Ekspert: Sülh müqaviləsini imzalamağa Ermənistana beynəlxalq ictimaiyyət imkan vermir
Ermənistana sülh müqaviləsi imzalamağa beynəlxalq ictimaiyyət imkan vermir.
Bunu “Report”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
“Beynəlxalq ictimaiyyət deyəndə nəzərdə tutduğumuz Fransa, ABŞ və onların təsiri altında olan digər Qərb ölkələridir”, - deyə o əlavə edib.
Ekspert vurğulayıb ki, Ermənistanla sülhün şərtlərinin önəmli tərkib hissələrindən biri Azərbaycanın səkkiz kəndinin qaytarılması və Zəngəzur dəhlizinin açılmasıdır:
“Amma Ermənistanda heç bir hakimiyyət, hətta bizimlə daha çox danışıqlara gələn Paşinyan hakimiyyəti də müqavilə imzalamaq iradəsinə malik deyil. Burada çoxlu sayda regional və qlobal faktorlar var. Qazaxın yeddi kəndi işğal altındadır, onlar qaytarılmalıdır. Ancaq sözügedən yeddi kəndin Azərbaycana qaytarılmasını Ermənistan öz maraqlarına zidd hesab edir. Çünki Ermənistan-Gürcüstan yolu həmin işğal altında kəndlərimizdən keçir. Deməli, ərazilərin Azərbaycana qaytarılması həm də Ermənistanın beynəlxalq yollarından birinin Azərbaycanın nəzarətinə keçməsi deməkdir”.
Naxçıvanın Kərki kəndinə gəldikdə isə siyasi şərhçi bildirib ki, İran-Ermənistan yolu buradan keçir:
“Təhlükəsizlik baxımından bu ərazinin Azərbaycana qaytarılmasına imkan vermək istəməzlər. Üçüncü məsələ Zəngəzur dəhlizidir. Bu dəliz qlobal layihədir, Pekindən Londona qədər iqtisadi yolun çəkilməsi deməkdir. Amma bunu Qərb istəyirmi? G20-nin Hindistan görüşündə onlar yeni alternativ irəli sürdülər ki, böyük ticarət yolu Hindistandan başlasın, İsraildən keçsin Aralıq dənizi vasitəsilə Yunanıstana və Avropaya. Bu danışıqlar gedərkən digər münaqişə zonaları yarandı. Nəticədə Ermənistan sülh müqaviləsinə razı olmaması üçün qlobal dəstək aldı”.
Ə.Əlibəylinin sözlərinə görə, beynəlxalq ictimaiyyət iki ölkə arasında sülhü ona görə istəmir ki, bu əraziyə təsir göstərmə mexanizmi o dövlətlərin əlindən çıxacaq:
“Ermənistan vasitəsilə müharibə vəziyyəti yaratmaqla üçüncü cəbhəni formalaşdırmağa çalışırlar. Qafqazda münaqişə ocağı yaransa, həm İranla sərhəd zonada, həm də Rusiyanın arxa cəbhəsində yeni münaqişə zonasının açılmış olur. Ermənistan tərəfi hazırkı vəziyyətdən lazımi qaydada faydalanaraq manipulyasiyaya əl atır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət