Slimfit
  1. ƏDƏBİYYAT

Elşən İsmayıl - “QANLI ŞAHMAT”

Elşən İsmayıl -  “QANLI ŞAHMAT”
Sakura

(Çoxhissəli siyasi-ideoloji bədii pyes)

 İŞTİRAK  EDİRLƏR:

 

BAYBARS  ARSLANBEKOV  -  40-45 YAŞLI QAZAX TÜRKÜ  “XTQ” ƏSGƏRİ ,  TÜRK “DƏRİN DÖVLƏTİ”-NİN  ÖZƏL  ADAMI

GÜNAY  BAYATLI  -  30-35 YAŞLI AZƏRBAYCAN TÜRKÜ  JURNALİST-TELEAPARICI ,  ARAŞDIRMAÇI-YAZAR

BİLGEHAN  BOZOK  - 55-60 YAŞLI TÜRKİYƏ TÜRKÜ  İŞ ADAMI ,  KEÇMİŞ HƏRBİ  KƏŞFİYYATÇI  (GENERAL) , TÜRK “DƏRİN DÖVLƏTİ”-NİN  BÖLGƏ  SORUMLUSU

İSMAYIL  BAYATLI  -  60-65 YAŞLI AZƏRBAYCAN TÜRKÜ  PROFESSOR ,  İŞ ADAMI ,  KEÇMİŞ DÖVLƏT XADİMİ  (XÜSUSİ  ORQAN)

DONALD  MARŞAL  - 55-60 YAŞLI AMERİKALI  İŞ ADAMI ,  KEÇMİŞ  ZABİT  (GENERAL) , “CIA”  (AMERİKA  KƏŞFİYYATI)  AGENTİ

BARON  FOKS  - 45-50 YAŞLI İNGİLİS  DİPLOMAT , DÖVLƏT XADİMİ , “MI6”  (BRİTANİYA  KƏŞFİYYATI)  AGENTİ

ANTON  PAVLOV  - 40-45 YAŞLI RUS  JURNALİST ,  POLİTOLOQ , ARAŞDIRMAÇI-YAZAR , “FSB”  (RUSİYA  KƏŞFİYYATI)  AGENTİ

ANİTA  KREMAKOVA  (KAZIMYAN)  - 30-35 YAŞLI ERMƏNİ  ƏSİLLİ ,  RUSİYALI  AKTRİSA-MODEL ,  “NEO-ASALA”  (ERMƏNİ  TERROR  TƏŞKİLATI)  KONTRGERİLLASI  (ƏSAS  ÜZVLƏRDƏN)

ADRİANA  BENEDETTA  - 40-45 YAŞLI İTALYAN  TARİXÇİ , ARAŞDIRMAÇI-YAZAR

SİMON  AZOR  - 50-55 YAŞLI İSRAİLLİ  İŞ ADAMI , “MOSSAD”  (İSRAİL  KƏŞFİYYATI)  AGENTİ

HANS  MAYER  - 55-60 YAŞLI ALMAN  İQTİSADÇI , “BND”  (ALMANİYA  KƏŞFİYYATI)  AGENTİ

ALİSİA  MOREL  - 40-45 YAŞLI FRANSIZ  YAZIÇI-RƏSSAM , SƏNƏT XADİMİ , MODELYER , “DGSE”  (FRANSA  KƏŞFİYYATI)  AGENTİ

ƏKBƏR  EHSANİ  - 40-45 YAŞLI İRANLI  (FARS)  İŞ ADAMI , “ETTELAAT”  (İRAN  KƏŞFİYYATI)  AGENTİ

ÇEN  KUN  Lİ  - 55-60 YAŞLI ÇİNLİ  İŞ ADAMI , “MSS”  (ÇİN  KƏŞFİYYATI)  AGENTİ

                                                                                                   *** *** ***

                                                                                               *BİRİNCİ BÖLÜM...

Sakit okeanda bir ada... 3 mərtəbəli iri həcmli villa... Ətrafı silahlı adamlarla çevrələnmiş və 7/24 ciddi qorunan malikanənin irihəcmli açıq balkonu... Bir masa ətrafında iki ortayaşlı adam oturub şahmat oynayırlar... Biri o birisinə baxıb gülümsəyir və...

Adam: (kinayəli tərzdə) deməli beləliklə Yaxın və Orta Şərqin taleyi də birdəfəlik həll olundu?!

Digəri: (donuq və hissiyyatsız üz ifadəsilə) birdəfəlik deyil, bizə sərf edənə qədər...

Adam: (iyrənc gülüşüylə) yəni?

Digəri: (sərt baxışları və bərəlmiş gözləri diqqət çəkir) Türkləri tamamən zərərsizləşdirib hakimiyyətimiz altına salana və Bölgənin bütün gücünü əlimizə alana qədər!

Adam bir qədər düşüncəli baxışlarla öncə həmkarına, sonra şahmat taxtasına baxaraq bir neçə saniyə sonra murdar gülüşüylə dərin bir şaqqanaq çəkir. Sonra tərəflər qarşılıqlı gülüşüb viski içərək oyuna davam edirlər...

 

                                                                                                  *** *** ***

 

Türkiyə. İstanbul... Bir universitetin həyəti. Çayxana... Biri yaşlı, digəri 40-lı yaşlarda olan iki kişi üz-üzə oturub çay içirlər... Yaşlı kişi fikirli, digərisə nisbətən həyəcanlıdır...

40-lı yaşlarda olan kişi: əfvinizə sığınaraq soruşmaq istəyirəm, xocam...

Yaşlı kişi: (özünə əmin və ağır səs tonuyla) buyur!

40-lı yaşlarda olan kişi: mən doğru anladım, bu layihə gerçəkləşərsə, bir neçə il sonra qarşımızda heç bir güclü dövlət dayana bilməyəcək, eləmi?!

Yaşlı kişi: (gülümsəyir) bəli.

40-lı yaşlarda olan kişi: (həyəcanlı) amma bunun üçün biz çox şeydən keçməliyik, ödəyəcəyimiz bədəlin ağırlığının fərqindəsinizmi? 

Yaşlı kişi: (gülümsəyir) əlbəttə. Bura bax, övlad, əgər sən, mən, biz Türk dünyasının üzünün əbədi gülə bilməsini istəyiriksə, o zaman hər şeyə - hər fədakarlığa hazır olmalıyıq. Hətta dövlətlərimizin yer üzündən silinməsinə belə...

40-lı yaşlarda olan kişi böyük təəccüb və həyəcan içində xocasına baxır və udqunaraq çayını ağır-ağır içməyə davam edir. Yaşlı kişi isə öncə universitet binasına, sonra uzaqlarda bir naməlum nöqtəyə baxaraq razılıqla gülümsəyir...

 

                                                                                                 *** *** ***

Azərbaycan. Bakı... Uzun dar küçələrlə bir kişi qaçır, arxasınca da onlarla silahlı (sivil geyimdə polislər) adam... Bir müddət qovalama davam edir... Nəhayət kişi son divara çatdığının fərqinə varır, ancaq polislər onu tuta bilmir, çünki o baş barmağındakı üzüyün qaşını yana çevirərək orda xüsusilə qorunan yüksək dozalı zəhəri içir... Polislər onun yanına gələndə o sadəcə bu son sözləri deyir:

Adam: (boğula-boğula) gələcəklər, şəhərinizə, evinizə, gələcəklər... Siz onları dayandıra bilməyəksiniz, çünki onlar illərdir bu çirkin planı hazırlayırlar... ASALA məhv olmayıb, sadəcə ad və forma dəyişdirib... PKK, HİZBULLAH, FAT sadəcə onun müasir kontrgerilla mərkəzləridir... (adam ölür)

Polislərdən biri yaxına gəlib adamın öldüyünü təsdiqləyir. Sonra tədricən bölgəyə digər hüquq mühafizə orqanları, təcili yardım və s. çağırılır. Bu ərəfədə isə bir polis komandadan ayrılıb kənarda bir yerdə telefonla naməlum birinə zəng edir:

Polis:  cənab, dediyiniz doğru çıxdı. ASALA yenidən dirilib və illərdir fərqli adlarda terror təşkilatlarının tərkibində öz varlığını qoruyub. NEO-ASALA agenti intihar  edərkən etiraf etdi...

 

                                                                                               *** *** ***

Qafqazda bir şəhər... Bir kilsənin önündə xarici markalı iki qara maşın peyda olur, sürətlə qapıları açılır və içindən iribədənli, qara maskalı, silahlı adamlar çıxaraq kilsəyə girirlər... İlk olaraq baş rahib daxil, kilsədə dua edən hər kəsi avtomatlarla gülləboran edirlər... Sonda bir iri kağızı rahibin meyidinin üzərinə atırlar. Kağızda iri hərflərlə yazılıb:

“ARTIQ SAVAŞ YENİDƏN BAŞLADI... BÖYÜK ERMƏNİSTANIN RİFAHI ÜÇÜN PLANIMIZA BOYUN ƏYMƏYƏN HƏR KƏSİ, HƏTTA DİN XADİMLƏRİNİ BELƏ ACIMADAN ÖLDÜRƏCƏYİK... NEO-ASALA...” 

 

                                                                                              *** *** ***

 *Bir ay sonra...

 

İtaliya... Cənub yarımadasında bir şəhər... Böyük bir tarixi bina... İrihəcmli konfrans zalı... Zal müxtəlif sahələrin nüfuzlu adamları ilə doludur... Tribunada tarixçi və araşdırmaçı Adriana  Benedetta çıxış edir:

ADRİANA  BENEDETTA:  üç min il öncə İtaliyada ortaya çıxıb minil boyu tarixdə dərin iz qoyan Etrusk eli artıq iki min ildir ki, bizimlə ölmüş dilində danışmaq istəyir, ancaq danışa bilmir, daha doğrusu, onun nə danışdığını biz anlamırıq, sirlərlə dolu bir xalqın tarixi, bu tarixı içində saxlayan söz dağarcığı açıq olsa da, oradan əlimizə keçən sözlərin anlamını anlamırıq. Açılmaz tapmacalarla dolu dünya tarixində maraqlı olduğu qədər də aktuallığını saxlayan etruskların kimliyi problemi üzərində bir sıra peşəkar olmayan araşdırmaçıların səyləri boşa çıxdığı kimi, peşəkarların da səyi hələlik nəticə verməmişdir... Apennin yarımadasında, yəni indiki İtaliyamızda qədim Roma imperiyasından əvvəl e.ə. min il boyu yaşayıb Avropa mədəniyyətinə önəmli təsiri olan bu xalq Etrusk dilində danışırdı. latınlar onlara Tusk, Etrusk, yunanlar isə Tirsen, Tirren deyirdi. Tuskan adı Etrusk dönəmində onların məskunlaşdığı tarixi bölgənin, Tirren adı isə onların “gəmi oynatdığı” dənizin adına çevrildi...

Xanım danışdıqca zalda oturanlarda böyük maraq oyadır. Və oturanlar arasında onu həvəslə izləyərək məmnunluğunu dodaqaltı gülümsəməsiylə bildirən Bilgehan Bozok bir qədər sonra – konfrans bitdikdən sonra onunla foyedə qarşılaşır. Möhtəşəm çıxışı üçün onu təbrik edərək əlavə edir:

BİLGEHAN  BOZOK: (məmnunluqla gülümsəyir) sizin kimi cazibədar, gözəl, dünyagörüşlü, xas Avropa mədəniyyətinə malik bir xanımı görmək, tanımaq mənim kimi yaşlı bir professor üçün necə də fəxarətdir, təsəvvür edə bilməzsiniz. (kübarca xanımın əlini alıb öpür)  

ADRİANA  BENEDETTA: (məmnunluqla gülümsəyir) gəldiyiniz və çıxışımı diqqətlə dinlədiyiniz üçün sizə təşəkkür edirəm, sözləriniz məni qürurlandırdı. Amma unutmayaq ki, çıxışımdakı fikirlərin ilkin sahibi elə sizsiniz. Sizin keçən il Macaristandakı konfransda etdiyiniz möhtəşəm çıxış bir il ərzində məni bu barədə ciddi düşünməyə və araşdırmağa vadar etdi. Yəni mən əslində sizin sayənizdə bu gün diqqət nəzərindəyəm.

BİLGEHAN  BOZOK: (gülümsəyir) çox təvazökarsınız. Deyirəm, bəlkə bu şirin söhbətimizi bir gözəl yerdə, masa arxasında davam edək?

ADRİANA  BENEDETTA: (gülümsəyir) əlbəttə...

BİLGEHAN  BOZOK: (gülümsəyir) elə isə vaxt itirmədən gedək...

Binadan birlikdə çıxaraq onları gözləyən iri həcmli xarici markalı avtomobilə əyləşirlər. Bu anda kimsə onları uzaqdan izləyir...

 

                                                                                                   *** *** ***

Qazaxıstan... Türkiyə səfirliyi... Səfir və Baybars Arslanbekov otaqda qarşılıqlı oturub söhbət edirlər:

Səfir: ölkənizin bizə dəstəyi olduqca ürəkaçandır, Baybars bəy, amma bəzi məsələlərdə hələ hökumətinizin rəsmi təsdiqini ala bilmirik.  

BAYBARS  ARSLANBEKOV: bilirsiniz, hal-hazırda bütün dünyanın nəzəri bizim və güclənməyə çalışan Türk dövlətlərinin üzərindədir. Etiraf edək ki, sizin hökumət də bizimki kimi bəzi addımlarını açıq şəkildə ata bilmir. Türk dünyasının dirçəlişi, Turanın yenidən bərqərar olması, hal-hazırda bizimlə müttəfiq görünən qüvvələrə, güclü dövlətlərə sərf eləmir. Ona görə də biz də addımlarımızı aram-aram, ehtiyatla atmaq məcburiyyətindəyik. Yəqin anlayırsınız, nədən bəhs edirəm.

Səfir: sizi başa düşürəm. Amma...

BAYBARS  ARSLANBEKOV: (təsiredici və razılaşdırıcı baxışlarla, gülümsəyərək) narahat olmayın, bütün qayğılarınızı rəhbərliyimə çatdıracağam.

Ayağa qalxırlar. Baybars Səfirlə sağollaşır. Bu zaman telefonuna gizli bir nömrədən mesaj gəlir:

“TEZ QƏRARGAHA GƏL! TƏCİLİ TOPLANTI VAR!”

Baybars dərin bir uzaqlığa doğru baxaraq:

BAYBARS  ARSLANBEKOV: (iç səslə) demək başlayırıq!

 

                                                                                                  *** *** ***

Xəzərdə kiçik bir ada... Yeraltında gizli qərargah... Yarıqaranlıq irihəcmli otaq... 8 guşəli ulduz formasında düzəldilmiş dəyirmi masa ətrafında üzləri az-para görünən, başları üzərində - divarda təmsil etdikləri dövlətlərin bayraqları olan 7 nəfər öz aralarında olduqca qısıq səslə danışarkən otağa 8-ci adam daxil olur. Hər kəs hörmət əlaməti olaraq ayağa qalxır və birlikdə uca səslə “TENQRİ XAN QUT VERSİN! BİRLİYİMİZ ƏBƏDİ OLSUN!” deyə, şüar səsləndirirlər...  Bir neçə saniyə sonra 8-ci çıxışa başlayır:

8-ci: artıq planlarımız həyata keçirilmə mərhələsinə gəlib çatdı... Eyni anda 8 ölkədə əməliyyata başlayırıq. Və bunu xarici düşmənlərimiz, daxili müxalif qruplar hiss etmədən, cəld, sistemli, sərasər şəkildə etməliyik! Yoxsa varlığımızın ifşa olunmasıyla bərabər, dövlətlərimizin gələcək taleyi də təhlükə altına girər...

Hər kəs diqqətlə çıxışı dinləyir. 8-ci müddət sonra öz yerini 7-ciyə, o da sırayla digərinə ötürür, beləliklə bütün məclis bəhs edilən mövzu haqqında öz fikirlərini səsləndirir. Sonra ümumi müzakirə, səsvermə və digər proseduralar həyata keçirilir...

*** *** ***

Sakit okeanda bir ada... 3 mərtəbəli iri həcmli villa... Ətrafı silahlı adamlarla çevrələnmiş və 7/24 ciddi qorunan malikanənin irihəcmli açıq balkonu... Bir masa ətrafında iki ortayaşlı adam oturub şahmat oynayırlar... Bu zaman bir xidmətçi onlara yaxınlaşıb qızıl məcməyidə onların birinə bir zərf verir. Adam zərfi hövsələsizliklə açır və içindən bir şəkil çıxarır. Şəklə baxar baxmaz həmkarına uzadır. Hər ikisi razılıqla gülümsəyirlər. Xidmətçi gedir. Adamlardan biri masadan qalxır və kənara çəkilərək dərhal telefonla kiməsə zəng vurur:

Adam: hədəfin bəlli oldu. Dərhal yola düş! (telefon qapanır)

Adam həmkarının yanına qayıdaraq gülümsəyir və stula əyləşir.

Adam: (özündən razı halda) Baron, bu Türklər, özlərini niyə bu qədər ağıllı hesab edirlər? Elə bilirlər ki, bizimlə “siçan-pişik” oynamaq asandır. Məgər anlamırlar ki, son 200 ildə qurulan bütün siyasi oyunların əsas idarəetmə mərkəzi bizik?!

BARON  FOKS (həmkarı): bilmirəm, Donald, görünür, çox axmaqdırlar. Və əslində bizim yüzillərdir tarixindən və qəhrəmanlığından heyran qaldığımız adamlardan əsər-əlamət qalmayıb.

Adam, yəni Donald Marşal həmkarına diqqətlə baxıb gülümsəyir və şahmat taxtasına yönəlir.

DONALD  MARŞAL: sən yanılırsan, onlar axmaq deyil! Bəlkə də hal-hazırda bizim belə düşünməyimizi istəyəcək qədər tədbirli və daha ağıllıdırlar. Şah mat! (taxtadakı bir fiqurla rəqibinin şahını aşırır)

Baron diqqəti başqa yerdə olan hövsələsiz adam kimi danışır.

BARON  FOKS: (tələskən və eqoist danışıq tərziylə) yox. Mən elə hesab etmirəm! Amma bir şeydə haqlısan ki, nə olur olsun sonda biz onları “şah mat” edəcəyik! (pis-pis gülümsəyir)

DONALD  MARŞAL: (kinayəli tərzdə gülümsəyir) onu demirəm. Taxtaya bax! Yenə mən uddum!

BARON  FOKS: (taxtaya baxaraq gözlərini bərəldir) ola bilməz, sən axı necə?

Baron əsəbindən dodaqlarını gəmirirkən Donald uzaqlarda naməlum bir nöqtəyə baxaraq razılıqla gülümsəyir və nəsə düşünür... Masanın qırağındakı bayaqkı şəkildəki adamsa Bilgehan Bozok-dan başqası deyil... 

 

*BİRİNCİ BÖLÜMÜN SONU...

 

ELŞƏN İSMAYIL

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR