Əlilliyi olan şəxslər iş ilə təmin ediləcəklər
Nazirliyin mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, layihə BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı ilə “British Council” tərəfindən icra olunur.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, ölkə iqtisadiyyatının dinamik artımı yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb.
Həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi istiqamətində atılan addımlardan danışan nazir müavini, özünüməşğulluğunun təşkili zamanı əlilliyi olan şəxslərə üstünlük verildiyini bildirib. M.Kərimli həm məşğulluq, həm də əlilliyi olan şəxslərlə bağlı mövcud qanunvericilikdə sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi məsələlərin əks olunduğunu qeyd edib. O bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması cəmiyyətin yetkinliyinin göstəricisi olmaqla yanaşı, iqtisadiyyatımız üçün dəyərli resursdur. Layihədə iştirak edən biznes nümayəndələri korporotiv sosial məsuliyyət prinsipi konsepsiyasını daha da inkişaf etdirməklə, həssas əhali qruplarının nümayəndələrini öz sıralarında artıra və digər şirkətlərə nümunə ola bilərlər.
BP Azərbaycan şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi digər layihələrdən fərqli olaraq cəmiyyətin ən həssas təbəqəsini hədəf götürür. O bildirib ki, məqsəd həmin şəxslər üçün məşğulluq imkanlarının artırılmasıdır. B.Aslanbəyli vurğulayıb ki, layihənin Azərbaycanda əlilliyi olan şəxslərin iqtisadi
baxımdan cəmiyyətə tam inteqrasiyası üçün tendensiya yaratmaq potensialı var və buna görə də bu layihə BP Azərbaycan şirkəti və layihəni dəstəkləyən digər tərəfdaşlar üçün çox əhəmiyyətlidir.
“British Council”ın ölkə üzrə direktoru Samr Şah qeyd edib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin bacarıqlarını artıraraq onların məşğulluq imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində sosial bacarıqlar, kompyuter və ingilis dili üzrə təlimlər həyata keçirilir. Layihədə 81 nəfər əlilliyi olan şəxs iştirak edir.
Əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məlumatlılığın artırılması və iştirakçılar üçün iş və ya iş üzrə təcrübə imkanlarının axtarılması məqsədi ilə təsis edilmiş işə götürənlərdən ibarət İcraiyə Komitəsinin üzvləri öz təkliflərini veriblər.
Qanunvericiliklə bağlı məlumatlanmanın artırılması, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə əlilliyi olan şəxslərin “uğur hekayələri”nin təbliği, həssas əhali qruplarına mövcud tələblərə uyğun peşə hazırlığının gücləndirilməsi və s. imkanlardan istifadə etməklə layihənin əhatə dairəsini genişləndirmək qərara alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət