Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı nəşr olunub.
Redaksiya heyətində Çin, Rusiya, Ukrayna akademik qurumlarının və alimlərinin təmsil olunduğu jurnalın yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan ilk sayında elm tarixi və elmşünaslığın müxtəlif profillərinə və nəzəri problemlərinə həsr olunmuş yeni araşdırmalar yer alıb.
Elmi məcmuədə akademik icmanın mühakiməsinə jurnalın Baş redaktoru və təsisçisi, AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “Elmin inkişafinda elm tarixinin və elmşünaslığın rolu”, AMEA Fəlsəfə və Sosiologiya İnstitututunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin “K вопросу философии устойчивого развития”, Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Baş elmi işçisi, REA-nın müxbir üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Yuri Baturinin “Заметки к истории науки государства и права Азербайджанской Республики в переходный период распада СССР”, REA Arxivinin Elmi işlər üzrə direktor müavini Nadejda Osipovanın “Документы академика, геолога-нефтяника Ивана Михайловича Губкина в Архиве Российской Академии Наук”, Tümen Dövlət Universiteti “İnsan, Təbiət, Texnologiyalar” Şəbəkə Araşdırma Mərkəzinin Baş elmi işçisi A.V.Vinaqradov və həmin mərkəzin tədqiqatçı laborantı İ.İ.Mantserovun “Водяные недоразумения: загрязнение рек товариществом Тверской мануфактуры и становление научной экспертизы в поздней Российской Империи (1858-1910)”, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Zabil Bayramlının “Budaq Münşi Qəzvininin “Cəvahirül-əxbar” və onun Səfəvilər dövrü tarix elmində yeri”, AMEA Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəkər Muxtarovanın “Azərbaycanda Alqologiya tədqiqatları, formalaşması və inkişafı”, Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin kiçik elmi işçisi Elxan Quliyevin “Azərbaycanda elm tarixi üzrə ərəb və farsdilli qaynaqlar” adlı məqalələri təqdim olunub.
Qeyd edək ki, “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı ilk sayından etibarən Almaniyanın “Advanced Sciences İndex” (“İnkişaf etmiş elmlər indeksi”) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilib və qeydiyyatdan keçərək rəsmi müqavilə əldə edib. Elmi məcmuə “Advanced Sciences İndex”-də Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir və beynəlxalq xülasələndirməsi olan bazada dünyanın nüfuzlu jurnalları qeydiyyata alınıb.
Məlumat üçün bildirək ki, elmi jurnalın əsas fəaliyyət istiqaməti elm və texnika üzrə biliklərin genezisi, elmi məktəblərin formalaşması və inkişafı ( AMEA-nın, müxtəlif muzeylərin, institutların yaranması və inkişafı, görkəmli alimlərin həyat və yaradıcılığının, elmi nailliyyətlərinin təsviri), elmi inkişafın qanunauyğunluqlarının öyrənilməsi, elmin populyarlaşdırılması və dünya elmində aparıcı Azərbaycan alimlərinin əsərlərinin nəşr edilməsidir.
Üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunan jurnalın qarşıya qoyduğu başlıca vəzifələrdən biri Azərbaycan elminin beynəlxalq akademik ictimaiyyətə çatdırılması, dünya təcrübəsinin öyrənilməsi, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılması və mübadilə aparılmasıdır.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur. Elmi məcmuə AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli 12/7 nömrəli qərarı ilə təsdiq edilmiş və 21 sentyabr 2021-ci il tarixində isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə daxil edilmişdir.
Jurnalın elektron variantı ilə tanışlıq üçün bu linkə (https://jhsss.net/) müraciət edə bilərsiniz.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət