Slimfit
  1. AZƏRBAYCAN

Ərdoğan Bakıda xalq şairinin şeirini oxudu

Ərdoğan Bakıda xalq şairinin şeirini oxudu
Sakura

Ərdoğan Bakıda xalq şairinin şeirini oxudu

ürkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

Kult.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.

Daha sonra Ərdoğan çıxışına böyük şair, mərhum Bəxtiyar Vahabzadənin birliyimizi özündə təcəssüm etdirən şeirini oxuyub:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu,

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız,

Sevincimiz-məlalımız.

Bayraqlarda hilalımız,

Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum,

Ata yurda könül verdim.

Ana yurdum, ata yurdum,

Azərbaycan-Türkiyə.

Bəli, Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir.

Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik.

Dəyərli qardaşlarım, burada bir həqiqəti dərhal vurğulamaq istəyirəm. 1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyil. Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik. Bundan bir əsr əvvəl qardaşlarımızın işğal altında çəkdiyi zülm elə bir həddə çatmışdı ki, Nuru paşa Gəncəyə gələndə azərbaycanlı uşaqlar hamısı bir ağızdan məmnunluqlarını belə ifadə etmişdilər:

Qatar gəlib yan verir,

Gəncəliyə şan verir.

Gəncənin cavanları,

“Bakı!” deyə can verir.

Azərbaycanın məşhur “Lalələr” mahnısının kədərli hekayəsi də eyni şəkildə çəkilən əzabların və Qafqaz İslam Ordusunun qəlblərdə yaratdığı sevinc hissinin ifadəsidir.

Gəncə bölgəsinə hərəkət edən minlərlə əsgər başlarındakı qırmızı fəsləri və qotazları ilə uzaqdan gəlincik çəmənzarına bənzər bir mənzərə yaradırdılar. Gəlincik Azərbaycan dilində lalə deməkdir. Bəstəkar Telman Hacıyevin lalə ilə bağlı mahnısında şair hisslərini bu cür ifadə edib:

Yazın əvvəlində Gəncə çölündə,

Çıxıblar yenə də dizə lalələr.

Yağışdan islanan yarpaqlarını,

Səriblər dərəyə, düzə lalələr.

Meylim üzündəki qara xaldadir,

Hicranın əlacı ilk vüsaldadır.

Nə vaxtdır aşiqin gözü yoldadır,

Bir qonaq gələsiz bizə lalələr.

Nuru paşanın və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişi azərbaycanlı qardaşlarımız arasında belə böyük həyəcana, belə böyük bir ümidə səbəb olub.

Dəyərli qardaşlarım, bu gün 1918-ci il sentyabrın 15-də qazanılmış böyük qələbəni kiçik, əhəmiyyətsiz göstərməyə çalışan bəzi qüvvələrin olduğunu bilirik. Buna təşəbbüs göstərənlər o dövrdə aldıqları ağır məğlubiyyətin rüsvayçılığını hələ də unuda bilməyənlərdir.

Osmanlı dövlətinin imzaladığı Mudros atəşkəs müqaviləsi təəssüf ki, bu dairələrə fürsət verib və Qafqaz İslam Ordusunun bu torpaqlardan çəkilməsinə yol açıb. Bundan daha da ağrılısı odur ki, həmin dövrdə eyni dairələr Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoymaq üçün böyük səy göstəriblər. Təəssüf ki, müstəqilliyinin bərpasından 22 ay sonra bu məsələdə uğur qazanıblar.

Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR