Əmək müqaviləsi – işçi üçün əmək və sosial hüquqların müdafiəsinə əsaslı təminatdır
Əmək müqaviləsi işçiyə həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq hüququ verir. Müqavilə ilə işçi, həmçinin qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək və s. kimi hüquqlara malik olur. Əmək münasibətləri rəsmiləşdirilmədən, qeyri-leqal şəkildə işlərə cəlb olunanlar isə həmin hüquqlardan məhrum olurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikir nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı regional bölməsinin Gəncə şəhərində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanılması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirdə səslənib.
Tədbirdə Gəncə şəhəri, Samux və Göygöl rayonlarının ayrı-ayrı işəgötürənləri, həmkarlar təşkilatlarının, eləcə də əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanılması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyri-rəsmi məşğulluq hallarının işçilərin əmək və sosial hüquqlardan məhrum olması, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələndiyi diqqətə çatdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət