Ermənilər Trampa hücum edir: Bakının mövqeyi... - Politoloq
ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ separatçılarına yardımı kəsməsi iki qüvvəni – Vaşinqtondakı Erməni Milli Komitəsini və Konqresdəki ermənipərəstləri hərəkətə gətirib.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu iki qüvvə güclərini birləşdirərək Donald Trampa təzyiqi artırıblar ki, Ağ Ev erməni separatçılarına maliyyəni kəsməsin:
“Erməni separatçıları illərdir fəxrlə deyirdilər ki, Dağlıq Qarabağ ABŞ-ın maliyyə ayırdığı yeganə “tanınmayan bölgədir”. İndi bu “statusdan” məhrum olmağa yaxın olan separatçılar bütün güclərini Ağ Evin qərarına qarşı səfərbər edirlər.
Tramp tərs prezidentdir və adətən dediyini və planlaşdırdığını edir. Ağ Ev sahibi heç kimə müftə pul paylamır. Ancaq Trampa tam arxayın olmağa da dəyməz. Vaşinqtondakı bütün ermənipərəstlərin səyi nəticəsində Trampa erməni separatçılarına yardımın dayandırılmasına görə etiraz edən konqresmenlərin sayı bir həftənin içərisində 89-dan 105-ə çatıb.
Beləliklə, ermənipərəstlərin Ağ Evə və Dövlət Departamentinə təzyiqi artır. Biz buna seyrçi qalmamalıyıq. Əlbəttə, erməni lobbisinin ABŞ-da və Konqresdəki gücü bəllidir. Buna baxmayaraq, ümid edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Vaşinqtondakı səfirliyimizlə birgə nəsə planı var. Ağ Evin hazırkı sahibi və Dövlət Departamenti Azərbaycanın ABŞ üçün Ermənistandan daha dəyərli olduğunu bilir. Sadəcə, bu dəyəri imkan daxilində onların beyinlərində gücləndirmək lazımdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət