Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/İradəm yeni bir güc tapdı

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/İradəm yeni bir güc tapdı
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/İradəm yeni bir güc tapdı

Nəhayət, bir gün ağlıma gələn bir fikirdən sanki qanadlandım. Elə bil ağlım da, beynimin dincliyi də yerinə gəldi. Həmin gün birdən-birə özümə sual verdim: "Lap yaxşı, alışmayıb nə edəcəksən? Köhnə həyatamı dönəcəksən?". Əvvəlki həyata qayıtmağı ağlıma gətirincə, sanki məni ildırım vurdu. Bu fikir mənə intihardan da qorxunc göründü. Axı bu diyarda bir həqiqət içimə qədər işləmiş, sarsılmaz bir inama çevrilmişdi: insanın, insana yaraşan yaşayışın nə olduğunu mən ilk dəfə bu diyarda öyrənmişdim. Ondan əvvəlki həyatım mənə yuxudan və ölümdən də qorxunc bir kölgə kimi görünürdü. Artıq bu qənaətə gəlmişdim ki, bu yurda gəlməzdən öncə, mənim həyatım adicə bir otun həyatından da aşağı imiş. Axı ot özü-özünə, təbiət qanunlarına görə bitir, boy atır və sönüb gedir. Təbiət qanunlarından qıraqda heç bir şeyin önündə aciz qalmır və heç bir gücün əsirinə çevrilmir. Amma mən bu qanunların xaricində və onlara zidd olan min bir qüvvə qarşısında aciz və əsir idim: fikir köləliyi, duyğu köləliyi, davranış köləliyi taleyimə yazılmışdı. Düşünən, duyan, yaşayan mən deyildim, başqası idi. Mən yalnız başqasını yamsılamağa, başqasına baş əyməyə borcluydum. Mən, mən deyildim, onun kölgəsi, qaraltısı, qarabasması idim! Qısası, mən yoxdum, bir uydurma vardı!.. Ancaq bu yurda gəlincə mənliyim özümə qayıtdı, varlığımı duymağa başladım. İlk dəfə burada anladım ki, insan burada kainatın bəzəyi və başının tacıdır. Təbiət insanda tapır, onun iradəsinə tapınır, insanın beyni ilə özünü anlamağa və duymağa başlayır. Bu şüur və iradə susmaq üçün deyil, söyləmək üçündür. Ağlamaq üçün deyil, gülmək üçündür.Yamsılamaq üçün deyil, dirilik üçündür. Dərd üçün deyil, dərman üçündür. Durğunluq üçün deyil, hərəkət üçündür. Yoxsulluq və ehtiyac üçün deyil, yaxşı dolanışıq və səadət üçündür. Bir sözlə, özünə yiyə durmaq, sözün tam mənası ilə sahib olmaq üçün insana şüur və iradə verilib. Bu ölkədə gördüklərim, duyduqlarım, eşitdiklərim insan haqqındakı bu qənaətləri mənə birdəfəlik aşılamışdı. İndi əvvəlki həyata qayıtmaq, məndən ötrü ölümdən min dəfə qorxunc və dəhşətli görünürdü. Məgər ölmək şüur və iradəni itirmək deyilmi? Bunları itirən insan heç olmasa duymaz, eşitməz və duyub eşitmədiyi üçün əzab-əziyyət içində hər dəqiqə qıvrılmaz. Şüur və iradə sahibiykən köhnə həyata qayıtmaq - öz iradə və şüurundan faydalanmamaq, diri-diri ölüyə çevrilmək deməkdir! Bu, məndən ötrü artıq bitib-tükənməyən bir işgəncədən başqa heç nə deyildi. Diri ikən ölüyə çevrilməyə dözə bilməzdim. Sərbəst ölkə insanlarının həyatını dadandan sonra, köhnə həyatım mənə cəhənnəm kimi görünür və o həyatın xırdaca bir xatirəsi ağlımı başımdan çıxarırdı. Bu səbəbdən həmin həyata dönmək artıq mənim imkanım daxilində deyildi. Məni qanadlandıran, cəsarətimi artıran da bu idi. Nə olur-olsun, yeni həyata alışmağa, onun bütün şərtlərini mənimsəməyə qəti qərar verdim. Özümü möhkəm nəzarətə götürdüm. Sözlərimə, danışıq üslubuma, yaşayış tərzimə göz qoyub diqqət yetirdim. Köhnə baxışlarımı, köhnə düşüncəmi beynimdən çıxarmağa, insanlar və kainat haqqındakı fikirlərimi dəyişdirməyə başladım. Azadlığın tələb etdiyi şərtləri mənimsəməyə can atdım. Uzun sözün qısası, Nizamnamənin bütün maddələrini dərinliklərinəcən düşündüm və özümü dəyişdirib onlara uyğunlaşdırmağa çalışdım. Ç ox əziyyət çəkdim, amma nə etmək olar, təzə başlayanların və yeni öyrənənlərin qisməti bu deyilmi? Deyim ki, bu zəhmətin bir qüruru, bir şərəfi də vardı. Heç olmasa, gələcək nəsillərin canı əzabdan qurtulacaq, o nəsillərin minnətdarlığı və sağolu qazanılacaqdı! Kaş dədə-babalarımız bizdən əvvəl dəyişməyə başlayaydılar. İndi onları nə qədər hörmət və minnətdarlıqla yad edərdik! Nə yazıqlar ki, bu artıq mümkün deyil. Onların fəaliyyətsizliyini, süstlüyünü xatırlayıb gör nə qədər acı çəkəcəyik! Bu fikirlərdən ürəklənib həvəsləndim. Yaşamaq yanğım, iradəm özünə yeni güc tapdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR