraziləri zəbt edib, maddi və mənəvi dəyərləri mənimsəyiblər. Bütün bunlar cəzasız qalıb və onlar hərəkətlərinə görə cavab verməyiblər.
Bu cinayətlərin fonunda ermənilərin dünya ictimaiyyəti qarşısında əzabkeş, qədim nəcib xalqın nümayəndələri kimi dayanması da paradoksaldır. Öz diasporunun usanmaz informasiya fəaliyyəti nəticəsində Avropa, həm də Rusiyada ermənilər mələk, türklər və azərbaycanlılar isə qatil şəkilində təqdim olunublar.
Erməni siyasi partiyalarının proqramı, kütləvi kommunikasiya vasitələri, o cümlədən kilsə nəşrləri dünyada antitürk, antiazərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır, ictimai fikirdə erməni millətinin müstəsnalığı barədə fikir yaratmaq istəyir, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyanın cənub regionları və Ukraynaya qarşı ərazi iddialarına bəraət qazandırmağa səy göstərirlər.
Demək lazımdır ki, bir sıra erməni siyasətçilər yaxalarını faşizm ideologiyasından kənara çəkməyə cəhd edirlər. Belə ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan digər sabiq prezident Serj Sarkisyanın və Ermənistanın Respublikaçılar Partiyasının Qaregin Njdenin neonasist təliminə söykəndiklərini sübut edən bir sıra materiallar dərc etdirib.
C.Xəlilov vurğulayıb ki, bir zaman Qaregin Njdenin qurbanları sırasında Zəngəzur dağlarında həlak olmuş on minlərlə azərbaycanlı da olub. O deyib: "Sonradan o Avropaya yollandı, Hitlerin etimadını qazandı və onun xüsusi himayəsindən istifadə etdi. 1948-ci ildə Njde hərbi cani kimi 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir sentralında ölüb. İndi Ermənistan hökuməti Qaregin Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət