Dərc edildi: Baxış sayı: 762
Əndəlib Qaracadaği - Hərçənd düşdü eşqin odu canə, ey gözəl
Hərçənd düşdü eşqin odu canə, ey gözəl,
Atəş vurubdu xərməni-imkanə, ey gözəl.
Gər məndən olsa, gül üzünə salasan niqab,
Aləm məbadə od tutub odlanə, ey gözəl.
Arif yanında küfrdür, Allaha xoş deyil,
İnsan demək sən kimi cananə, ey gözəl.
Bir badə ver ki, bəzmi-vüsalında şövqdən,
Ləlin kimi dönübdür cigər qanə, ey gözəl.
Yıxdın evini cümlə müsəlmanü kafərin,
Nəzzarə eylə küfr ilə imanə, ey gözəl
Sahibqirani-nəqd nədir, burda can gərək
Sərf etməyə bu huriyi-Rizvanə, ey gözəl.
Qurban yerinə eyd günü Əndəlibi kəs,
Gər piri can qəbul ola qurbanə, ey gözəl.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət