Slimfit
  1. MƏDƏNİYYƏT

Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib

Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
Sakura

Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib

Azərbaycan mədəniyyətinə və teatr sənətinə ağır itki üz vermişdir. Yuğ Dövlət Teatrının baş rəssamı Əməkdar rəssam Rəşid Şerif (Həsənov) ömrünün 67-ci ilində vəfat etmişdir. Həsənov Rəşid İbrahim oğlu (Rəşid Şerif) 1953-cü il 29 sentyabrda Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlamışdır. 1989-cu ildən – Yuğ Teatrının yarandığı vaxtdan burada baş rəssam kimi fəaliyyətə başlamışdır. R.Şerif “Açar” (Nizami Gəncəvi), “Səma” (Şah İsmayıl Xətai), “Gəl gedək”, “Gündoğan”, “Bircə qarış” (Ramiz Rövşən), “Ümid”, “Ümid - 2” (Semuel Bekket), “Leyli demə”, “Yol” (Məhəmməd Fizuli), “Dad”, “Vəsl”, “Hicr”, “Rəhm”, “Bəlayi-eşq”, “Yar”, “Ya rəbb”, “Rüsva”, “Əfğan”, “Rindü-şeyda” (Məhəmməd Fizuli), “Yuxu” (Z.Marağayi), “Sentimental vals”, “Birinci akt” (Anton Pavloviç Çexov), “Yasaq” (Əbülqasım Firdovsi), “Təskinlik verməyi unutmayın” (Antuan de Sent Ekzüperi), “Audiensiya”, “V ölçü”, “Uzun incə bir yoldayam” (Vaqif İbrahimoğlu), “Dürlü xəbər” (“Kitabi-Dədə Qorqud”), “Solğun çiçəklər” (Cəfər Cabbarlı), “Adam uşağı” (Umay Minnur), “Efirdə görüşənədək” (Əbdülqəni Əliyev), “Pəncərə önündə” (Kamal Aslanov), “Ən gülməli ölü” (Vaqif Bayatlı), “Rənglər” (Rəsul Rza), “Ov” (Qoderzi Çoxelli), “Cənab Ö” (Cəlil Məmmədquluzadə), “Otello” (Vilyam Şekspir), “Hop-hop” (Mirzə Ələkbər Sabir), “Sən həmişə mənimləsən” (İlyas Əfəndiyev), “Üz tuturam Tanrıya” (Fəxrəddin Salim), “Arabir görüşməyə kişi axtarıram” (Rüstəm İbrahimbəyov), “Dəvə yağışı”, “Axırdan sonra”, “Bir, iki, bizimki...” (Kamal Abdulla), “Faust” (İohan Volfqanq Göte), “İlan dərisi” (Slabodan Şnayder), “Olsun” (Yunis İmrə), “Midasın qulaqları” (Güngör Dilmen), “Can üstə” (Afaq Məsud), “O susurdu” (Süqoro Yamamoto), “Kafkadan salam” (Frans Kafka), “Tas” (Orxan Fikrətoğlu), “Naməlum Axundzadə” (Mirzə Fətəli Axundzadə) kimi 80-dən artıq tamaşaya səhnə tərtibatı vermişdir. 2003-cü ildə Estoniyanın Vilyandi şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olmuşdur. Rəşid Şerif 1992-ci ildən karikaturaçı kimi bir sıra qəzetlərlə əməkdaşlıq etmişdir. 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olmuş, 1996-2000-ci illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülmüşdür. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olmuşdur. Bakı İncəsənət Mərkəzi (Bakı, 1995), Nizami adına Ədəbiyyat Muzeyi (Bakı, 1996), “Adile Naşit” Mədəniyyət Mərkəzi (İstanbul, Türkiyə, 1991), “Kodolinna Mayas” qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilmişdir. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” (Bakı, 2005) adlı sərgisinin iştirakçısıdır. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür. Görkəmli rəssam Rəşid İbrahim oğlu Həsənovun əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR