Dərc edildi: Baxış sayı: 577
Əndəlib Qaracadaği - Görünər
Ay silkinib gedən yaşılbaş sona,
Səndə tər cığalar, tellər görünər.
Aşiq olan sənin kimi şahbaza
Mənim tək rüsvayi-ellər görünər.
Yar yarın yolunda gərək neyləyə,
Başın, canın, malın qurban eyləyə.
Meylin verən sənin təki Leyliyə,
Məcnun tək məskəni çöllər görünər.
Gedən, getmə, bir bəri bax, ay gedən,
Gözüm doymur sən tək gözəl kimsədən,
Gah yaxandan şölə verər ağ bədən,
Gah olur ki, nazik əllər görünər.
Oxlayıbsan məni, ey ziba sənəm,
Nə hasil, qoymursan yarama məlhəm.
Gecə xəyalınla olaram həmdəm,
Səhər yastığımda göllər görünər.
Eşitməsən Əndəlibin ahini,
Tutsan bivəfalıq rəsmi-rahini
Sidqilə çağırram şahlar şahini
Gör necə tufanlar, sellər görünər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət