Slimfit
  1. MEDİA

Ermənilər Gürcüstan sərhədində buraxılış məntəqəsini hansı məqsədlə açır?

Ermənilər Gürcüstan sərhədində buraxılış məntəqəsini hansı məqsədlə açır?
Sakura

Ermənilər Gürcüstan sərhədində buraxılış məntəqəsini hansı məqsədlə açır?

Sputnik Gürcüstan [1] informasiya agentliyinin 2020-ci ilin noyabrın 29-da Sputnik Ermənistan [2] informasiya agentliyinə istinadən verdiyi məlumata əsasən, Ermənistanın Gürcüstandakı səfirliyi yükdaşıyanlara, iki ölkə arasındakı sərhəddə ikinci buraxılış məntəqəsinin açılması barədə xəbərdarlıq etmişdir. Dekabrın 1-dən etibarən Ermənistan-Gürcüstan sərhədində Baqrataşen-Sadaxlo və Qoqavan-Ququti nəzarət-buraxılış məntəqələrinin yük avtomobillərinin keçidi üçün açıq olacağı bildirilmişdir. Ermənistanın Gürcüstandakı səfirliyi, Bavra-Ninotsminda nəzarət-buraxılış məntəqəsinin öz işini gecə-gündüz davam etdirəcəyini bildirmişdir.

       Gürcüstanla Ermənistan arasındakı sərnişin daşımaları martın 13-dən [3] etibarən dayandırılmışdır ki, buna da səbəb hər iki ölkədə koronavirusa qarşı mübarizə aparmaq üçün fövqəladə vəziyyətin elan olunması idi. Qeyd etmək lazımdır ki, İrəvandan (Noemberyan və İcevan vasitəsilə) Baqrataşenə gedən yolun ayrı-ayrı hissələri məhz Azərbaycan sərhədinin yaxınlığından keçir ki, ermənilər də bu yoldan sırf təxribat törətmək məqsədilə istifadə etməyə çalışırlar. Bu məqamda xatırlatmaq istəyirik ki, ermənilərin buna oxşar təxribat xarakterli cəhdlərinin qarşısı daha əvvəl Gürcüstan hökuməti tərəfindən alınmışdı. Belə ki, sentyabrın 27-də [4] İkinci Qarabağ müharibəsinin başlanğıcı zamanı ermənilərə Gürcüstan vasitəsilə hərbi yardım göstərilməsinin qarşısı qətiyyətlə alınmışdı. Bununla yanaşı, Gürcüstan sərhədçiləri oktyabrın 10-da [5] Gürcüstan vasitəsilə Ermənistana silah gətirməyə çalışan yük maşınını saxlamışlar. Bu zaman Gürcüstan sərhədçilərinin sayəsində, Ermənistanın “Spayka” nəqliyyat şirkətinə məxsus həmin yük avtomobilinin içərisində silahların gizlədildiyi aşkar olunmuşdur.

       Qeyd etmək lazımdır ki, Paşinyanın hərbi yardıma dair ümidləri özünü doğrultmadı. Heç bir siyasi biliyi olmayan Paşinyanın hakimiyyəti İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın biabırçı şəkildə məğlubiyyətinə gətirib çıxardı. Heç bir qərarında erməni xalqı ilə hesablaşmayan Paşinyanın siyasəti sonunda Ermənistana ağır zərbə vurdu. Paşinyan acizanə şəkildə noyabrın 10-da Dağlıq Qarabağla bağlı imzalanan bəyanatı qəbul etmək məcburiyyətində qaldı ki, bu da faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir. Bunun nəticəsidir ki, Paşinyanın əleyhinə Ermənistanda günü-gündən etiraz aksiyaları artmağa davam edir. Belə ki, noyabrın 11-də [6] İrəvandakı hökumət binasının qarşısına bir neçə min adam toplaşaraq Paşinyanın istefasını tələb etmiş, həmin bina isə polislər tərəfindən müdafiə olunmuşdur. Qeyd etmək lazımdır ki, bundan əvvəl “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan aksiya iştirakçılarını hökumətin binasına getmək üçün çağırmış və fikrini bu cür bildirmişdir: “Paşinyan qaçıb gizləndiyi üçün onun hansı bunkerdə, zirzəmidə və ya səfirlikdə olduğu məlum deyildir, biz indi də fəaliyyəti olmayan hökumət binasına yürüş edirik”. Onu da qeyd etmək lazımdır ki, bu zaman Ermənistan KİV-ləri Paşinyanı müdafiə etmək məqsədilə erməni xalqını aldadaraq guya onun və ailəsinin Ermənistanda olmadığına dair dezinformasiyalar yaymışlar. Noyabrın 12-də [7] Ermənistandakı müxalifət liderləri – “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan; “Daşnaksütyun” partiyasının nümayəndəsi, “Yerkir Media” telekanalının rəhbəri Qeqam Manukyan, “Respublika” partiyasının rəhbərinin müavini Eduard Şarmazanov, Suren Surenyants, David Ambartsumyan, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan və onun müavini Ara Saakyan, “Milli təhlükəsizlik” partiyasının rəhbəri Qarnik İsaqulyan, “Bir Ermənistan” partiyasının rəhbəri Artur Kazinyan, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan, Vaaqn Çaxalyan, Qraçya Qukasyan ittiham olunaraq saxlanılmışlar. Bu məqamdan göründüyü kimi Ermənistandakı partiyaların liderləri Paşinyanın məğlubiyyətini görərək onun istefasını tələb etdiklərinə görə həbs olunmuşlar. Qeyd etmək lazımdır ki, hakim partiyadan olan deputatların olmadığına görə digər partiyaların nümayəndələri tərəfindən parlamentdə baş nazirin istefası ilə bağlı növbədənkənar iclasın keçirilməsinə nail olunmamışdır. Belə ki, “Parlaq Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan [7] Ermənistanın hakim qüvvəsinin hakimiyyətdən imtina etdiyini bildirmişdir. Marukyan öz feysbuk səhifəsində belə qeyd edir: ““Mənim addımım” fraksiyası, parlamentin əksər hissəsi kimi hakimiyyətdən imtina edir. Deməli, hazırda Ermənistanda hakimiyyət yoxdur”. Bununla yanaşı, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” [7] öz bəyanatında qeyd edir ki, “hazırkı hökumət Ermənistana nə qədər dəhşətli fəlakət gətirdiyini başa düşmür”. “Erməni Milli Konqresi”nin bəyanatında həmçinin bildirilir ki, “hakimiyyət Ermənistandakı daxili siyasi böhrandan çıxmaq üçün konstitusiya yolunu qəti şəkildə rədd edir, qarşıdurmanın dərinləşməsinə dair mövqeyini ortaya qoyur ki, bu da demokratiya və parlamentarizm prinsiplərinin kobud şəkildə pozulmasından başqa bir şey deyildir”. Qeyd edək ki, bu baxımdan noyabrın 20-də [8] İrəvanda Paşinyanın istefasını tələb edən 85 aksiya iştirakçısının polis tərəfindən saxlanılması, Ermənistanda demokratiyanın, söz azadlığının və insan hüquqlarının olmamasını bir daha sübut edir. 

      Qeyd etmək lazımdır ki, Ermənistanda 6 nazir [9] Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın qəbul olunmasından istefa vermişdir. Yaranmış ağır vəziyyətdən çıxış yolunu axtaran Paşinyanın təklifi əsasında Ermənistanın prezidenti - Xarici İşlər Naziri Zoqrab Mnatsakayanı, Müdafiə Naziri David Tonoyanı, Fövqəladə Hallar Naziri Feliks Tsolakyanı, Əmək və Sosial Məsələlər Naziri Zarui Batoyanı, eləcə də Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Araik Arutyunyanı vəzifələrindən azad etmişdir. Bununla yanaşı, Ermənistanın İqtisadiyyat Naziri [9] Tiqran Xaçatryan da istefa vermişdir. Lakin bu hələ vəziyyətdən çıxış yolu demək deyildir, çünki erməni xalqının rüsvay olmasında başlıca günahkar Paşinyandır və heç şübhəsiz ki, eyni aqibət onu da gözləyir.

      Onu da qeyd etmək lazımdır ki, “erməni tarixçiləri” saxtakarlıqla qədim alban kilsələrini erməniləşdirir, həmin kilsələrə öz yazılarını əlavə edir və beləliklə də bu kilsələri özünküləşdirirlər. Buna misal olaraq 1830-cu ildə ləğv olunan alban kilsəsinin bütün mülkiyyətinin necə Qriqorian kilsəsi tərəfindən mənimsənilməsini göstərmək olar. Bununla yanaşı, AMEA-nın prezidenti, hörmətli akademikimiz Ramiz Mehdiyev “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” [10] adlı əsərində, Qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən siyasətinin köklərinin uzaq keçmişə gedib çıxdığını qeyd edir ki, burada da məqsəd Azərbaycan və Türkiyə torpaqlarının hesabına “Böyük Ermənistan”ı yaratmaqdan ibarət olmuşdur. Artıq Ermənistanın tarixi abidələrimizi saxtalaşdırma cəhdlərinin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınır. Möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi [11] həm kilsələr, həm də məscidlər bizim tarixi sərvətimizdir.

      Bu gün Ermənistanın tamamilə məğlub olması və Dağlıq Qarabağın işğaldan azad olunması möhtərəm Prezidentimiz İlham Əliyevin həm hərbi, həm də ki diplomatik qələbəsinin nəticəsidir. Məhz şanlı tariximizə həkk olunan İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun sayəsində düşmənin hərbi texnikası tamamilə məhv olundu. Azərbaycan XXI əsrin müharibəsini apardı ki, bunun nəticəsində də qısa müddət ərzində tarixi nailiyyətlər əldə olundu. Artıq hər kəs Azərbaycan xalqının necə mübariz xalq olduğunu görür. Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazandıq. Döyüş meydanında əldə olunan qələbə imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan işğaldan azad olunsun. Bu baxımdan Dağlıq Qarabağla bağlı noyabrın 10-da imzalanan üçtərəfli bəyanat regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün mühüm əhəmiyyət kəsb edir. ATƏT-in Minsk qrupunun nümayəndələrinin gec də olsa bu bəyanata müsbət şəkildə yanaşması regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması baxımından vacibdir. Azərbaycan xalqı artıq öz torpaqlarına qayıtmağın sevincini yaşayır ki, bu da böyük tarixi qələbəmizdir. 

Ədəbiyyat siyahısı:

1.     КПП на грузино-армянской границе возобновляет работу /29.11.2020/ https://sputnik-georgia.ru/caucasus/20201129/250196175/KPP-na-gruzino-armyanskoy-granitse-vozobnovlyaet-rabotu.html

2.     На границе Армении и Грузии откроется второй КПП для большегрузов /28.11.2020/ https://ru.armeniasputnik.am/society/20201128/25531006/Na-granitse-Armenii-i-Gruzii-otkroetsya-vtoroy-KPP-dlya-bolshegruzov.html?fbclid=IwAR2SuU37kC8WMIjfwATM0Q6QzIz7bCWD4DM5PsaNpU0Vw9I29fBUHnaqV8E&_ga=2.66797166.1173835084.1606611992-1416809754.1600799186

3.     Армения и Грузия закрыли границу между собой: остались только грузоперевозки /13.03.2020/ https://rusarminfo.ru/2020/03/13/armeniya-i-gruziya-zakryli-granicu-mezhdu-soboj-ostalis-tolko-gruzoperevozki/

4.     Грузия запретила с самого начала войны в Карабахе: Мамрадзе о транзите военных грузов /27.10.2020/ https://ru.armeniasputnik.am/radio/20201027/25082084/Gruziya-zapretila-s-samogo-nachala-voyny-v-Karabakhe-Mamradze-o-tranzite-voennykh-gruzov.html 

5.     В Грузии задержали грузовик с военным грузом для Армении /10.10.2020/ https://haqqin.az/news/191279

6.     У здания правительства Армении собрались несколько тысяч протестующих /11.11.2020/ https://www.interfax.ru/world/736620

7.     После протестов в Ереване задержали 10 оппозиционных лидеров /12.11.2020/ https://www.interfax.ru/world/736748

8.     В Армении задержали 85 протестующих, требующих отставки Пашиняна /20.11.2020/ https://www.gazeta.ru/social/news/2020/11/20/n_15254953.shtml?utm_source=yxnews&utm_medium=desktop

9.     Половина кабмина Армении подала в отставку /24.11.2020/

https://www.gazeta.ru/politics/news/2020/11/24/n_15271621.shtml  

1.10. Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi" kitabı çapdan çıxıb /19.11.2018/ https://news.milli.az/country/705311.html

11.  Prezident İlham Əliyev: Kəlbəcərin tarixi abidələri - həm məscidlər, həm kilsələr bizim böyük sərvətimizdir /25.11.2020/

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Kelbecerin_tarixi_abideleri___hem_mescidler_hem_kilseler_bizim_boyuk_servetimizdir-1650461

 

 

 

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

E–mail: kamalsalayev1988@gmail.com

Tel: 055-901-64-55

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR