Əlil idmançımızdan örnək: Məşq üçün Şamaxıdan Bakıya gəlir
Xatirə İsmiyeva adlı bir paracüdo ilə məşğul olan idmançımız var. Görmə qabiliyyəti tamamilə yoxdur. O, həftədə üç dəfə Şamaxıdan Bakıya məşq etməyə gəlir.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov bu gün media mənsubları ilə görüşərkən deyib.
O bildirib ki, 13-14 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pridə Azərbaycanı təmsil edəcək 10 qadın idmançıdan biri Xatirə İsmiyevadır. Komitə sədri +70 kq çəki dərəcəsində tatamiyə çıxacaq İsmiyevanın idmana olan həvəsindən bəhs edib:
“Paracüdo millisinin baş məşqçisi Ramin İbrahimov bir il əvvəl onu Şamaxının Ərəbşalbaş kəndindən tapıb. Şamaxıda cüdo ilə məşğul olmaq üçün o qədər də yaxşı şərait olmadığından, onun atası Xatirəni həftədə üç dəfə Bakıya gətirir. Bəlkə də, dünyada ikinci belə bir idmançı yoxdur ki, həftədə üç dəfə məşq etmək üçün uzun yol qət etsin”.
Qeyd edək ki, Xatirə İsmiyeva hazırda qadın paracüdo millimizlə birgə Şamaxı Olimpiya Kompleksində təşkil olunan təlim-məşq toplanışında iştirak edir.
Səbuhi MUSAYEV
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət