Ermənilərin Gəncəyə dördüncü raket hücumundan 3 il ötür
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.
Ens.az Trend -ə istinadən xəbər verir ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzü nəticəsində ötən il 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Ermənistanın bu qanlı hücumu nəticəsində şəhid olanlar və yaralananlar arasında uşaqlar və qadınlar da olub.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
1973-cü il təvəllüdlü Harutyunyan Arayik Azərbaycan ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasında təqsirləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət