Slimfit
  1. MARAQLI

Əliağa Şıxlinskinin ömrünün sonları

Əliağa Şıxlinskinin ömrünün sonları
Sakura

Əliağa Şıxlinskinin ömrünün sonları

Bəzən elə arxiv sənədlərinə rast gəlirik ki, onu dərc edib-etməmək barədə xeyli düşünməli olursan. Bizi tərəddüdlər içərisində buraxan sənədlərdən biri də general Əliağa Şıxlinskinin vəsiyyətnaməsidir. Uzun götür-qoydan sonra nəhayət dərc etməyə qərar verdik. Hərb tariximizin araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından əldə etdiyimiz həmin arxiv sənədini – generalın yazdığı “Ailə vəsiyyətnaməsi”ni təqdim edirik. Şəmistan müəllimin də dediyi kimi, vəsiyyətnamələri Sizə təqdim etməkdə bircə məqsədimiz var: xalqımız üçün əvəzsiz xidmətlər göstərmiş general Əliağa Şıxlinskinin nikbinliyinə, qayğılarına Siz də şərik olun.

“Mənim ölümümdən sonra, əmlakımdan nə qalarsa: mebel, qab-qacaq, geyim şeyləri və başqa əşyalar, eləcə də qalmış nəğd pul məbləğini - həyatımın kimsəsiz  illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova (Bаhаdır bəy Мirzə Hüsеyn Əfəndi оğlu Qаyıbоv (1878-1949 Əliаğа Şıхlinskinin qаynıdır. Оnlаr həm də qоnşu оlmuşlаr) və onun arvadı Qayıbovaya (Vаrvаrа Qаyıbоvа dоktоr Bаhаdır bəyin аrvаdı - müəl.) vəsiyyət edirəm.

Yazılanları öz şəxsi imzam ilə təsdiq edirəm.

30 oktyabr 1933-cü il,

Bakı, Əliağa Şıxlinski

 ***

Biz mətnin altında imza atmış şəxslər, aqronom Nəsrulla Əlizadə və texnik Sadıq Əlizadə şahidik ki, Əliağa Şıxlinski 30 oktyabr 1933-cü ildə bizim iştirakımızla vəsiyyətnaməni tərtib edib, imzalayarkən tam sağlam əqlə və yaddaşa malik idi. 1. Nəsrulla Əlizadə, 2. Sadıq Əlizadə.

Əziz Bahadır və Varya!

Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda mənim “əmlakım” mənim dəfnolunma və ən sadə qəbir daşı qoyulma xərclərinə belə bəs etməz, bu halda mənim vəsiyyətnaməm gülünc hal almış olar. Lakin ona əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xanımın vəfatından  sonra, siz məni qayğı ilə hərtərəfli əhatə edərək, onsuz yaşadığım günləri mənim üçün mümkün və dözümlü etdiyinizə görə, mənim sizə qarşı olan minnətdarlığımın həddi-hüdudu yoxdur.

Bu qəni minnətdarlığı mən özümlə qəbir evinə belə aparacağam. Sizin mənə qarşı mərhəmətinizə görə Allah sizdən razı olsun.

Sizi sevən

Əliağa Şıxlinski

Bakı, 30X-1933-cü il

 ***

3.01.1938-ci il

Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var idi ki, onlar Bahadır və Varyanın mənə göstərdikləri qayğı və mənəvi köməklikdən əlavə, maddi yardımlarını qismən ödəyə bilərdi.

Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu.

Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə qəbir daşına kifayət edərsə, ona da Şükür. Heç bir ehsan və elan lazım deyil.

Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar.

Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın,

Əliağa Şıxlinski.

***

Son rica /xahiş/

• Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin.

• Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın.

• Qəzetdə elan verməyin.

• Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmuş cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun.

• Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, muasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.

• Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtub, üstündə yazarsınız: Əliağa Şıxlinski - heç bir tarix lazım deyil.

Əliağa Şıxlinski

Bakı, 13.03.1942-ci il.

Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyulmasın.

Əliağa ŞIXLİNSKİ.”

 

Müəllif: Rəşad Sahil 

Mənbə: Enter.news

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR