Slimfit
  1. ƏDƏBİYYAT

Elşən İsmayıl - Bayan Xaqan

Elşən İsmayıl - Bayan Xaqan
Sakura

“Düşmənə şərəfiylə dərs keçən Türk”

- Fahişəyə yatağını verən, düşmənə torpağını verər!

Böyük Türk Sərkərdəsi, Avar Xaqanı Bayan Xaqa

563-cü il... Avar Xaqanlığının paytaxtı Timişoara şəhərinin bir qədər uzaqlığında kiçik bir meşəlik. Ovuna yavaş-yavaş, xüsusi ustalıqla yaxınlaşaraq oxunu hazırlayan gənc sərkərdə Bayan, ondan bir qədər uzaqlıqda, ağacların nisbətən seyrəldiyi sahədə görünən çaydan hər şeydən xəbərsiz halda su içən ceyranı vurmaq üçün ən real və münasib anı qovalayırdı. Elə bu zaman gənc Türk ərinin arxasında bir qaraltı peyda oldu və varlığıyla oradakı bütün canlılara, hətta ağacların yarpaqlarını yeyərək qarnını doyduran kiçik qurdlara vahimə bəxş edərək hər kəsin qorxmasına səbəb oldu.

 Getdikcə ətrafda çoxalan qaraltılar ceyranı ürkütdülər və Bayanın onu vurmasını əngəllədilər. Ancaq gənc Türk sərkərdəsi qətiyyən qorxmadan və təmkinlə gələnlərin hücumuna hazırlaşdı: çəkmələrində öncədən gizlətdiyi əl bıçaqlarını, şalvarının diz nahiyəsindəki cibinə qoyduğu xəncərini, belindəki qılıncını, nəhayət əlindəki ox və yayını sürətlə gözdən keçirdi...

  Uzaqlarda qarlı dağların başından dərin, vahiməli və eşitdikcə insanın içini ürpərdən bir qurd səsi eşidilirdi. Qurd sanki böyük bir savaşın çağırışını verirmiş kimi durmadan və vargücüylə ulayırdı. Tədricən qurd səsinə bir Şamanın qırtlaq səsi də qoşuldu. Onlar birlikdə dərin, təsiredici və dinləyən insanı cəld öz təsirinə salan musiqi təsiri bağışlayırdılar. O musiqi ki, Türkün özü, tarixi qədər qədim və möhtəşəm idi.

 Şamanın qırtlaq səsi tədricən qaval döyəcləməsiylə dəyişdi və həmin meşəyə yaxınlıqdan bir ordu yaxınlaşmağa başladı. O ordu hal hazırda meşədə Bizans cəsuslarının qəfil hücumuna məruz qalmış qorxubilməz Türk qəhrəmanı, Avar hökmdarı Bayan Xaqanın ordusu idi...

 Avar Xaqanlığı (və ya Avar İmperiyası) - bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən qüdrətli Türk dövləti idi. Dövlət Avar Xaqanı olan Bayan Xaqan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə Avarlar Bizans, Fransa (o vaxt hələ Frank adlanırdı və əhali, yerli sakinlərlə almanların qarışığından ibarət idi) və Slavyanların xain hücumlarını dəf edərək əks hücumla öz ərazilərini fəth etmişdilər. Bu dövrdə Avarlar qərbdə Türingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriya və Dalmasiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışdılar...

 Avarlara nizami döyüşlərdə qalib gələ bilməyən Bizans ətrafdakı Avropa krallarıyla müttəfiqlik edərək ortaq bir planla hərəkət etmək qərarına gəldi. Və ilk Avar Xaqanı olan Bayan Xaqandan etibarən bütün Türk hökmdarlarına ardıcıl sui-qəsdlər təşkil edildi. Ancaq bu planların, xain əməllərin böyük əksəriyyəti Türklər tərəfindən dəf edildiyi üçün get-gedə hər şey əksinə cərəyan etməyə başladı. Belə bir məqamda artıq hücumların zamanı və məkanını bəlirləmək çətin olmadı və Bayan Xaqan yüksək sərkərdəlik bacarığıyla hər kəsi heyran qoyaraq Bizans cəsuslarını, eləcə də Bizansın təsiriylə qəfil hücuma keçən Slavyan quldurlarını məhv etmək üçün plan qurdu.   

 O plana əsasən də, bu gün bu meşədə hücuma keçən düşmən tələyə düşdü – meşəliyin ətrafında öncədən pusqu quran Avar əsgərlərinin əks hücumuyla qarşılaşdı. Bayan Xaqanın özü isə bu döyüşdə əsl bir Türk əri kimi davranaraq təkbaşına ondan çox cəsusu tikə-parça elədi.

 O gün oradan vəhşi heyvanların boğuşmasından daha dəhşətli tərzdə səslər eşidilirdi və bu səsləri öz həmahəngliyilə təbiətin möhtəşəm harmoniyasına uyğunlaşdıran bir Şaman vardı. O elə bir şəxs idi ki, hələ uzun müddət öz gizliliyini qoruyub saxlayacaq və varlığıyla Bayan Xaqana dəstəkçi olacaqdı. Onun himayəsiylə Türk hökmdarı yaxınlaşacaq təhlükəni qabaqcadan duyacaq və dövləti, milləti üçün lazımı tədbirləri vaxtında görə biləcəkdi...

 Bayan Xaqan 565-ci ildə Bizans qüvvələri və vəhşi Slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məcburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq Hepidləri özünə tabe etmişdi. O, 568-ci ildə Lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı...

 570-ci il... Sarayda bir kef (əyləncə) məclisi... Bayan Xaqan və yaxın silahdaşları ard-arda əldə etdikləri qələbələri qeyd etmək üçün tez-tez belə məclislər təşkil edirdilər. Ümumiyyətlə, o zamanlar Türklərin əsas məşğuliyyəti və həyat tərzi savaşa getmək, ov etmək, kef məclisində iştirak etmək və ailə ilə məşğul olmaqdan ibarət idi. Müəyyən bir qisim isə dövlət tərəfindən xüsusi qayğıyla qarşılanırdı ki, onlar da bütün digər şeylərdən uzaq olan alimlər, sənətkarlar və kəşfiyyat mərkəzlərinin idarəçiləri idi.

 Xüsusən Bayan Xaqanın hakimiyyəti dövründə varlığını az adamın bildiyi və eldə müqəddəs sayılan Şaman (və Şamanlar), ağsaqqallar və qurdların (vəhşi hesab edilən) himayəçiləri, eləcə də ancaq hökmdar ailəsinin tanıdığı “Qutlu Ocaq” sahibləri böyük mərtəbəyə sahib olub ən dəyərli insanlar hesab olunurdular...

 Məclisin ən qızğın yerində Xaqanın diqqətini bu vaxta qədər görmədiyi, üzü niqablı (bəzi xidmətçilər – xüsusən, savaş qənimətləri (kənizlər) hökmdarın qəzəbindən (rəmzi olaraq) qorunmaq üçün niqab taxırdılar, bəzən də rəqqasələr qarşı tərəfdə maraq və ehtiras oyandırmaq üçün xüsusi paltarlar geyinirdilər ki, üzləri də təbii olaraq bağlı olurdu) bir qadın çəkdi. Və Xaqan anidən yerindən qalxaraq onun yanına getdi, qolundan tutub əmrverirmişcəsinə, hökmlə məclisdən çıxardı.

 Qadının gözləri od, alov saçırdı sanki. Geyimi nisbətən bağlı olsa da, beli və ayaqları açıq idi. Onun möhtəşəm, mütənasib bədən quruluşu görən hər kişini heyran edəcək gözəllikdə idi. Niqabından kənara çıxmış, incə belinə qədər uzanan sarı saçları isə bir çiçəyə səpilmiş qızıl tozu təsiri bağışlayırdı. Bir sözlə, qadın xarici görkəmiylə mələk idi, mələk. Ancaq xisləti haqqında bunu demək olmazdı.

Xaqan qadını otaqlarından birinə gətirdi. Kənara çəkilib ondan niqabını açmasını istədi. Ancaq qadın xüsusi peşəkarlıqla davranıb hökmdarı yatağa doğru itələdi və cəsarətlə ayağını sinəsinə basdı. Bayan Xaqan məclisdə içdiyi içkinin təsiriylə və bu qadının ehtiraslı hərəkətlərinin sehrilə bihuş olmuşdu. Ona görə də qeyri ixtiyari şəkildə qadına tabe olurdu. Ancaq...

 İllər öncə, bir gecə ovdan qayıdarkən bir dəstə Bizans casusunun hücumuna məruz qalan Xaqan, ilk öncə onu və əsgərlərini qəfil gəlişiylə çaşdıran bir qadınla tanış olmuşdu. O qadın Bayan Xaqanın önünə çıxaraq yalvarmış və ağlayaraq ərini, oğlunu savaşda itirdiyini demişdi. Hökmdardan kömək istəyən qadına yardım üçün dəstədən ayrılan əsgərləri isə xain bir pusquda Bizans casusları qətl etdi. Sonra başqa bir dəstə Xaqana hücum etdi. O gün oradan canını güclə qurtaran Bayan Xaqan o qadını qaçarkən izləmiş, boynunun arxasında ilana bənzər damğa və yanında qədim yunan əlifbasıyla bir yazı görmüşdü. Xeyli müddət sonra, kəşfiyyatçılarına o damğanı, yazını araşdırmağını əmr edən Xaqana cavab gəldi. Cavabda gizli bir təşkilatdan bəhs olunurdu ki, o təşkilat adətən savaşlarda əsir götürülən qadınları məcburi olaraq (bəzən də könüllü) düşmən hökmdarlarına sui-qəsd hazırlamaq üçün yetişdirirdilər...

 Bayan Xaqan məclisdə içdiyi içkinin təsiriylə və bu qadının ehtiraslı hərəkətlərinin sehrilə bihuş olmuşdu. Ona görə də qeyri ixtiyari şəkildə qadına tabe olurdu. Ancaq saçlarını aralayıb boynundan öpmək istədiyi anda illər öncəki o damğanı, yazını təkrar gördü. Bir anda hər şeyi xatırlayan Bayan Xaqan içdiyi içkinin və qadınla yaşadığı ehtirasın təsirindən ayıldı.

 Həddi-buluğa çatan andan elmlə, sənətlə, hərblə eyni anda məşğul olan Bayanın çox adamın bilmədiyi bir xüsusiyyəti vardı. Bəli, o bəlkə də ölkədə ən güclü yaddaşa, zehnə malik idi. Uşaqlıdan bu yana oxuduğu kitabların demək olar ki, hamısını əzbər bilirdi. Hətta, ova gedərkən belə heyvanların hərəkətlərini, təbii şəraiti anında dərk edib hesablamağı bacardığı üçün nadir hallarda ovdan əliboş qayıdırdı. O da çox yorğun olduğu günlərə təsadüf edərdi.

 Bayan Xaqan qadının niqabını qəfildən əliylə açdı və illər öncəki həmin qadını gördü, ancaq yaş fərqi ilə. Bəli, bu, o qadının qızı idi. Təəssüflər olsun ki, anası kimi o da Bizans casusu idi və Tanrının ona bəxş etdiyi gözəlliyi murdar əməlləri üçün istifadə edirdi... Qadın elə birandaca əlini belinə atdı. Alt paltarında gizlətdiyi kiçik bıçağı çıxardı. Ancaq Xaqanı vura bilmədi. Çünki onun məqsədini boynundakı damğanı görən andan anlayan Bayan Xaqan istəməsə də, canını xilas etmək naminə iki əliylə qadının boğazına yapışıb bərk-bərk sıxmağa, boğmağa başladı. Qadın tədricən çapalayaraq canını tapşırdı. Bayan Xaqan dərin iztirab və gərgin ruh halıyla yataqdan qalxdı və qadının meydinə baxaraq, o zamanın qədim Türkcəsində, alçaq səslə, fahişə mənasını verən bir söz dedi. Bəli. Sadəcə bu.

 Fahişə sözünü o cinsi mənadan daha çox ruhi anlamda işlətmişdi. Bunu çox az adam dərk etsə də, fahişəlik psixoloji və ruhi bir xəstəlikdir əslində və əsrlər boyu vətənini, millətini, insanlığını – bir sözlə ruhunu satan adamlar fahişə sayılıblar aqil, kamil insanlar üçün...

Yaşadığı durumun gərginliyindən xilas ola bilməyən Bayan Xaqan əl-üzünü yuyaraq güzgü önünə gəldi və öz-özünə qəzəblə: - “Fahişəyə yatağını verən, düşmənə torpağını verər!” – deyə, səsləndi. Sonra hirsi soyumadığı üçün gərgin halda güzgüyə yumruq zərbəsi endirdi və biranda onu cilik-cilik etdi.

 Günlər sonra yeni savaş toplantısında Bayan Xaqan Bizansın və slavyanların tez-tez göndərdiyi casuslara misal çəkərək, əsgərlərinə: - “Fahişəyə yatağını verən, düşmənə torpağını verər!” - sözlərini təkrarladı. Sonralar bu onun devizinə çevrildi və bütün əsgərlər o andan etibarən yadellilərə qarşı daha amansız olacaqlarına, düşmənin hiyləgərliyini unutmayacaqlarına söz verdilər...

 Daha sonralar Bayan Xaqanın rəhbərliyilə Avarlar qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582-ci ildə). Bayan Xaqan hakimiyyəti dövründə dövlətinin sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirdi...

 O dövrün bir tarixçisinin araşdırmasına görə isə, qadınlardan fahişə təmsili casus olaraq istifadə etmək fəndini Bizans imperatorları qonşuluqdakı düşmənləri Sasani şahlarından öyrənmişdilər...

ELŞƏN İSMAYIL

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR