Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əliyar Əliyev Yusif oğlu

Əliyar Əliyev Yusif oğlu
Sakura

DOĞUM TARİXİ: 14/12/1957

 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qazyan kəndində doğulmuşdur. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləmişdir. 1980-ci ildə hərbi xidmətə getmişdir. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllim işləmişdir. 1983-cü ildə yenidən doğma yurda qayıtmışdır. O, bir müddət rayon orta məktəbində müəllim işləmiş, “Məhsul” kənd Könüllü İdman Cəmiyyətində məşqçi olmuş, 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilmişdir. O, respublikanın adlı-sanlı idmançılarından biri sayılırdı. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qalib gəlmişdi. Gənc pəhləvan, eyni zamanda, bir sıra mühüm yarışların hakimi və baş hakimi olmuşdu. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu idi, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunurdu.

Ə.Əliyev respublikamızda gedən ictimai-siyasi hadisələrdə yaxından iştirak edirdi. O, rayonda Xalq Hərəkatına rəhbərlik edir, demokratik qüvvələrin birləşməsində yüksək təşkilatçılıq qabiliyyəti göstərirdi. Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü gedənlərdən biri də Ə.Əliyev olmuşdur. 1990-cı ilin aprel ayında düşmənin Başarat kəndinə və mühüm strateji əhəmiyyəti olan ətraf yüksəkliklərə böyük qüvvə ilə hücum edəcəyi gözlənilirdi.Tabor komandiri düşmənin taktikasına yaxşı bələd idi.O, hücumun ya gecəyarıdan keçmiş, ya da səhər açılmamış başlayacağını təxmin etmişdi və zənnində yanılmamışdı. Dan yeri sökülməmiş, Topağac yüksəkliyi toplardan şiddətli atəşə tutuldu. Ə.Əliyevin başçılıq etdiyi dəstə hücumu qətiyyətlə dəf edərək, düşmənə güclü əks-zərbə endirdi. Cəsur komandirin uzaqgörənliyi nəticəsində döyüş tam qələbə ilə başa çatdı; düşmən xeyli canlı qüvvə və hərbi texnikasını itirərək, geri çəkilməyə məcbur oldu. 1992-ci il sentyabrın 30-da Ə.Əliyevin komandirlik etdiyi tabor Laçın rayonunun ərazilərini erməni işğalçılarından azad etmək üçün güclü hücum əməliyyatına başladı. Qısa müddət ərzində düşmənin 30-dan artıq mövqeyi darmadağın edildi. Sonra Laçın rayonunun mərkəzində gedən döyüşlər... Onun adı bir əfsanəyə dönmüşdü. Hər yerdə onun rəşadətindən danışırdılar.

1992-ci il... Oktyabrın 3-ü... Şurumbaşı yüksəkliyi... Qanlı döyüşlər... Əliyar Əliyevin taboru “Tikanlı zəmi” deyilən dağa qədər irəliləmişdi. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. Lakin o, yüksəkliyə çata bilmədi, düşmən gülləsinə tuş gələrək şəhid oldu.

Evli idi. Üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 saylı fərmanı ilə mayor Əliyar Yusif oğlu Əliyev Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qubadlı rayonunun Qazyan kəndində dəfn edilmişdir.

Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı tabor və Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR