Erməni idmançını məğlub edən çempionumuzun atası danışdı
Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən II Avropa Oyunlarının cüdo yarışmasında həmyerlimiz Hidayət Heydərov adını qaliblər sırasına yazdırıb.
Azərbaycan təmsilçisi 73 kiloqram çəkidə II Avropa Oyunlarının üçüncüsü olub. Keçirdiyi 6 qarşılaşmanın 5-də qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, Musavat.com-a danışan Hidayət Heydərovun atası Minayət Heydərov oğlunun qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb: “Hidayət 73 kiloqram çəkidə yarışa çıxmalı olduğundan qısa zamanda 80 kiloqramdan düşməli idi. Bakıdan gedəndə 80 kiloqram idi, yarışa az qaldığından 7 kiloqram arıqlamaq lazım idi. Çox çətinliklə həmin çəkiyə düşə bildi. Bu da ona çox pis təsir göstərmişdi. Buna baxmayaraq, ilk görüşdə düyna ikincisi, təcrübəli macarıstanlı idmançıya qalib gəldi. İkinci qarşılaşması İsrail idmançısı ilə oldu. Ona da asanlıqla qalib gəldi. Üçüncü görüşdə Yunanıstan idmançısı ilə qarşılaşan Hidayət gözlənilməz məğlubiyyət yaşadı. Halbuki bu idmançını bir həftə əvvəl Çində keçirilən yarışmada məğlub etmişdi. Bir qədər şans məsələsi də var. Dördüncü görüşdə isə erməni idmançı Karapetyanla qarşılaşdı. Bu idmançı kifayət qədər təcrübəli idi. Ancaq Hidayət iradə və gücünü ortaya qoyaraq erməni idmançısı məğlub etdi. Erməni idmançı məğlubiyyətdən qaçmaq üçün tatamidən qaçırdı. Bir neçə epizodda kürəyi yerə dəyməsin deyə, özünü Hidayətin ayaqları altında atırdı. Hakimlərin 3-cü xəbərdarlığından sonra texniki məğlubiyyətlə canını yaxşı qurtardı. Daha sonra oğlum olimpiya çempionu Gürcüstan təmsilçisi Laşa Şatuandaşvili ilə görüşdü. Ona isə 51 saniyə içində “İppon”la qalib gələrək bürünc medal qazandı”.
Hidayət Heydərovun atası
Minayət Heydərov oğlunun bürünc medaldan o qədər də məmnun olmadığını bildirdi: “Düzdür, bu cür güclüllərin olduğu yarışmada oğlumun qaliblər sırasında olmağı mənim üçün çox sevindiricidir. Lakin Hidayət bunu qəbul edə bilmir (gülür), özünü daha yaxşı yerə layiq görür. Əslində bu cür düşünməsi yaxşıdır. Avqust ayında dünya çempionatı gəlir. Daha yaxşı nəticələr əldə edəcəyinə inanıram”.
M. Heydərov bildirdi ki, Azərbaycan bayrağının dünya ölkələrində dalğalanmasının başlıca səbəbi ölkə başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğının nəticəsidir: “Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanı təmsil edən idmançılarımız qızıl medal qazanıblar. Bu uğurlar hamımızın qələbəsidir, fəxridir. Ölkə başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğıdan və diqqətdən irəli gəlir. İdmançıların məişət qayğıları belə dövlət başçısı tərəfindən həll olunur. İki il öncə beynəlxalq yarışda qazandığı qələbəyə görə, prezident oğluma da ev bağışladı. Bu diqqətinə görə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Hidayət Heydərov iki dəfə yeniyetmələr arasında (17-19 yaş)Avropa çempionu, iki dəfə gənclər (19-23 yaş)arasında Avropa Çempionu, 19 yaşında ikən professional tatamidə Avropa çempionu, 2018-ci ildə Avopa ikincisi, bu il isə Avropa ikincisi və İslam Oyunlarının qalibi olub.
İdmançımıza uğurular arzulayırıq!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət