Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Heysiyyət sahibisənmi?

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Heysiyyət sahibisənmi?
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Heysiyyət sahibisənmi?

- Amma, ustad, elə insan və vətəndaşlar var ki, öz davranış və əməlləri ucbatından heç bir sayqıya layiq deyillər. Onlara da hörmət etmək lazımdır?
- Elələrinin halına acımaq və tərbiyə olunmalarına çalışmaq lazımdır. Bilməlisən ki, vətəndaşların pozulmasına səbəb yenə də cəmiyyətdir. Cəmiyyətin çatışmazlıqları, durğunluğu, tərbiyə sisteminin nöqsanları, yaşadığı həyatın eybəcərlikləridir! Bir insan doğularkən pis, ya da yaxşı doğulmur. İnsanı pis, ya da yaxşı adama çevirən mühitdir, mühitin verdiyi tərbiyə, aşıladığı düşüncə, duyğu və adətlərdir.
Bəli, ortalıqda bir miras var. Ancaq məsələyə lap dərindən yanaşanda, görürsən ki, bu mirası da, hər şeydən əvvəl, məhz mühit doğurub. O səbəbdən, həm də mühitin cavabdehlik daşıdığı bir gerçəkliyə və davranışlara görə, vətəndaşa düşmənçilik və ədavət bəsləmək, ona saymazca yanaşmaq insanlığa və vətəndaşlığa yaraşmaz.
- O halda, ustad, sərbəst insanlar ölkəsinin nizamnaməsində nəzərdə tutulan ağır cəzaların önəmi azalmır?
- Birdəfəlik bilməlisən ki, azad insanlar şəhərinin qəbul etdiyi qaydaya görə, ləyaqətli və xeyirli vətəndaşlar yetirməkdən ötrü hər cür vasitədən yararlanmayan bir cəmiyyət, suçlu vətəndaşı cəzalandırmaq yetkisini qazana bilməz. Sərbəst ölkə buna aid bütün vəzifələrini tam və dolğun şəkildə görməkdədir.
Bu üzdən, bütün tədbirlərə baxmayaraq, suç işlədən vətəndaşı sərbəst ölkənin cəzalandırmaq yetkisi var. Ancaq cəza başqa, sayqısızlıq başqa. Suçlu vətəndaşın özünü doğruldan sözlərini, düşüncə və duyğularını sayqılı və ciddi şəkildə dinləmədən onu cəzalandırmaq haqsızlıq və ədalətsizlikdir. Həmin vətəndaşı dinləyib cəza verəndə də, ona düşmənçilik və ədavət bəsləmək yox, halına acımaq gərəkdir. Cəza elə yerinə yetirilməlidir ki, suçlu vətəndaşın ləyaqətinə
toxunulmasın!..
- Anlayıram, ustad! Açıq görünür ki, bu ölkədə vətəndaşlıq şərəfinə yüksək qiymət verilir. Amma, yeri gəlmişkən, icazənizlə, bir sual da verim: Şəhərə daxil olarkən keşikçilər "Ləyaqət sahibisənmi?" sualını da verdilər. Bu sualın mənası nədir?
- Mənası odur ki, ləyaqət sahibi olmayan adam azad da ola bilməz. Ancaq izahatımı yaxşı anlaya bilməkdən ötrü, gerçək ləyaqətlə yalançı ləyaqət arasındakı fərqə diqqət yetirməlisən. Bir vətəndaşın hər hansı bir sözündən yaxud əməlindən sonra o dəqiqə yumruq atıb söyüş söymək və tapança çıxarmaq həqiqi ləyaqətin tam əksidir. Buna ləyaqət deyilməz, zorakılıq deyilər. Belə hallara ləyaqət və ya mərdlik adı verən mühitlərə ayıb olsun.
Həqiqi ləyaqətə gəlincə, bu, bir insanın daşıdığı fikirlərə, duyduğu hisslərə bütün hallarda və hər zaman sadiq qalıb sayqı göstərməsidir. Düşüncə və duyğularını tez-tez dəyişən və gizli saxlayan insanlarda ləyaqət axtarmaq əbəsdir. Aydındır ki, belə insanlar azad ola bilməzlər.
Külək hara əsirsə, oraya dönən adam, heç şübhəsiz ki, o küləyin əsiridir. Gerçək ləyaqət sahibləri bütün hallarda, hər cür vəziyyətdə fikir və hisslərinə sadiq qalaraq lazım gələrsə, istehzaya, həqarətə, əzaba, yoxsulluq və ehtiyaca dözürlər. Yalnız belə insanlar azad ola bilərlər. Bu baxımdan keşikçilər səndən "Ləyaqət sahibisinizmi?" - deyə soruşduqları zaman "Duyğu və düşüncələrinizin yiyəsisinizmi?" deyə soruşmaq istəyiblər. Həmin suala müsbət cavab verməsəydin, səni Qalaya buraxmayacaqdılar. 
Ç ünki sərbəst ölkədə ləyaqət məsələsinə ayrıca dəyər verilir.Fərdlərində ləyaqət olmayan bir mühitdə azadlıq olmadığı kimi, ciddilik də qalmaz. Ciddiliyin yerini lağlağı tutar. 
İnsanlar o qədər alçalarlar ki, özü-özlərini, daşıdıqları fikirləri, yaratdıqları qurumları, vətən və vətəndaşlarını dolayıb ələ salar, acılayarlar.
Həqiqətdə belə bir mühit səhnədə oynadığı oyunlarla özü də məzələnən hoqqabaza bənzəyir. Yəqin görürsən ki, istibdad quruluşunun birinci işi mümkün qədərincə vətən övladının mənliyini əzməkdir. İstibdad bu məqsədlə puldan və qorxutmaqdan ən təsirli vasitə kimi yararlanır. Üzdə-gözdə olan adamları pulla ələ almağa, qorxu ilə susdurmağa çalışır.
Pul və qorxu ilə ələ alınan belə seçkin adamların daxili ilə xarici arasında faciəli bir təzad və çəkişmə yaranır. Belələri, adətən, şeytana çevrilirlər. Xarici daxilindən incik və küskün olur, içi də çölünə lənət oxuyur. Daxildə daşıdıqlarını üzlərindəki maskalar inkar edir, üzlərindəki maskalara da içləri nifrət duyur. Seçkin adamların bu hala düşməsi cəmiyyət üçün ən qorxunc fəlakətlərdən, tutalım, zəlzələdən, tufandan, qasırğadan, vəbadan, düşmən tapdağından daha təhlükəlidir. Çünki bənzər maddi fəlakətlər nə qədər qorxunc olsalar da, əvvəl-axır, sovuşurlar. Diribaş, ləyaqətli və yaşamaq yanğısına sahib seçkin rəhbərləri olan bir cəmiyyət həmin fəlakətlərdən asanlıqla çıxa bilir. Ancaq mənliyini itirmiş, özünün xəstəlik və üzqaralığını da ələ salıb acılamaq kimi mənəvi fəlakətə uğramış bir mühitdən ciddi həyat 
həmləsi gözləmək hədərdir. Bax, belə bir təhlükədən qorunmaq üçün mənlik və ləyaqət məsələsinə sərbəst insanlar ölkəsi ayrıca diqqət yetirir. O sözləri deyəndən sonra pirlər ayağa qalxaraq başqa bir yerə də baş çəkəcəklərini söylədilər. Daha sonra dadlı bir təbəssümlə əlimi sıxıb getdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR