Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Haqqı müdafiə vəzifədir

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Haqqı müdafiə vəzifədir
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Haqqı müdafiə vəzifədir

- Ustad! Qanunda olan maddələrdən çoxunu açıqladınız. İzaha ehtiyacı olan çox az maddə qaldı. Onlardan birini də aydınlaşdırarsınızmı?
- Hansını?- Bir maddədə deyilir ki, hüquqları qorumaq vəzifədir. Bu maddə necə anlaşılmalıdır?
- O cür anlaşılmalıdır ki, hər hansı vətəndaşın hüququ tapdalandığı zaman həmin hüququ müdafiə etmək hər bir vətəndaşın borcudur.
- Bu necə ola bilər, ustad? Ölkədə gör nə qədər insan yaşayır. Çoxları heç bir-birini tanımır. İndi hər kəs işini-gücünü buraxıb hüquqların müdafiəsi ilə məşğul olmalıdır?
Bu müdaxiləm pirlərdə uzun qəhqəhələr doğurdu. İstər-istəməz utanıb-qızardım. "Yoxsa ağzımdan pis bir söz çıxdı" - deyə mat-mat ətrafa boylandım. Pirlərdən biri köməyimə çatdı:
- Oğlum! Sərbəst ölkədə sən güman etdiyin dərəcədə hüquqlar tapdanmır. Çünki Qanunda ayrıca maddə var.
- Anlamadım, ustad.
- İndi anladaram. İstər hökumət adamları, istərsə ayrı-ayrı vətəndaşlar bilirlər ki, hamı bir-birinin haqqını qorumağa hazırdır. Bu səbəbdən kiminsə haqqını pozmaqdan çəkinirlər. Deməli, bizim ölkəmizdə haqların pozulması elə də asan məsələ deyil.
- Amma ustad, bəs niyə haqqoruyuculuğunu vətəndaşın vəzifəsi sayırsınız? Tutalım, hər hansı vətəndaş bu vəzifəni görməsə suçlu hesab olunacaqmı?
- Əlbəttə! Ancaq fərq burasındadır ki, həmin vəzifəni görməyən vətəndaş yazılı və rəsmi qanunla deyil, ictimai rəylə üz-üzə gəlir. Yəni cəzasını da məhkəmənin hökmündən yox, ictimai rəyin nifrət və düşmənçiliyindən alır.
- Bəs ictimai rəyə bu səlahiyyəti kim verir?
- Oğlum, bilməlisən ki, xalq deyilən anlayış ictimai varlıqdır. Adamlar təkbaşına yaşasaydılar, hüquq anlayışı da yaranmazdı. Hüququn yaranması üçün, heç olmasa, iki insanın mənafeyi toqquşmamalıdır. Başqa sözlə, cəmiyyət həyatının doğulması şərtdir. Cəmiyyətdən qaynaqlanan bir hadisənin dəyişməzliyi və davamı üçün aydındır ki, cəmiyyət üzvlərinin himayəsinə ehtiyac var. Və bu da aydındır ki, ayrı-ayrı adamlar hüquqlara biganə, yad qalarsa, ədalət ortadan qalxar və cəmiyyət həyatı pozular. Bu üzdən də, cəmiyyət həyatının inkişafından ötrü, həmin cəmiyyətin 
ayrı-ayrı üzvləri bir-birlərinin haqlarını gözləməli və o haqlara cavabdehliyi bölüşməlidirlər.
Hüquqlara qarşı vecsiz qalan cəmiyyətlərin yaşaya bilmədiyini, çiçəklənmədiyini görmürsənmi? Bu baxımdan, Şərqlə Qərb arasında adicə bir müqayisə məsələnin çözümünə kifayət edər. Şərqdə fərdlər hüquqlara qarşı duyğusuz, biganədirlər; bu gün birinin, sabah başqa birinin haqqı tapdalanır. Kimsə bundan üzülmür, heç kim hüquqların müdafiəsinə qalxmır. Getdikcə hamı eyni vəziyyətə düşür. Axırda, hüquq anlayışı yox olur və cəmiyyət cansız, hərəkətsiz bir oyuncaq kimi hara gəldi atılır. Qərbdə isə bunun tam tərsidir. Kiminsə haqqı tapdanan zaman, digər vətəndaşlar buna qarşı çıxaraq ədaləti bərpa edir, hüquq pozucuları öz cəzasını alanacan mübarizələrinə ara vermirlər. Nəticə də o olur ki, pozuntular və pozucular get-gedə azalır və bizim ölkədə olduğu kimi, haqsızlıqların tamamilə ortadan qalxdığı gün yetişir. Bu durumda haqqoruyuculuq vəzifəsi sənin güman etdiyin qədər ağır və çətin olmur. Başqasının haqqını qorumaq, əslində vətəndaşın öz hüquqlarının müdafiəsinə qalxması deməkdir. Bu haqq bu gün sənindir, sabah mənim, üçüncü gün də bir başqasının! Bu, heç vaxt durmayıb axan elə bir sovqatdır ki, hər dəqiqə bir vətəndaşdan digərinə keçər və hər an bütün 
vətəndaşların birgə himayəsini və sayıqlığını istər. Belə ortaq himayə və qoruqçu vəzifəsini anlayan mühitlərdə, əslində hər dəfə bu işi görməyə ehtiyac qalmır. Çünki haqqı tapdayan qalmır. İndi anladınmı, oğlum?
- Anladım, ustad! Anladım ki, hüquqların qorunması ən yüksək və ən şərəfli vəzifədir. Bunu gerçəkləşdirən hər bir vətəndaş öz ləyaqətini başqalarının ləyaqəti ilə birləşdirib bütövləşdirir. Bir sualım da qalıb. Ancaq deyəsən vaxtımız uyğun deyil. Bizim bir təyyarəçi qızın uçuş mərasiminə dəvət olunduğumuzu siz də bilirsiniz. İndi vaxt çatıb. İcazə versəydiniz son sualımı sabaha saxlardım?
- Olsun! Biz də oraya dəvətliyik. Sabah yenə görüşərik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR