Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Əbdürrəzzaq xan

Ənvər Çingizoğlu - Qaradağlılar/Əbdürrəzzaq xan
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Əbdürrəzzaq xan

Əbdürrəzzaq bəy Məhəmmədqasım bəyin oğludur. Əhər şəhərində dünyanı tanımışdı. Mükəmməl saray təhsili görmüşdü. Atasından sonra, təxminən 1721-ci ildə xan ünvanı ilə Qaradağın hakimi təyin olunmuşdu. Əbdürrəzaq xan 1725-ci ildə osmanlıların yürüşü zamanı dirəniş göstərmədən rəqib tərəfə keçmişdi və paşa ünvanı almışdı. Qaynaqlar yazırlar ki, Osmanlı qoşunlarının əsas qüvvələri 1725-ci ildə iyulun ortalarında Abdulla paşanın özünün başçılığı altında Təbriz önündə göründü və şəhərdən 2 saatlıq məsafədə düşərgə saldı. Qaradağın hakimi Əbdürrəzaq xan Abdulla paşanın yanına gəldi. Əbdürrəzzaq xan 1725-ci ildə 1727-ci ilin sonuna qədər paşa ünvanı ilə Osmanlı dövlətinə qulluq etdi. 1727-ci ildə Qaradağda Osmanlılara qarşı üsyan başlanmışdı. Üsyana Əbdürrəzaq xan özü başçılıq edirdi. Qaradağda Osmanlı hakimiyyətinin əleyhinə çıxışlar haqqında ilk məlumat 1728-ci ilin başlanğıcına aiddir. Fevralın 3-də general Levaşovun yanına gəlmiş Rəşt sakinlərinin sözlərinə görə, Məkkədən ziyarətdən geri qayıdarkən, onlar Təbrizdə eşitmişdilər ki, Osmanlı qulluğunda olan və hətta paşa ünvanı alan Əbdürrəzzaq xan Qaradaği Muğan düzündə yaşayan şahsevənləri öz yanına dəvət etmiş və onlara Osmanlı hakimiyyətinə qarşı birlikdə çıxış etməyi təklif edibmiş. Şahsevənlər osmanlılara qulluq edən Əbdürrəzzaq xana əvvəlcə inanmamışlar. Əbdürrəzzaq xan şahsevənlərin etibarını qazanmaq üçün komandasındakı Osmanlı döyüşçülərini qətlə yetirmiş və sonra onlarla Osmanlı hakimiyyətinə qarşı birlikdə mübarizə aparmaq baradə saziş bağlamışdı. Bundan xəbər tutan Təbriz paşasının Əbdürrəzaq xana qarşı göndərdiyi cəza dəstəsi məğlubiyyətə uğramışdı. Belə olduqda Əbdürrəzzaq xana qarşı özü yürüşə hazırlaşan paşa osmanlılar ilə Əfqan hakimi Əşrəf arasında bağlanmış Həmədan sülhünə əsasən Irəvan vasitəsi ilə Krıma qayıdan Krım tatarlarından kömək istəmişdi. Lakin onlardan yardım ala bilməyən paşa Əbdürrəzzaq xana qarşı yürüşünü təxirə salmalı olmuşdu. Bəzi məlumatlara görə, Əbdürrəzzaq xan 1728-ci ilin əvvəlində Təbrizə hücum etmək niyyətində imiş. Təbrizli Əli paşa şəhərin yaxınlığında yerləşən Şəmqazan kəndinin sakinlərini Əbdürrəzaq xanın adamların gizlətməkdə suçlandırıb cəzalandırmaq istəyirmiş. Ancaq yeniçərilərin rəisi və digər Osmanlı zabitlərinin təklifi ilə aparılan yoxlamadan sonra şəmqazanlılara qarşı irəli sürülən ittihamın əssasız olduğu aydınlaşmış, buna baxmayaraq Əli paşa onları 20 kisə pul məbləğində cərimə ilə cəzalandırmışdı. Ərdəbil və Təbriz şəhərlərinə yollanmış rus casusu 1728-ci ilin yanvar ayının 28-də Rəştə qayıdıb, general Levaşova məlumat vermişdi ki, türklərin hamısı Əhər şəhərciyindədir, Əbdürrəzzaq xan isə Qaracadağdadır. Onların arasında hələ indiycən toqquşma baş verməmişdir. Tezliklə öz vədlərini yerinə yetirən şahsevənlər Əbdürrəzzaq xanın qüvvələri ilə birləşdilər və Osmanlı hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxdılar. Qaynaqların bilgisinə görə, üsyan etmiş şahsevənlərin başçısı Səfiqulu xan da Əbdürrəzzaq xan kimi bir müddət osmanlılara qulluq etmişdi. O zaman şahsevənlər əsasən Xalxal, Qaradağ, Meşkin, Ərdəbil vilayətlərində yaşayırdılar. Muğanlılar isə, I. H. Herberin məlumatlarına görə, Araz çayı boyunca, Muğan düzündə yaşayırdılar ki, buna görə də belə adlanırmışlar. Bu tayfalar yaylaq-qışlaq maldarlığı ilə məşğul olurdular, onların qışlıqları Xəzərsahili zolaqda yerləşirdi, Araz çayı ətrafının düzən sahillərində olan otlaqlar isə Osmanlı zonasına daxil idi. Rusiya-Osmanlı sərhəd çəkilməsindən sonra şahsevən və muğanlıların böyük hissəsi osmanlı işğal zonasında qalmışdı. Osmanlı hökuməti onların tayfa hakimini -- Səfiqulu xan öz vəzifəsində təsdiq etmiş, ancaq muğanlılar və şahsevənlər üzərinə vergilər qoymaqla onların narazılığına səbəb olmuşdu. A.Çələbiyə görə, Azərbaycanda yaşayan şahsevən, şəqqaqi və başqa tayfaların üzvləri hakimiyyət orqanlarına itaətsizlik göstərir, qonşu mahallara basqınlar edirdilər. Təbriz hakimi Abdulla paşa 1728-ci il martın sonunda vanlı Əbürrəhman paşaya 20 min nəfərlik qoşunla bu tayfalara qarşı çıxmağı əmr etmişdi. Osmanlı dəstələri Ərdəbildən çıxıb irəlilədikləri zaman öndə gedən üç min döyüşçü Əhər civarında üsyançıların bir dəstəsi ilə qarşılaşmışdı. Osmanlı sərkərdələri onların 500-600 adamdan ibarət olduğunu zənn edərək hücuma keçmiş, yalnız böyük itki bahasına mühasirədən çıxa bilmişdilər. J.F.Hammer bu hadisələri təsvir edərək, Osmanlı hakimiyyətinə qarşı çıxışların geniş vüsət aldığını qeyd edir. Onun sözlərinə görə, üsyançılar Osmanlı paşasının qoşunlarını darmadağın edərək, Ərdəbili mühasirəyə almışdılar. Çıxışlar tezliklə Xalxal, Marağa və Gərmruda da yayılırdı və üsyançıların sayı çoxalırdı. Üsyanın yatırılması üçün Təbriz paşası Şirvan, Tiflis, Irəvan, Diyarbəkr və digər ərazilərdəki hakimlərdən kömək tələb etdi. 1728-ci ilin iyulunda Əbdürrəhman paşa Əhər çayı sahilində sayı 7 min nəfərə çatan üsyançılarla döyüşə girdi və qələbə qazandı. Osmanlılılar Muğan düzündə təqribən 4 saatlıq yol məsafəsində üsyançıları təqib etdilər. 2000 minə qədər adam öldürmüş, 600 adam əsir götürülmüş, qalanları dağlar və meşələrdə gizlənmişdi. Əbdürrəzzaq xanın osmanlılara qarşı qiyamında tərəfdaşlarından biri saxta şahzadə Ismayıl mirzə idi. Ismayıl mirzə ətrafına 5 min döyüşçü toplayıb Xalxalı tutmuşdu. Bu şəhərdən sonra Ərdəbili, getdikcə bütün Azərbaycanı ələ keçirmək istəyirdi. Ona görə də Əbdürrəzzaq xanla ilişkiyə girmişdi. 1728-ci ilin avqustunda osmanlılar üsyançıların birləşmiş qoşunlarını Ərdəbildə məğlub etməyə və onları Muğan düzü tərəfə oturtmağa müvəffəq oldular. Muğanın Balharud məzrəsində ruslar tərəfindən tutulmuş və Bakıya istintağa aparılmış Cavad sakini Xanmirzə demişdi ki, keçmiş Salyan naibi Məhəmmədhüseyn bəy tərəfindən Savalan dağlarına Səfi xanın yanına yollanıbmış. Xanmirzə istintağa danışmışdı ki, o, Ərdəbildə olanda Əbdürrəzaq xanı görmüş, onun qoşunlarının ümumi sayını isə 15 min nəfər təxmin etmişdi. Daha sonra Xanmirzə davam edərək söyləmişdi ki, onun orada olduğu müdddətdə Səfi xanın və Əbdürrəzaq xanın qoşunları qəsəbəyə girmiş, osmanlılar isə Məhəmmədqulu xanın sarayında möhkəmlənmişdilər. Döyüş olmuş, lakin üsyançılar hələ Ərdəbili tutmamışdılar. Xanmirzə saxta şahzadənin Ərdəbilin yaxınlığında yerləşdiyini, onun qoşununun sayının on min nəfərə çatdığını eşitmişdi. 1729-cu ildə osmanlılar üsyançıları bir daha sarsıdıcı məğlubiyyətə uğradaraq, Muğan düzündə Əbdürrəzzaq xanı tutdular. Rumyantsev 1729-cu il 24 yanvar tarixli məlumatında yazırdı ki, Osmanlı dəstələri tərəfindən məğlub edildikdən sonra Əbdürrəzzaq xan və onun bir neçə tərəfdarı Surxay xana müraciət etmişlər və güman etmişlər ki, Surxay xan onları osmanlılara təslim etməz. Surxay xan isə Əbdürrəzzaq xanı osmanlılara təslim etmişdi. Bildirək ki, Əbdürrəzzaq xanla Surxay xan arasında dostluq ilişkiləri vardı. Məktublaşırdılar. Əbdürrəzzaq xan Ərdəbil yürüşündən sonra Surxay xana yazırdı ki, şənbə günü bütün dəstə ilə şəhərə hücum etmiş, Qarasu məntəqəsində osmanlılarla qısa müddətə döyüşmüş, onları məğlub edib, geri oturtmuş və bu zaman Səfi xan onları təqib etmişdi. Iyulun ilk günlərində üsyançılar ikinci dəfə şəhərə yaxınlaşmışdılar. Əbdürrəzzaq xan hətta yazırdı ki, onlar artıq şəhəri tutmağa tam nail olmuşlar. Bu qədər uğurun və dostluğun müqabilində Surxay xan ona xəyanət etdi. I. Neplyuyev 1729-cu il 11 apreldə Istanbuldan yazırdı: «Muğan düzündə ələ keçirilmiş məşhur Əbdürrəzzaq xan bura gətirilmiş və möhkəm qaravul altında saxlanılır, güman ki, edam olunacaq» (Bax: J. Fon Hammer, G 2-ci hissə, Qrass, 1965, səh.305. Əbdürrəzzaq xan 1729-cu ildə öldürülmüşdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR