Erkən nikah problemi – Mütəxəssislər nə deyir?
Hazırda dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məlumat üçün deyək ki, erkən nikah, yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşdirilmiş son həddir.
Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 -cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evli və ya ruhi xəstə olduğu halda nikaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.
Təəssüf ki, erkən nikah problemi Azərbaycan üçün də aktualdır. Bu məsələ xüsusən ölkəmizin bölgələrində özünü daha qabarıq şəkildə göstərir.
Erkən nikahların ölkənin bütün rayonları üçün ciddi problem olduğunu vurğulayan sosioloq Cavid İmamoğlunun sözlərinə görə, respublikanın hər yerində erkən nikah qurbanlarına rast gəlmək olur. Buna səbəb isə Azərbaycanın adət-ənənələri və mentalitet sistemidir:
“Erkən nikahlara qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, əksər valideynlər qızlarının erkən evlənməsinin tərəfdarıdır. Əgər valideynlər başa düşsələr ki, erkən nikah övladları üçün ciddi mənəvi-psixoloji problemlər yaradır, bəlkə də bu addımı atmazlar. Biz ağsaqqalları və ziyalıları prosesə cəlb etməklə valideynlər arasında maarifləndirmə tədbirləri keçirməli və erkən nikahların fəsadları faktlarla onlara izah edilməlidir”.
Psixoloq Azad İsazadə isə erkən nikahların psixoloji baxımdan hansı fəsadlar törədəcəyindən söhbət açıb. Onun sözlərinə görə, insan fizioloji, bioloji daha tez inkişaf edir. Arxasınca isə insanın psixikası, psixologiyası formalaşır:
“İstər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə hələ vaxt lazımdır ki, bir insan kimi tam formalaşaq, böyük adam olaq. Bu baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa hazır olmayan insanı faktiki bunu etməyə məcbur edirik. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyac var. Bu baxımdan mən tam razıyam ki, erkən nikahların sonradan “N” qədər fəsadları çıxır. Qız uşağı ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra tam formalaşanda ona sevgi də gələ bilər. Mümkündür ki, bu sevgi həyat yoldaşına qarşı yox, başqasına qarşı olsun. Bu da sabah real böyük problemlərə gətirib çıxarır”.
Bu cür problemlərin ciddi psixi pozğunluğa gətirib çıxara biləcəyini vurğulayan Azad İsazadənin sözlərinə görə, sırf psixoloji cəhətdən ailə qurmaq üçün 30 yaş və bir az çox optimal sayılır.
Mənbə: Gencaile
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət