Slimfit
  1. AZƏRBAYCANLI

Ermənistan Fransada bu azərbaycanlının tanınmasından niyə qorxur?

Ermənistan Fransada bu azərbaycanlının tanınmasından niyə qorxur?
Sakura

Vikipediya məlumatları sildirdi

Son bir neçə aydır ki, Fransanın Milli Qəhrəmanı adını qazanmış Əhmədiyyə Cəbrayılovun fransız və rus  dillərində olan  bütün  vikipediya məlumatları  silinib. Səbəb  olaraq qaynaq  yetərsizliyi  göstərilir...

Azərbaycan-Fransa münasibətlərindən danışarkən xronoloji ardıcıllığı dəqiqliklə izləmək mümkün deyil.

Amma, hər halda, Aleksandr Dümanın adını çəkməklə vicdanımın səsinə qulaq asmaq istəyirəm. Düma “Qafqaz səfəri” adlı əsərinin böyük bir hissəsini Azərbaycana həsr edib. Hətta, əsərin vətənimizə aid olmayan hissələrində də tez-tez xalqımızın adət-ənənələrindən, yurdumuzun gözəlliyindən söz açır. Düzdür, XIX əsrdə işlənən terminə görə Düma azərbaycanlıları “tatar” adlandırıb.
Yenə də bu termin onun Azərbaycana və babalarımıza olan heyranlığına kölgə salmır. O, yazır: "Bakı - küləklər məskəni" deməkdir. Avropada buna bənzər şəhər yoxdur. Torpağına, dənizinə, tikililərinə, istehsalına, balıqlarına, meşə heyvanlarına, həşəratlarına, sürünənlərinə, relyefinə görə Bakı Asiya şəhəridir..."
 
Aleksandr Düma sözügedən əsərində yazırdı: “Ermənilər xain, hiyləgər, həm də qorxaq millətdirlər”.
 
Daha bir fransız yazıçı, ədəbiyyatda elmi fantastik janrın atalarından hesab olunan Jül Vernin “Klodius Bombarnak” əsərində də Bakı və Xəzər dənizi ustalıqla təsvir edilib.
 
Qafqaz günləri...
 
Bundan əlavə, məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu Baninin “Qafqaz günləri” əsərində də fransız oxucular Azərbaycan haqqında dolğun məlumat ala biliblər.
AXC-nin Fransa ilə əlaqələri
 
Siyasi müstəvidə münasibətlərdən danışanda isə Azərbaycan Xalq Cümhuriyyətinin Fransa ilə qurduğu əlaqələri xatırladım. Mənbələrə görə, AXC dövründə Bakıda Vodovoznaya küçəsində Fransa nümayəndəliyi yerləşib. 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edib və Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb. Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilən Cümhuriyyət tələbələrinin bir qismi Fransa universitetlərində təhsil alıb. Maraqlı faktlardan biri də odur ki, cümhuriyyətin 500 manatlıq əsginaslarının üzərində Respublikanın və nominalın adları Azərbaycan və rus dilləri ilə yanaşı fransız dilində də yazılıb.
Fransaya “vizit kartımız” Əhmədiyyə Cəbrayılov
 
II Dünya Müharibəsi zamanı isə Əhmədiyyə Cəbrayılov Fransaya Azərbaycanı bir daha xatırladıb.
 
Şəki rayonunun Oxud kəndində anadan olan Əhmədiyyə Cəbrayılov müharibə illərində Fransa Müqavimət hərəkatının iştirakçısı olub. O, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"ı ilə təltif olunub. Hətta, 1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirir. Cəbrayılov Moskvaya çağırılır, görüş baş tutur. Məhz bu görüşdən sonra, 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və Cəbrayılov bəraət alır.
 
1972, 1975, 1982-ci illərdə o, Fransaya səfər edir, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı Əhmədiyyə Cəbrayılov Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.
 
1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür - Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr edilən mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü ilin 6 yanvarında Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.
 
1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə qəhrəmana fəxri təqaüd və xatirə medalları göndərir.
 
1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir.
 
Müstəqillik dönəmində də Fransa ilə münasibətlər səngimədi
Ölkəmiz yenidən müstəqillik qazanandan sonra iki ölkə arasındakı münasibətlər bərpa edilib. 3 yanvar 1992-ci ildə Fransa Azərbaycanın müstəqilliyini tanıyıb. Buna baxmayaraq, Fransanın Ermənistanla yaxın dostluq əlaqələri Azərbaycanla Fransanın yaxınlaşmasına imkan vermirdi. Ona görə də, Heydər Əliyev pezident kimi ilk rəsmi səfərini 19-¬22 dekabr 1993-¬cü il tarixindә Fransaya edib. Həmin səfər çərçivəsində “Azәrbaycan Respublikası ilә Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma vә әmәkdaşlıq haqqında” müqavilә imzalanıb. Prezident Heydәr Әliyev burada eyni zamanda, ATӘM-¬in (indiki ATӘT) әsas sәnәdlәrindәn biri olan "Yeni Avropa üçün Paris xartiyası"na Azәrbaycanın qoşulması barәdә sәnәdә dә imza atıb. 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda, 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılıb.
 
Prezident İlham Əliyev də dəfələrlə Fransaya rəsmi səfər edib. 2004-cü ilin yanvarında və sentyabrında, 2007-ci ilin yanvarında baş tutan səfərlərdən əlavə, 28-30 may 2006-cı ildə İlham Əliyev NATO-nun Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Fransaya işgüzar səfər edib.
 
Hazırda Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu var. Azərbaycanda Fransız İnstitutu 2005-ci ildən, Bakı Fransız Liseyi 2011-ci ildən, Azərbaycan-Fransız Universiteti isə 2015-ci ildən fəaliyyət göstərir. 2007-ci ilin iyul ayından Azərbaycanda "Le Carrefour" adlı fransız dilində qəzet nəşr olunur. Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində Çərçivə Sazişi imzalanıb.
 
2013-cü ildə üzərində Heydər Əliyevlə Jak Şirakın rəsmi olan poçt markası hazırlanıb.
 
Amma, bütün bu sadalananlara baxmayaraq, bugünkü fransızlar ermənilərin Qarabağ münaqişəsində “haqlı” olduğuna daha çox inanır. Erməni lobbisinin Fransadakı fəaliyyəti sadə fransızlarla yanaşı, bəzi siyasət fiqurlarını da tarixi duman arxasından görməyə məcbur edir.
 
Fransızlar atalarının kitabını oxumurlar
 
Yuxarıda qeyd etdiyim kimi - cəmi iki əsr əvvəl, Aleksandr Düma yuxarıda bəhs etdiyim əsərində yazırdı: “Ermənilər xain, hiyləgər, həm də qorxaq millətdirlər”.
 
Fransız səyyahı Qraf de-Solye də ermənilər haqqında mənfi fikirdə olub: "... mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrəncdir, alçaldıqları olduqca dözülməzdir, əclaflıqları olduqca təəccübləndiricidir”.
 
Görünür, fransızlar bu gün atalarının, babalarının sevdiyi kitabları nəinki oxumur, heç xatırlamaq belə istəmirlər. Yoxsa, ötən əsrdə hər fürsətdə minnətdarlıqlarını göstərməyə çalışdıqları Əhmədiyyə Cəbrayılov haqqındakı məlumat vikipediyada fransız dilində də olardı. ...Və onlar ermənilərin iç üzünü çoxdan tanımalıydılar.
 
Daha bir maraqlı məqam da Banin haqqındakı vikipediya məlumatıdır. Belə ki, Ümbülbanu Azərbaycan dilindəki viki məlumatda “Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı” adlandırılsa da, türk və rus dillərində “Azərbaycan əsilli fransız yazıçı” kimi qeyd olunub. ...Və bu məlumat Baninin fransız dilindəki viki məlumatından çevrilib. Maraqlıdır deyilmi? Banini özlərinə aid edən fransızlar Dümanın və Qraf de-Solyenin sözlərinə məhəl qoymur, tarix oxumağı xoşlamır, Əhmədiyyə Cəbrayılov haqqında elektron məlumatı öz dillərində hazırlamır, amma ermənilərin yalanlarına gözüyumulu inanırlar.
 
Bir jurnalist kimi düşünürəm ki, Azərbaycanı və azərbaycanlıları fransızlara yenidən təqdim etməyə ehtiyac var. Yenə də ədəbiyyatla, rəsmlə, Dümanın haqqında danışmaqdan doymadığı zəngin mətbəxlə, və ən əsası, milli qeyrətimizlə, dostluqdakı sədaqətimizlə, qonaqpərvərliyimizlə, əzmkarlığımız və mərdliyimizlə...
Elə Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşez də bunlar haqda düşünməyi təklif etmək olar.
Beləcə, onlar da ermənilərin yalanlarının arxasındakı əsl həqiqəti görməkdə gecikməzlər...
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR