Ən qədim dövrlərə aid abidə: “Yeddi qardaş” kurqanı öz sirrini hələ də saxlayır
Salyan rayonu ərazisində mövcud olan maraqlı tarixi abidələrindən biri də “Yeddi qardaş” kurqanıdır.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Yeni Uluxanlı kəndində yerləşən kurqanda Sovet dönəmindən bəri heç bir qazıntı işi aparılmayıb.
Sakinlərin dediyinə görə, bu kurqanlarda məişət əşyaları ilə yanaşı, insan sümükləri də aşkar olunub. Kurqanlardan üçü kəndin mərkəzində, dördü isə bir qədər aralıda, əkin sahələrində yerləşir.
Maraqlıdır ki, kənddəki kurqanın ikisindən yalnız insan sümükləri çıxıb, digərlərində isə sümüklərlə bərabər saxsı qablar da aşkar olunub.
Tədqiqaçı Fəxrəddin Fərzəliyevin qənaətinə görə, Kür çayına qədər olan 30 kilometrlik məsafədə Mahmudabad, Qırxçıraq, Qızıl məscid kimi orta əsrlərə və ondan əvvəlki dövrlərə aid olan yaşayış məskənlərinin sıralanması, ticarət karvan yolunun tarixən bu ərazilərdən keçməsi Yeni Uluxanlı kəndinin qədimliyindən xəbər verir.
Ehtimal olunur ki, kənd ərazisində yerləşən kurqan Azərbaycanda Son Tunc-Erkən Dəmir dövrünə - eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aiddir. Bu ərazidə küplər, kərpic, tikinti qalıqları, şirli-şirsiz saxsı qabların tapılması insanların sıx yaşamasından xəbər verir.
Qeyd edək ki, kənd ərazisindəki “Yeddi qardaş” kurqanında hələ arxeoloji qazıntı aparılmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət