Slimfit
  1. AZƏRBAYCAN

Əli Qasımov: "İmzalanan bu memorandum Gəncə Dövlət Dram Teatrının çəkdiyi zəhmətin bəhrəsidir"

Əli Qasımov: "İmzalanan bu memorandum Gəncə Dövlət Dram Teatrının çəkdiyi zəhmətin bəhrəsidir"
Sakura

Əli Qasımov: "İmzalanan bu memorandum Gəncə Dövlət Dram Teatrının çəkdiyi zəhmətin bəhrəsidir"

Teatr incəsənətin məbədidir. Bu məbədə girənlər bir anlıq özlərini gələcəyin və keçmişin ağuşunda hiss edirlər. Teatr - canlı sənətdir. Teatra getmək də, baxmaq da, hətta onun haqqında düşünmək də maraqlıdır. Məhz bu maraq bizi Nizami yurdunda böyük sənət yolu keçmiş Gəncə Dövlət Dram Teatrına gətirdi. Hansı teatrda ki, vaxtı ilə Azərbaycanın görkəmli rejissorları, tanınmış sənətkarları fəaliyyət göstəriblər. Gəncə Dövlət Dram Teatrı onların əməyi və səyi nəticəsində bu günə kimi bir çox nəaliyyətlər qazanıb və qazanmağa da davam edir. Belə ki, bu yaxınlarda doğma teatr daha bir uğura imza atmaqla öz tarixini yeniləyib. Gəncə Dövlət Dram Teatrı Gürcüstanın Ozurgeti Dövlət Teatrı ilə memorandum imzalayıb. 

Bu və digər məsələlər barədə Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov 101.az saytına ətraflı müsahibə verib:

-Xoş gördük Əli müəllim. Bildiyimiz kimi Gəncə Dövlət Dram Teatrı daha bir uğura imza atıb. Belə ki, Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrı ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. Bu münasibətlə sizi və kollektivinizi təbrik edir, uğurlar arzu edirik. Sualım belə olacaq, memoranduma gedən yol haralardan keçdi, ümumiyyətlə bu əməkdaşlıq hardan qaynaqlandı?

-Çox sağ olun. Mən də öz növbəmdə bu məsələni işıqlnadırıdığınız üçün sizə dərin təşəkkürümü bildirirəm. Nəzərinizə çatdırım ki, Gəncə Dölət Dram Teatrı son 7 ildə 16 dəfə xarici ölkələrdə keçirilən teatr festivallarında iştirak edib. Həmin festivallardan kollektivimiz bir çox mükafatlarla geri dönüb. Mükafatlarımız adətən ən yaxşı aktyor, rejissor işinə görə təqdim olunub. Son 2 festivaldan biri Türkiyədə, digəri isə Gürcüstanda reallaşıb. Türkiyədəki festivala Elşad Əhmədovun quruluş verdiyi Tuncer Cücenoğlunun “Matruşka” əsəri ilə qatılmışdıq. Gürcüstanda isə Nodar Dumbadzenin 150 illik yubileyinə həsr olunan festivalda çıxışmız olub. Orada biz Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovanın quruluş verdyi “Hellados” tamaşası ilə çıxış etmişik. Həmin festivalda 12 dövlətin teatr nümayəndələri iştirak edirdi və festivalda heç bir xüsusi diplomlar nəzərdə tutulmamışdır. Yalnız iştirakçılar üçün müəyyən mükafatlar verilirdi. Lakin bizim tamaşaya baxdıqdan sonra münsiflər heyyəti qərara gəldi ki, “Hellados” tamaşası üçün xüsusi diplom verilsin. Çünki çox bəyənmişdilər. Beləliklə, biz birinci dərəcəli diploma layiq görüldük. Eyni zamanda Tiflisin Axmateli teatrının baş rejissoru da həmin festivalda idi. O, bu tamaşadan zövq aldığını bildirdi və bizi özünün çalışdığı teatra dəvət etdi. İradə xanım Gözəlova “Hellados” tamaşasına Axmateli teatrının səhnəsində də quruluş verdi. Biz özümüz də premyerda iştirak etdik. Beləcə teatrlarımızın arasında qarşılıqlı sənət mübadiləsi yarandı. Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, ümumiyyətlə Gürcüstanda sadəcə sənət adamları yox, tamaşaçılar da teatra çox böyük maraq, diqqət göstərirlər. 




-Əli müəllim, o zaman belə çıxır ki, bu memorandum teatrın zəhmətinin bəhrəsidir. İmzalanan əməkdaşlıq haqqında da məlumat verərdiniz. Gəncə Dövlət Dram Teatrı bu əməkdaşlıqdan nələr gözləyir?

Bəli, onu düz vurğuladınız ki, bu bizim heyətin çəkdiyi zəhmətin bir növ bəhrəsidir. Ozurgeti teatrının kollektivi ilə ünsiyyətimiz oldu. Biz orada da çıxış etdik və teatrın bədii rəhbəri çox arzuladı ki, bizimlə dostluq əlaqələri yaratsın. Bu minvalla Teatr Xadimlər İttifaqına müraciət göndərildi. Azərpaşa Nemətovun təşəbbüsü ilə 5 aprel tarixində Gəncə Dövlət Dram Teatrı öz uğurlarına daha bir uğur əlavə etdi. Ozurgeti Dövlət Dram teatrı ilə qarşılıqlı memorandum imzalandı. Müqaviləyə əsasən ildə bir dəfə teatrların mübadiləsi baş tutacaq. Belə ki, bir il Ozurgeti Dövlət Dram Teatrı Gəncənin səhnəsində, digər il isə bizim teatr onların səhnəsinə çıxış edəcək. 



-Əli müəllim, Gürcüstan teatrı bizim səhnədə hər hansı bir tamaşanı öz dillərində nümayiş edəcəklər. Eləcə də biz. Bəs tamaşaçıya bu necə çatdırılacaq.?

- Texniki imkanlardan istifadə edərək tamaşanı tərcüməçi vastəsi ilə izləyicilərə təhvil verəcəyik. Onu da xüsusilə vurğulayım ki, belə bir qarşılıqlı təmasın yaranması hər iki teatr kollektivi üçün çox böyük bir uğur deməkdir. Bununla hər iki tərəf öz təcrübəsini artıraraq bir çox nailiyyətlər əldə edəcək. 

-Memorandum haqqında ətralı məlumat verdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. İndi isə qayıdaq doğma teatrımıza. Teatr hansı festivallarda iştirak edəcək? 

- Hazırda bizim aprel ayının 12-də Türkiyənin Adana şəhərində təşkil olunan festivala səfərimiz gözlənilir. 13 nəfərlik heyətlə həmin səfərə hazırlaşırıq. O festivala da İradə xanımın hazırladığı “Hellados” tamaşası ilə gedəcəyik. Onu da qeyd edim ki, həmin ərəfədə bizim daha bir səfərimiz olacaq. Aprel ayının 18-də biz eyni əsərlə Konyada təşkil edilən festivala da qatılacayıq. 



- Bu yaxınlarda Elşad Əhmədovun quruluş verdiyi yazıçı Xəzangül Hüseynovanın “Xərabət gözəli” əsərinin tamaşasının premyerası oldu. Yaxın aylarda daha hansı tamaşaların premyeraları gözlənilir?

-Adətən Gəncə Dövlət Dram Teatrında ildə 4 tamaşa hazırlanır. Bunlardan biri dediyiniz kimi Xəzangül xanımın “Xərabət gözəli” tamaşası idi. Əlimizdə olan məhdud texniki imkanlarla bacardığımızı etdik. Lakin tamaşaçıların rəyi əsasında onu deyə bilərəm ki, tamaşa çox bəyənildi. Bu da bizim üçün sevindirici bir haldır. Çünki bu sahənin adamlarının ən çox ehtiyyacı olan bir amil var. O da tamaşaçı alqışıdır. Hazırda isə İradə Gözəlova Şekspirin “Hamlet” əsəri üzərində işləyir. May ayında onu da təhvil verəcəyik.


"Xərabət gözəli"

-Tamaşada əsas rollarda hansı aktyorların iştirakı nəzərdə tutulub?

Tamaşada qocaman aktyorlarımızla yanaşı gənc və istedadlı aktyorlarımız əsas obrazları canlandıracaqlar. Yaşlarının az olmasına baxmayaraq istedadları göz qabağındadır. Qeyd edim ki, “Hellados” tamaşasında oynayan gənclərin (Ruslan Hüseynov və Murad Meyfəliyev) ilk rolları olmağına baxmayaraq işlərinin öhdəsindən yüksək səviyyədə gəlmişdilər. İndi həmin gənclər “Hamlet” tamaşasında da rol alacaqlar. Gənclərin əksəriyyəti bizim teatrımızda fəaliyyət göstərən studiyanın yetirmələridirlər. Studiyamız rəsmi olaraq 2009-2019-cu ilin Dövlət Proqramı çərçivəsində fəailliyət göstərirdi. Proqramın tamamlanmasına baxmayaraq biz studiyanın fəaliyyətini davam etdiririk.


"Hellados"

-Studiyanı bitirən istedadlı gəncləri işlə təmin olunur?

-Bəli. Studiyamızı bitirən gənclərin ən istedadlıları seçilərək teatrımızda işə götürülür. Bununla da gənclərə bir növ dəstək vermiş oluruq. 

-Əli müəllim, Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqları və kollecləri ilə hər hansı bir əməkdaşlığınız olubmu?

-Bəli. Qeyd edim ki, nəinki universitetlərlə, hətta “ASAN” xidmət könüllüləri ilə də tamaşalar hazırlamışıq. O tamaşalar Respublikamızın bir çox bölgələri ilə yanaşı paytaxt Bakıda da nümayiş etdirilib. Teatr olaraq yeni nəslimiz üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. 



-Əli müəllim teatrınızın fəaliyyətindən, uğurlarından danışdınız. Lakin problemlərə toxunmadıq. Teatrın əsas problemi, ələxüssus da Gəncə Dövlət Dram Teatrının problemi nədir?

-Ən yaralı yerimiz tamaşaçı qıtlığıdır. Mən deyərdim ki, bu bizim üçün əsas problemlərdən biridir.

-Bu problemi aradan qaldırmaq üçün hansı addımları atmaq gərəkdir?

-Bildiyiniz kimi biz texnologiyalar əsrində yaşayırıq. Bu dəqiqə texniki imkanlar o qədər sürətlə inkişaf edib ki, hər kəs oturduğu yerdən ona maraqlı olan tamaşanı, filmi izləyə bilir. Lakin tamaşaçılar bilməlidilər ki, teatr canlı sənətdir. Bu gün elə tamaşalar hazırlanmalıdır ki, fərqlilik olsun və insanların marağını cəlb etsin. Bu yöndə biz daim axtarışdayıq və ümid edirəm ki, gələcək illərdə problemi aradan qaldırmağa nail olacağıq. 

-Yuxarıda qeyd etdiniz ki, teatr ildə 4 tamaşa təhvil verir. Birini artıq təhvil vermisiniz, digəri isə hazırlanır. Daha iki tamaşa haqqında məlumat verərdiniz.

-İki tamaşamızdan biri, yerli yazarımız Novruz Cəfərovun əsəri əsasında hazırlanacaq. Daha sonra isə Elşad Əhmədovun quruluş verəcəyi “Müharibə” tamaşası təhvil veriləcək. Bundan başqa bir sıra dövlət tədbirlərində kompozisiyalarla çıxış edəcəyik. Yəni bir yerdə dayanmaq fikrimiz yoxdur. (gülür)

-Sonda rəhbərlik etdiyiniz bu məbədə nələr arzu edərdiniz?

Bildiyiniz kimi möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Gəncə Dövlət Dram Teatrı üçün yeni əsaslı bina tikilir. Hal-hazırda tikinti işləri davam edir. 2020-ci ildə bina təhvil verilməlidir. Arzum budur ki, yeni binamızda yeni-yeni tamaşalarımız qoyulsun və tamaşaçı alqışları səslənsin.

Təşəkkür edirəm Əli müəllim. Biz də bu arzullara qoşuluraq sizə və kollektivinizə uğurlar arzu edirik!



 Sənubər Qocayeva

Mənbə: 101.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR