Əli Əhmədov: Dağlıq Qarabağda qondarma “seçki” tanınmır və tanına bilməz
Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda Dağlıq Qarabağın separatçı rejimi parlament və prezident “seçkiləri” keçirdilər. Və növbəti dəfə siyasi iflasa uğradılar. Tanınmayan separatçı rejimin keçirdiyi qondarma “seçkilərin” ən uğursuzu, el arasında deyildiyi kimi, urvatsızı məhz son “seçkiləri”
oldu. Səbəblərdən biri ondan ibarətdir ki, heç bir dövlətin tanımadığı separatçı rejim tərəfindən təşkil edilən istənilən qondarma “seçki” tanınmır və tanına bilməz. Artıq neçə illərdir biz bunun şahidiyik.
Separatçı rejimin mart ayının sonunda keçirdiyi qondarma “seçkilərin” urvatsızlığının digər səbəbi isə dünyanın başının koronavirus pandemiyasına qarşı mübarizəyə qarışması ilə əlaqədardır. Əvvəllər bəzi dövlətlər Dağlıq Qarabağda keçirilən qondarma “seçkilərin” tanımadığını mütləq bəyan edər, neqativ formada olsa da ona münasibət bildirərdi. İndi isə həmin dövlətlər Dağlıq Qarabağ separatçılarının növbəti “seçkilərinə” belə bir “diqqəti” də ayırmağı özlərinə rəva bilmədilər. Bir sözlə bu “seçkilər” separatçıların əvvəllər keçirdiyi seçkilərin hamısından daha böyük rüsvayçılıqla başa çatdı.
Heç kimin tanımadığı rejimin, heç kimin görmədiyi, görmək istəmədiyi, duymadığı və duymaq istəmədiyi “seçkiləri”. Çətin ki, belə bir urvatsızlıq separartçıların “qüruruna” toxunsun. Çünki erməni millətçiləri və separatçıları öz çirkin əməllərini həyata keçirməyə həmişə fürsət axtarıblar. Bu işdə onlara tay tapmaq mümkün deyil. Ona görə də dünyanı bürümüş koronavirus pandemiyası kimi fürsəti onlar əldən buraxa bilməzdilər və buraxmadılar. Lakin həmişə olduğu kimi, onların ənənəvi xain fürsətçiliyi yenə də özlərinə bumeranqa çevrildi.
Əli Əhmədov
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi
Mənbə: trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət