Dərc edildi: Baxış sayı: 570
Əndəlib Qaracadaği - Zülfün
Eyləyibdir çox cəfalar,
Məni-binəvayə zülfün.
İncidib, salmış özü tək,
Nə uzun sevdayə zülfün!
Dönüb bir sultani-sədrə,
Təkyə vermiş mahi-bədrə,
Tən eylər leylətül-qədrə,
Həm şəbi-yeldayə zülfün.
Olma eşq əhlinə qatil,
Cahil, sən qədri-qiymət bil.
Necə ki, göylərdən qəndil
Asmış kəlisayə zülfün.
Sənsən, ey şahların şahı,
Eşq əhlinin qibləgahı,
Bağışlarlar hər günahı,
Tutsa əl duayə zülfün.
Eylə Əndəlibi-zari,
Siyah zülfün giriftari.
Çox aşiqi-biqərari
Döndərsin şeydayə zülfün.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət