Ərdoğan: “COVID-19-la mübarizənin açarı beynəlxalq əməkdaşlıq və qlobal həmrəylikdədir”
“Beynəlxalq ictimaiyyət 21-ci əsrin ən böyük qlobal problemi ilə üz-üzədir. Bu çətin günləri dəf etməyin açarı beynəlxalq əməkdaşlıq və qlobal həmrəylikdədir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasına videokonfrans yolu ilə ünvanladığı müraciətində bildirib.
Bu təşəbbüsünə görə Azərbaycan Prezidenti İlham Əliyevə və tədbirin təşkilinə görə BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkıra təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan pandemiya ilə mübarizədə tədbirlərin əhatəli olmasının vacibliyini vurğulayaraq deyib ki, xəstəliyə çox həssas və məhdud imkanlı insanları bu mərhələdə xüsusi diqqətdə saxlamaq lazımdır.
Türkiyə Prezidenti COVID-19 infeksiyasına qarşı güçlü mübarizə tədbirlərilə yanaşı dünyada artmaqda olan islamofobiya, ksenofobiya və irqçiliklə mübarizənin də önəmli olduğunu qeyd edib: “Son zamanlar dünyada xəstəliklər, ölüm sayı ilə yanaşı ayrı-seçkiliklə bağlı xoşagəlməz hadisələrin artması da bunu deməyə əsas verir”.
“Pandemiyanın bizə xatırlatdığı başqa bir məsələ də budur ki, bugünkü təhdidlər və ehtiyaclar BMT sistemində islahatlar aparılmasını tələb edir” deyən Ərdoğan BMT-ni daha təsirli, demokratik, ədalətli və şəffaf gücə çevirmək üçün Baş Assambleyasının gücləndiriləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə bağlı 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər pandemiyanın əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət