Əlilliyin müəyyənləşdirilməsi üçün yeni meyarlar hazırlanıb
Gələn ildən ölkəmizdə əlilliyin müəyyən edilməsi sahəsində yeni meyarlar tətbiq ediləcək. Bu barədə AZƏRTAC-a məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Sabir Qocayev deyib: “Əvvala, onu qeyd edim ki, əlillik dərəcəsi Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlillik qaydalarının müəyyən olunması” haqqında normativ hüquqi sənədə əsasən müəyyənləşdirilir. Hazırda həmin sənədin yenilənməsi üçün iş aparılır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin son vaxtlar əhaliyə göstərilən sosial xidmətlərin və ümumilikdə əhalinin rifahının yaxşılaşdırılmasına hədəflənən sosial xarakterli çoxsaylı Sərəncamlar imzalayıb. Əlilliyin beynəlxalq mütərəqqi təcrübəyə əsasən müəyyənləşdirilməsi tapşırığı da bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran mühüm islahat tapşırıqlarından biridir.
Bütün bunları nəzərə alaraq dünyada, xüsusilə Avropa ölkələrində tətbiq olunan praktikanın ölkəmizə gətirilməsi üzərində intensiv iş aparılır. Məlum olduğu kimi, dünyada əlilliyə yanaşma ilə bağlı iki model tətbiq edilir: tibbi və sosial. Hazırda əlilliyin qiymətləndirilməsi tibbi model əsasında aparılır. Yəni xəstəliyi, sağlamlıq problemi olan şəxsə müavinət təyin olunur və müəyyən edilmiş müddətdə həmin müavinət ödənilir. Bu, daha çox ümumiləşmiş bir yanaşmadır”.
Şöbə müdiri yeni sənəd üzərində aparılan iş barəsində danışarkən deyib: “Biz "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT Konvensiyasının tələblərindən irəli gələrək sosial modelin ölkəmizdə tətbiq edilməsi üçün müəyyən addımlar atırıq. Verilmiş tapşırıqların keyfiyyətli və tam icrasını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi işçi qrup yaradılıb. İşçi qrup tərəfindən əlilliyin müəyyən olunması meyarları sahəsində ən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib, Rusiya, Avstriya, Böyük Britaniya, ABŞ və Almaniyanın təcrübələri öyrənilib, Avropa İttifaqının “fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi araşdırılıb. Həmin ölkələr, eləcə də bir sıra dünya ölkələrində epidemiologiya, sağlamlığın idarə olunması və kliniki məqsədlər üçün Dünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan Xəstəliklərin Beynəlxalq Təsnifatında X buraxılış və funksionallığın beynəlxalq təsnifatından geniş istifadə olunur.
“Əlilliyin müəyyən olunması meyarları”nın hazırlanmış yeni layihəsi də Beynəlxalq Səhiyyə Təşkilatının Xəstəlik Beynəlxalq Təsnifatı əsasında xəstəliklərin bölgüsünün aparılması, insan orqanizmi funksiyalarının sabit pozuntularının geniş və təfsilatlı təsvirinin verilməsi, orqanizm funksiyalarının sabit pozuntularının 10-100 faiz diapozonunda qiymətləndirilməsi və bundan irəli gələrək beynəlxalq təsnifat əsasında özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti kimi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə əlilliyin müəyyən olunmasına dair meyarları özündə ehtiva edir. Dünya Səhiyyə Təşkilatının bu sahədə standartları var və burada həm xəstəliyin, həm də funksionallığın beynəlxalq təsnifatı öz əksini tapıb. Burada funksionallığın 7 kateqoriyası müəyyənləşdirilib. Yeni hazırlanan meyarlar çox böyük bir sənəddir və onun hazırlanma prosesində Səhiyyə Nazirliyinin ayrı-ayrı sahələr üzrə 15 baş mütəxəssisi iştirak edib, uzun müddət aparılan müzakirələrdən sonra beynəlxalq ekspertlərin rəyi alınaraq sənəd hazırlanıb və təsdiq edilmək üçün Nazirlər Kabinetinə göndərilib”.
Nazirlik rəsmisinin dediyinə görə, əlilliyin müəyyənləşdirilməsi üçün yeni layihə artıq Nazirlər Kabinetinə təqdim olunub və ictimai müzakirə aparılması üçün nazirliyin veb-saytında yerləşdirilib. Bu il əlilliyin təyin edilməsindəki yeni meyarlar üzərində hazırlıq işi gedəcək. Həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində olan Tibbi-Ekspert Komissiyaları, həm İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də Səhiyyə Nazirliyinin tibb müəssisələri əməkdaşlarına təlimlərin keçirilməsi və informasiya sisteminin təkmilləşdirilməsi üzrə aidiyyəti tədbirlər görüləcək. 2020-ci il yanvarın 1-dən isə yeni sistem tətbiq olunmağa başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət