Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/"Həqiqətə" hörmət

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/"Həqiqətə" hörmət
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/"Həqiqətə" hörmət

- İndi iki digər sual haqqında nə deyə bilərsiniz?
- O sualları da xatırlayıram. Sizdən "doğrunu sevirsənmi? Həqiqətə dözümün varmı?" - soruşdular. Həmin suallara sərbəst insanlar şəhərində böyük qiymət verilir.
Doğrunu sevmək və həqiqətə duruş gətirmək azad insanlar üçün mühüm əsaslardır. Gerçəyə qalınca, bu iki sual bir şeydir: Doğrunu sevən, həqiqətə də dözər. Ancaq doğrunu sevmək və həqiqətə dözmək göründüyü qədər asan deyil. İş burasındadır ki, insanlar, ümumiyyətlə, doğrunu sevdiklərini və həqiqətə hörmət etdiklərini söyləyirlər, ancaq həqiqətə qalanda, bir çoxları bunlardan xoşlanmırlar. Azad yaşamağı qərara alan insanlar arasında doğrunu sevmək və doğruya 
duruş gətirmək qaydaya çevrilməlidir və vətəndaşlar bu qaydaya yaxşıca alışmalıdırlar. Yoxsa azadlıq ola bilməz.
Azadlıq nədir? Sərbəst düşünmək və düşündüyünü sərbəst və səmimi söyləmək deyilmi? Yəni yaxşı deyə tanıdığımız şeyə - yaxşı və pis deyə tanıdığımız şeyə də - pis demək! Azad insanlar belə azadlığa duruş gətirməlidirlər.
Əslində yaxşı və pis anlayışları subyektiv anlayışlara bağlıdır. Subyektiv anlayışsa doğru da ola bilər, yanlış da. Ancaq doğru, ya yanlış, - dözmək lazımdır. Axı dözüm olmazsa, təkrar edirəm, azadlığın özü aradan qalxar. Verilən hökm doğru sayılmadığı halda, onu rədd etmək və yanlış hökmü düzəltmək də digər vətəndaşların haqqı olmalıdır. Bu, azadlığın ikinci və əsas şərtidir. Sərbəst ölkə insanları arasında nə doğruçuluq, nə də yanlışlıq kimsənin inhisarı altında ola bilməz. Yanılmaq və yanılmamaq hər kəsin bərabər haqqıdır. Yanılmamaqlıq imtiyazı dar bir zümrəyə verilmiş cəmiyyətdə azadlıq olmaz.
- Amma, ustad, burada bir şərtə diqqət yetirmək lazım deyil?
- Hansı şərtə?
- Niyyət gözəlliyinə.
- Dostum! Azadlığı görünməsi, anlaşılması, toxunulması çox çətin və hətta mümkün olmayan belə şərtlərə bağlamaqdan çəkinmək gərəkdir! Başqasının içini yoxlamaq heç kimin işi deyil. Üstəlik, niyyət gözəlliyi dediyiniz şey haqqındakı hökmü kim verəcək? Qarşı tərəf verəcəksə, bu tərəfin niyyət gözəlliyini kim sübut edəcək? Bu cür daşlara çarpan azadlıq alt-üst olmağa məhkumdur. Azadlıqla niyyət gözəlliyi kimi şeyləri qarışdırmayın. Bütün vətəndaşlar 
eyni dərəcədə niyyəti gözəl sayılmalıdırlar. Əks halda, azadlıq yoxdur. Axı bu niyyət gözəlliyi bəhanəsiylə hər kəsi susdurmaq çox asandır. Belə dolambac yollara girmiş azadlığın sonu əsarətdir!
- İndi də, mümkünsə, dördüncü sualı, yəni başqasına sayqı göstərmək şərtini açıqlayın.
- Vətəndaşa və bütövlükdə insan ləyaqətinə hörmət sərbəst ölkə insanlarının digər qaydasıdır. İnsana insan olduğu üçün hörmət hər birimizin borcudur. Bu müqəddəs borcu verməyən insan özünün sayqıya layiq olmadığını qəbul edər. Axı bir insan başqasının təkrarından başqa bir şey deyil. Bu üzdən başqasına hörməti borc saymayan adam özünə sayqısızlıqla da razılaşmağa məcburdur. Bununla bağlı insanlar arasında heç bir ayrı-seçkilik olmamalıdır. İstər yoxsul olsun, istərsə zəngin, istər kiçik olsun, istərsə böyük, istər vəzifə sahibi olsun, istərsə heç bir vəzifəsi olmayan adam - insandırsa, hörmətə layiqdir.Ümumiyyətlə, bütün insanlara şamil olunan bu qayda vətəndaşların əməl etməli olduğu müqəddəs bir borcdur. Çünki bütövlükdə insanlar - məhz vətəndaşlar bir çox maddi və mənəvi tellə bir-birinə bağlıdırlar. Məhz vətəndaşlar bəşər 
ailəsi içində ayrıca bir ailə təşkil edər, eyni qanı daşıyar, eyni dili danışar, eyni torpaq üzərində eyni tarixi yaşayarlar. 
Vətəndaşların dərdi-qəmi, sevinci və əyləncələri də ortaqdır. Ona görə də bir insan başqa bir insanın təkrarıdırsa, bir vətəndaş da elə digər vətəndaşla eynidir. Hər hansı bir vətəndaşa yuxarıdan-aşağı baxan, onun şəxsiyyətinə, düşüncəsinə, duyğusuna sayqı göstərməyən adam, istər-istəməz özünün də alçaldılmasına, düşüncə və duyğusuna sayqısız münasibətlə razılaşmalı olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR