Dərc edildi: Baxış sayı: 639
Əndəlib Qaracadaği - Sərgəştə könlümün yenə min müddəası var
Sərgəştə könlümün yenə min müddəası var,
Qovğalı başımın nə bəlalı bəlası var.
Bir dəm şikəstə könlüm açılmaz, səbəb nədir?
Gəl gör zəmanənin yenə bir macərası var.
Namehribani gör, küsüb əğyar ilən gəzər
Yarəb, kimin bu tərzdə bir bivəfası var?!
Sərrafi-əql ləli-ləbin müştərisidir,
Can nəqdini nisar qılıbdır, bəhası var.
Vəhm eylə, tərk qıl belə sevdanı, ey fələk,
Kim, bir xətərli mərhələdir, çox cəfası var.
Tənha bilib vücuduma qəsd etmə, ey könül,
Yüz min bəlayi-dövr kimi aşinası var.
Ey Əndəlib, naleyi-bicadan əl götür,
Gəl gör, bu gülşənin nə əcayib səfası var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət