Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Təyyarə meydanında

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Təyyarə meydanında
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Təyyarə meydanında

Təyyarə meydanı şəhərin kənarında yerləşirdi. Tanışlarımla bərabər oraya getdik. Bütün şəhər həmin meydana toplaşmışdı. Sərbəst ölkəni qəribə bir təlaş və həyəcan sarmışdı. Özünüz deyin, ölkənin 24 yaşlı bir qız övladı dağlar aşacaq, dənizlər, qitələr keçərək uzaq bir diyara gedəcəkdi. Bax, buna igidlik, cəsarət və ləyaqət deyərlər!.. Qızın bu təşəbbüsündən ölkənin bütün sakinləri uçub şadlanır, sevincdən, qürurdan özlərinə sığmırdılar. Yüzminlərcə insanın 
gözü bir nöqtəyə zillənmişdi. Hamı səbirsizliklə uçuş anını gözləyirdi. Birdən-birə bütün bu izdihamın dilindən qopan "Yaşasın! Yaşasın!" nidaları ətrafı daha da canlandırdı. Odur, qəhrəman qız gəlir! Hər kəs onu görməyə can atır. 
Təyyarəçi paltarı geymiş ortaboylu, incə üzlü bir qız möhkəm və inamlı addımlarla irəliləyirdi. Hər yandan alqış tufanları qoparkən, bu qız əlcəkli əllərini sağa-sola yelləyir, hamını salamlayaraq meydandakı təyyarəyə doğru gedirdi.
Bir neçə dəqiqədən sonra o, son dəfə izdihama əl eləyib təyyarəyə mindi və motoru işə saldı. Təyyarə nağıllardakı quş kimi fısıldadı və bir müddət yerdə sürünəndən sonra havaya qalxdı. Yüzminlərcə əl göyə yüksələrək qəhrəman qızla vidalaşır, uğurlu səfər diləyirdi. Qız da havadan dəsmal yelləməklə cavab verirdi...
Təyyarə get-gedə yüksələrək Qərbə səmt aldı və bir azdan görünməz oldu. Adamlar son dəfə "Yaşasın!" - deyə səslənib dağılmağa başladılar.
İndi o qız haralardadır? O yalnızca, təkbaşına uca göylərdə uçan 24 yaşındakı qız indi harada olar? Axı uca dağlar aşıb ucsuz-bucaqsız dənizlər keçəcək o qız başının üstündə tükənməz bir boşluq, ayağının altında dalğalanıb coşan, hər yana su püskürən bir su yığınından başqa nə görəcək ki?! Bəzən ayağının altını qalın və burum-burum burulan buludlar alacaq, o nəhayətsiz su da görünməyəcək! Bəzən təyyarə qorxunc bir küləyə çarpıb ildırım sürəti ilə aşağı şığıyacaq. 
Bəzən də buz və qar fırtınalarına baş vuracaq. Aman tanrım! Birdən olmadı elə, oldu bilə - təyyarənin bir yeri zədələndi, onda necə? Görəsən, qız bunu düşünürmü? Təlaş keçirirmi? Axı gecə gəlincə, günəş parıldamayacaq və bu qız adama ümid və sevinc gətirən gün işığından da məhrum qalacaq... Min bir qorxu yağdıran qaranlığa dalacaq və olsa-olsa, donuq ulduzların sönük işıltısı ona yol göstərəcək! Ancaq bütün bunlara baxmayaraq, bu qız zərif əllərini sükandan çəkməyəcək və gözlərini cürbəcür cihazlardan ayırmayacaq, olduğu yeri tapıb anlamağa çalışacaq!..
- 24 yaşında bir qız! Bu bir nağılmı, əfsanəmi, gerçəkmi?
- Yox, yox! Bu bir gerçək! Həm də dəhşətli bir gerçək!
Tanışım soruşdu:
- Nəyi dəhşətli gerçəkdir ki?
- Yaxşı mənada adamı sarsıdan bir gerçəkdir! Özün düşün, əzizim. Necə böyük istəyi, necə böyük iradəsi var! Nə qədər soyuqqanlıdır, əsəbləri möhkəmdir! Adamı bax bu sarsıdır ki, qız olasan, belə cəsarətli olasan! Bu qızları yetirənlə necə yarışa, necə yanaşı yaşaya bilərik? Bax, dəhşətli olanı da budur!
- Düzdür, düzdür! Bu baxımdan haqlısan!
- İndi 20 nəfər belə qız o qədər əhalisi olan Çinin, Hindistanın başına bəla gətirməzlərmi? Yerlə göyün arasında dayanıb - "Mən Yer üzünün allahıyam" desələr, başqalarının "bu nə bəladır?!" söyləməkdən başqa çarəsi varmı?
- Dərdli sualdır!
- Dərdli olsa da çarəsiz deyil.
- Çarəsi nədir?
- Çalışmaq, gecə-gündüz bilmədən çalışmaq!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR