Ərdoğan-Putin-Ruhani görüşü: mühüm mesajlar verildi
Astana prosesindəki fikir ayrılıqları görüşdən əvvəl özünü büruzə verdi.
Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi çərçivəsindəki Ankaradakı 5-ci görüşü qiymətləndirilib:
“Görüşdən əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan etdi ki, İdlib şəhərini və Fərat çayının şərq sahilini çıxmaq şərtilə Suriyada müharibə bitib. Başqa sözlə, Moskva hesab edir ki, İdlib terrorçulardan təmizlənməli, ABŞ qoşunları Fərat çayının şərqini tərk etməlidirlər. Türkiyə bu iddianın ikinci hissəsi ilə razılaşa bilər, yəni ABŞ qoşunları Fərat çayının şərqini tərk etməlidirlər. Ancaq Ankara bununla bərabər Fərat çayının şərqini PKK uzantılarından da təmizləmək istəyir ki, rusiyalı rəsmilərin bununla bağlı konkret açıqlamaları yoxdur. Rusiya Prezidenti Vladimir Putin PKK və onun uzantılarının adlarını tələffüz etmədən Ankarada sadəcə onu dedi ki, Türkiyənin sərhədlərini qorumaq hüququ var. Yəni Kreml sahibi Türkiyə ordusunun Fərat çayının şərqinə doğru əməliyyatına qarşı deyil. Ankarada İdliblə bağlı fikir ayrılığı da ortadan qaldırılmadı. Rusiya prezidenti mətbuat konfransında çıxışı zamanı ona işarə etdi ki, İdlibdə terrorçular qaldıqca Suriya ordusunun bu şəhərdə əməliyyat keçirmək hüququ var. Aydındır ki, məsələnin bu cür qoyuluşu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan razılaşa bilməzdi. Türkiyə prezidenti Lavrovun “müharibə bitib” yanaşmasını da qəbul edə bilməz. Çünki Suriyanın az qala 20-25 faizi PKK uzantılarının nəzarəti altında olduqca Türkiyə üçün Suriyada müharibə bitməyib. Digər tərəfdən Türkiyə Suriyada nəzarət etdiyi ərazilərdə yaşayış məntəqələri yaratmaq istəyir ki, qaçqınları oralarda yerləşdirə bilsin. Ancaq Ankara istəyir ki, bu problemin həllində tərəfdaşları ona dəstək versin. Avropa dövlətləri, o cümlədən Tehran və Moskva Ankaranın bu planını dəstəkləsələr də, əllərini daşın altına qoymurlar”.
Təhlildə görüş zamanı diqqət çəkən ikinci vacib məqam kimi Ankarada prezidentlərin Suriya Konstutisiyasını müəyyənləşdirəcək komitənin tərkibi ilə bağlı razılaşmasına diqqət edilib:
“Bu komitənin müəyyənləşdirilməsini ən çox Putin arzulayırdı. Çünki Kremlin məntiqinə görə, Bəşər Əsəd rejimi ilə müxalifət nümayəndələri arasında gələcək Konstitusiyanın müəyyənləşdirilməsi məqsədilə danışıqlar başlayarsa, bu, kənar dövlətlərin Suriyaya müdaxiləsinə son qoymalıdır. Ankara və Tehran Konstitusiyanın müəyyənləşməsinə etiraz etmirlər. Putin Suriya Konstitusiyasının müəyyənləşməsi üçün danışıqların intensivləşməsinin tərəfdarıdır. Yeri gəlmişkən, Kreml sahibi Konstitusiya Komitəsində müxalif nümayəndələrin müəyyənləşməsində Rəcəb Tayyib Ərdoğanın xüsusi rolunu vurğuladı”.
Mərkəzin təhlilində liderlərin ortaq mətbuat konfransının həm də Suriya mövzusuna aid olmayan mesajlarla da yadda qaldığı vurğulanıb:
“Rusiyalı jurnalist Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum barədə sual verdikdə, Vladimir Putin gözlənilmədən Qurandan sitatlar gətirərək Allahın müsəlmanlara bir-birləriylə savaşmaması gərəkdiyini xatırlatdı. Putin bundan sonra daha bir gözlənilməz fikir söylədi ki, Səudiyyə Ərəbistanı hava sahəsini qorumaq istəyirsə, İran və Türkiyə kimi Rusiyadan S-300 və S-400 raketləri alsın. Bunun mümkün olmadığını Putin də bilir. Səudiyyə Ərəbistanı əsas silahları müttəfiqi ABŞ-dan alır. Görünür, Putin Rusiyanın raketlərinin ABŞ raketlərindən daha etibarlı olmasına işarə edib. Ruhani isə suala cavabında faktiki dedi ki, yaxşı edib Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum ediblər, nə qədər ki, Ər-Riyad Yəməni bombalayacaq, qarşı tərəf də ona cavab verəcək. Ərdoğan Ruhani qədər Səudiyyə Ərəbistanının bombalanmasını dəstəkləməsə də, dedi ki, Yəməndə müharibənin ölkə xaricindən müdaxiləsinə də diqqət yetirmək lazımdır”.
Analizdə 3 ölkənin Suriyadakı maraqlarının tam üst-üstə düşməsə də, Suriyanın ərazi bütövlüyünə baxışlarının eyni olmasına diqqət çəkilib:
“Bu zaman Ankaranın Dəməşqlə birbaşa təmaslara başlamasının aktuallığı artır. Suriyada müharibə başlayanda Bəşər Əsədin mövqeləri zəif idi. Ankara düşünürdü ki, Əsəd rejimi tab gətirməyəcək və ona qarşı tənqidini artırdı. Ancaq üstündən 8 il keçdikdən sonra Bəşər Əsəd İran və Rusiyanın dəstəyi ilə hakimiyyətini qorumağa müvəffəq oldu. Odur ki, hazırda Əsəd yenidən ölkəsində əsas gücdür. Buna görə də Ankara ilə Dəməşq arasında müzakirələrin başlaması mümkündür. Bunu Tehran və Moskva da istəyir. Əbədi dost və əbədi düşmən məhfumu yoxdur. Hazırda Türkiyənin təhlükəsizlik maraqları Suriyadakı real hakimiyyətlə təmaslara başlamağı diktə edir. Başqa alternativ yoxdur. Əslində Bəşər Əsəd rejimi də xoş addım atmaqla Ankara ilə arasındakı körpüləri bərpa edə bilər. Məsələn, Suriya ordusu Fərat çayının şərq sahilindəki PKK uzantılarına qarşı hərbi əməliyyata başlayarsa və ya ən azı bu niyyətini ortaya qoyarsa, bu, Türkiyənin Əsədə baxışını dəyişdirə bilər. Türkiyənin özü üçün də çətindir. Türkiyə Suriyada bir-birlərini qəbul etməyən Rusiya və ABŞ-la taktiki birlik içindədir. Məsələn, Türkiyə İdliblə bağlı Moskva, Fərat çayının şərq hissəsinə nəzarət etmək üçün isə ABŞ-la danışıqlar aparır. Halbuki, Ankaranın Suriyadakı problemlərin həlli üçün elə birbaşa Dəməşqlə təmas qurması vacibdir”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya probleminin tənzimlənməsi çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani ilə Ankarada görüşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət