Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əllərinizi düzgün yuyub qurulayırsınızmı?

Əllərinizi düzgün yuyub qurulayırsınızmı?
Sakura

Əllərinizi düzgün yuyub qurulayırsınızmı?

Əllərinizi yuyun! Çox sadə səslənir, amma əslində elə deyil.

Tualetdən çıxdıqdan sonra, yeməkdən öncə və ya ictimai nəqliyyatdan istifadə etdikdən sonra, əlləri yumağın xəstəliklərin yayılmasının qarşısını aldığından bir çoxumuz xəbərdarıq. Amma, insanların təkcə 5%-i əllərini düzgün yuyur.

3 mindən çox insanın iştirak etdiyi araşdırmaya əsasən, ictimai tualetlərdən istifadə edənlərin 10%-i əllərini yumur və yuyanların da 33%-i sabundan istifadə etmir.

Təəssüf ki, bu, önəmlidir. Çünki, əlimizi istər-istəməz üzümüzə aparırıq və mikroblar burnumuz və ya ağzımız vasitəsilə bədənimizə daxil ola bilərlər.

Braziliya və ABŞ-da tədqiqatçılar müəyyənləşdiriblər ki, biz ictimai məkanlarda əlimizi səthlərə bir saatda 3.3 dəfə vururuqsa, ağzımız və burnumuza 3.6 dəfə toxunuruq.

Heç şübhəsiz ki, əlimizi düzgün yumaq məcburiyyətindəyik.

Məsələ burasındadır ki, bu barədə çoxlu uydurmalar mövcuddur.

Əlinizin təmiz olması üçün su soyuq olmalıdır, yoxsa isti?

ABŞ-da 500 yetkin insan arasında aparılan sorğuda 69% suyun dərəcəsinin əlin təmizlənməsində rolu olduğuna inandığını deyib.

Düzdür, isti bakteriyaları məhv edir (buna görə də bəzi qidaları qaynadıb yeyirik), lakin, bunun üçün əlinizi qaynar su ilə yumalısınız.

Məsələn, salmonella 55 dərəcə istidə 10 dəqiqə yaşaya bilir. Əgər əlinizi 30 saniyədən artıq 55 dərəcə isti suda saxlasanız yanar.

Əlimizdə 4.4 və 55 dərəcə selsi arası isti su ilə yuduqdan sonra, nə qədər mikrob qaldığını müəyyənləşdirmək üçün Floridalı tədqiqatçılar əlcək-şirə üsulundan istifadə ediblər.

Könüllülər əllərini bakteriya dolu şorba və ya çiy çəkilmiş ətə bulaşdırıblar. Sonra isə əllərini müəyyən dərəcəli su ilə yuyublar və lateks əlcəklər geyiniblər. Həmin əlcəklərin içinə xüsusi maye tökülüb. Bir dəqiqə masaj etdikdən sonra, həmin maye pipet vasitəsilə sovrularaq laboratoriyaya göndərilib.

Aşkar olunub ki, suyun soyuq, ilıq və ya isti olması əldə qalan bakteriyaların sayında heç bir böyük fərq yaratmır.

Əksər tədqiqatçılar düşünür ki, kağız dəsmallar ən gigiyenik əl qurutma üsuludur

 

İctimai ayaq yollarında isti su olsa belə, biz insanın şıltaq təbiətini unutmamalıyıq.

Sınaqlarda əlin yuyulması üçün vaxt dəqiq hesablanmış olur, lakin, real həyatda su çox isti və ya çox soyuq olduqda əlimizi tez-tələsik yuyuruq.

Əli suyun altına salıb-çıxarmaq da bəs etmir və bəzən əlimizi uzun müddət xoş ilıq suyun altında saxlamağı sevirik.

Anti-bakterial yuyucu vasitə sabundan yaxşıdırmı?

Bu haqda da çoxlu araşdırmalar aparılıb.

2007-ci ildə aparılan ən yaxşı tədqiqatların nəticəsi kimi anti-bakterial yuyucu vasitədə olan - triclosan - maddənin, əldə qalan bakteriya sayını sabunla yuyulduqdan sonra qalan bakteriya sayından az saxlamadığı aşkarlanıb.

Bu vasitələr infeksiyaların qarşısının alınmasında da sabundan heç də yaxşı təsir göstərmirlər.

Mövzu üzrə 2015-ci ildə aparılan ən son araşdırmada da eyni nəticə əldə edilib.

Eyni zamanda, bir çox laboratoriya sınaqları da göstərib ki, triclosan anti-bakterial müqaviməti zəiflədərək heyvanlarda hormon səviyyəsinə təsir edə bilir.

Buna görə də əl yuyucu vasitələrin tərkibinə triclosan qatılması ABŞ və Avropa İttifaqı ölkələrində qadağan olunub.

Yəni, sabun və alışdığınız su temperaturu elə ən yaxşısıdır.

Yuduqdan sonra əli qurutmağa ehtiyac varmı?

Tələsəndə əlimizin suyu axa-axa işimizə davam edirik və beləcə əlimiz quruyur.

Əgər ayaq yolundan çıxarkən heç nəyə toxunmasanız, bunun bir ziyanı yoxdur.

Yox əgər əl vursanız, o zaman mikroblar əlinizə daha çox yayıla bilər, çünki, mikroblar nəmişlikdə sürətlə yayılırlar.

Əli qurutmağın faydalarından biri də, qalan mikrobları da silib ata bilməkdir.

Əl qurutma feni, yoxsa dəsmal?

Bu barədə çoxlu müzakirələr gedir.

Əksər məqalələrdə bir dəfəlik istifadə üçün nəzərdə tutulan kağız dəsmallara üstünlük verilir.

Bu həm də ona görə sərfəlidir ki, elektrik quruducu, işini daha gec tamamlayır.

Yeni Zelandiyada aparılan bir araşdırmada (qeyd etməliyik ki, tədqiqat Yeni Zelandiya Dəsmal Xidməti tərəfindən maliyyələşdirilib) müəyyən olunub ki, insanlar əldəki suyun fen vasitəsilə buxarlanması üçün 45 saniyə gözləməlidirlər.

Əksəriyyətimiz üçün bu vaxt kəsiyi çox uzundur.

Əlbəttə ki, hazırda bu işi daha sürətlə tamamlayan reaktiv fenlər mövcuddur.

Onlar kağız dəsmallar qədər tez və effektiv şəkildə köməyimizə çatırlar. Kağız dəsmal və ya reaktiv feni 10 saniyə istifadə etmək, eyni nəticəni verir.

Köhnə əl quruducuları uzun vaxt aparırdı - lakin, müasir reaktiv quruducular çox sürətlidir

 

Lakin, reaktiv quruducular da tənqid atəşinə tuş gəliblər. Belə ki, onların son dərəcə güclü olması, mikrobların otaqda sürətlə yayılmasına səbəb olur.

Westminster Universiteti tərəfindən aparılan bir tədqiqatda, güclü əl fenlərinin virusu otaq boyunca 1.5 metr hərəkət etdirdiyi üzə çıxıb.

Daha sonrakı bir tədqiqat isə virusun üç dəfə daha artıq məsafədə yayıldığını deyib.

Bənzəri tədqiqatların əksəriyyəti adətən, dəsmal satışından pul qazanan dəsmal sənayesi tərəfindən maliyyələşdirilir.

Buna baxmayaraq, müəlliflər müzakirələrə açıqdırlar və məqalələr də sanballı jurnallarda dərc olunur.

Növbəti addım isə əsl ictimai tualetlərdə aparılmalıdır, nəinki laboratoriyada.

Həmçinin, insanların seçimləri də nəzərə alınmalıdır. İnsanların əllərini qurutması uğrunda atılan istənilən uğurlu üsul təqdirəlayiqdir.

Tualetləri daha gözəgəlimli etməkdən başlamaq olar.

ABŞ-ın universitet şəhərlərindən birində 3 mindən çox insanı müşahidə edən bir tədqiqat göstərib ki, təmiz və səliqəli ayaq yollarında insanlar əllərini yumağa daha çox meylli olurlar.

Çirkli çanaq görənlər ayaq yolunu cəld tərk etməyə can atırlar.

Ürəyinizə yatan əl yumaq və qurutmaq üsulundan asılı olmayaraq, tədqiqatın gəldiyi nəticə odur ki, buna daha uzun müddət sərf edəsiniz.

Sabunu ələ yaymaq, barmaqların ucuna irəli-geri "masaj etmək", barmaqların arası və dırnaqların altını yaxşıca təmizləmək ən az 15-30 saniyə arası vaxt alır.

Vaxtın tez keçməsi üçün Keçi şerini iki dəfə oxuya bilərsiniz (ictimai ayaq yolunda ürəyinizdə oxumaq məsləhətdir).

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR