Slimfit
  1. MEDİA

Elm Tarixi İnstitutu 2020-ci ilə dair illik hesabatını təqdim edib

Elm Tarixi İnstitutu 2020-ci ilə dair illik hesabatını təqdim edib
Sakura

Elm Tarixi İnstitutu 2020-ci ilə dair illik hesabatını təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 2020-ci ilə dair illik hesabatını təqdim edib.

Hesabatda bildirilib ki, 2020-ci ildə Elm Tarixi  İnstitutunun əməkdaşları Pandemiya dövrünün və sərt karantin günlərinin çətinliklərinə baxmayaraq səmərəli elmi fəaliyyət göstərmiş, elmi müəssisənin profil istiqamətləri üzrə araşdırmalar aparmış və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirmişlər. Qeyd olunub ki, cari ildə İnstitutda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülmüş, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir.

İl ərzində İnstitut tərəfindən 2020-ci ilin uğurlu nəticələri olaraq “Akademiya — sənədlər külliyatı, qərarlar, protokollar  və yazışmalar (1920-1991)” və “Azərbaycan tibbinin korifeyləri” daxil olmaqla 5 kitab çap edilmiş, 4 kitab isə çapa təqdim edilmişdir. Çapa təqdim edilmiş kitablardan biri Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin Rusiyanın Sankt-Peterburq şəhərində nəşr ediləcək “Azərbaycanlı alim Nəsrəddin Tusinin əlyazma irsi” adlı tədqiqat əsəridir.

İnstitutun əməkdaşları tərəfindən ümumilikdə yerli və xarici elmi jurnallarda 30-a yaxın məqalə işlənilib ki, bunlardan 5-i “Web of Science” və “Scopsus” bazalarında indeksləşən xarici jurnallarda dərc edilib.

Hesabatda bildirilir ki, İnstitut əvvəlki fəaliyyətinin davamı olaraq 2020-ci ildə də beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət ayırıb və dünya üzrə Rusiya, Çin, Ukrayna və Polşada fəaliyyət göstərən Elm Tarixi İnstitutları ilə əməkdaşlığı daha da inkişaf etdirib. Cari ildə Elm Tarixi İnstitutu Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqın (IUHPS) Elm və Texnologiyanın tarixi şöbəsinə assosiativ üzv qəbul edilib, İnstitutun direktoru M.Seyidbəyli Ukrayna Milli Elmlər Akademiyası Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutunun Elmi şurasına və Ukrayna və Azərbaycanda iki beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilib. İnstitutun Elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə Braziliyada nəşr edilən beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib.

İl ərzində İnstitutun təşkilatçılığı və Rusiya, Ukrayna, Macarıstan və yerli alimlərin iştirakı ilə elmşünaslıq mövzusunda beynəlxalq elmi seminar keçirilib. İnstitutun direktoru M.Seyidbəyli İtaliya və Rusiyada keçirilən 3 beynəlxalq konfransda məruzə edib. Elmi müəssisənin digər əməkdaşları – Elmi katib dosent Zaur Əliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev,  sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədova, kiçik elmi işçi Röya Mirzəbəyova  Kanada, Türkiyə, Rusiya və Qazaxıstanda keçirilmiş bir sıra virtual beynəlxalq elmi konfrans və seminarlarda  iştirak edərək məruzələr təqdim ediblər.  

Hesabat ilində Elm Tarixi İnstitutunun təşkilatçılığıyla Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələrək görkəmli ədib, ictimai-siyasi xadimlər Əbdürrəhim bəy Haqverdiyev və Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş respublika əhəmiyyətli 2 elmi konfrans keçirilib. Eyni zamanda 20 yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Ümumxalq Hüzn Gününə həsr edilmiş anım tədbiri, həmçinin, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə, “Qarabağ Azərbaycandır!” və “Qarabağ müharibəsində Azərbaycan qadınları” mövzularına həsr olunmuş 3 virtual elmi seminar və digər tədbirlər keçirilib.

2020-ci ildə Elm Tarixi İnstitutunun mühüm yeniliklərindən biri də “Elm tarixi və elmşünaslıq” adlı beynəlxalq elmi jurnalının AMEA Rəyasət  Heyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində  rəsmən qeydiyyata alınaraq fəaliyyətə başlamasıdır.

Öz fəaliyyətində elmi istiqaməti əsas götürməklə yanaşı, vətəndaşlıq mövqeyini də unutmayan İnstitut əməkdaşları Qarabağ müharibəsi zamanı kollektiv və fərdi olaraq əllərindən gələn maddi və mənəvi dəstəyi əsirgəməyiblər.

İl ərzində İnstitutun əməkdaşları – direktor M.Seyidbəyli , Elmi katib Z.Əliyev və şöbə müdirləri Z.Əmrahov və B.Quliyev mütəmadi olaraq mediada müxtəlif platformalarda çıxış etmiş, müsahibələr vermişlər.  

İnstitutun fəaliyyəti sosial şəbəkələrdə və  KİV-də işıqlandırılmış, media ilə əməkdaşlıq davam etdirilmiş, elmi müəssisənin veb orqanı https://historyofscience.az/ saytı mütəmadi olaraq yenilənmişdir.

Qeyd edək ki, hesabat Elm Tarixi İnstitutunun Elmi şurasının iclasında müzakirə edilmiş və müsbət dəyərləndirilmişdir.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR