Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Ayrıca bir evdə keçirilən tədbir

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Ayrıca bir evdə keçirilən tədbir
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Ayrıca bir evdə keçirilən tədbir

Bu da nəzarətsiz və özəl dediyiniz həyatın nəticələri! İşlərini belə adamlara tapşıran və onları nəzarətsiz buraxan bir şəhər xoşbəxt ola bilərmi? Elə istibdad zorakılığına alışqan olan yerlərdə məmurlar özəl həyatı bəhanə gətirərək nəzarətdən azad olur və həmin səbəbdən vəzifələrini yerinə yetirmir, qanunu saymır, mövqeyindən sui-istifadə edir və ölkələrini fəlakətə sürükləyirlər.Sərbəst insanlar ölkəsində yaşayanların belə yalançı ayrı-seçkiliyə dözümü yoxdur. Azad ölkə elə bir birlikdir ki, ayrı-seçkiliyi qəbul etmir, məmurlar və cəmiyyət adamları bütün həyatını cəmiyyətə verir. Cəmiyyət isə bu həyatın öz varlığını sürdürməsində maraqlı olduğu üçün öz nəzarətini gerçəkləşdirir. Yuxarıda söylədiyim misal səni yanlış fikrə
salmasın. O misalla mən heç də demək istəmədim ki, bizim ölkədə məmurlar və dövlət adamları ticarət və jurnalistika ilə məşğul ola bilərlər. Xeyr, bunlar da yasaq sayılır!
Bütün düşüncəsini, bütün fəaliyyətini şəhərə həsr etmək bu ölkədəki məmurun borcudur. Ticarət və jurnalistikanı bir misal kimi göstərdim ki, alışdığın təsəvvürlərin nə qədər əsassız olduğunu asan yolla sübut edim.
- Ustad, yenə beynim alt-üst oldu. İcazə versəniz bugünkü söhbəti bitirərdik.
- Necə istəyirsən, əzizim.
Ustadlar getdilər. Məni yenə fikir apardı. Bu şəhərə alışmağın çətin olacağı hər gün daha çox anlaşılırdı! Mən nə edəcəyəm? Özünüz düşünün - həmişə vətəndaşlara bağlanmalısan! Məmurlara nəzarət etməlisən. Dövlət adamının da özəl həyatı yoxmuş! Belə də iş olar? Belə də düşüncə olar? Axı mən ömrümdə özümdən başqa kimsəni düşünməmişəm. Dövlət məmuru görəndə, qorxumdan yeddi məhəllə birdən qaçardım. Mən dövlət adamı olsaydım, elə bilərdim bütün dünyanı mən yaratmışam.
İndi bilmirəm, bu şəhərin bu adətlərinə necə öyrənəcəyəm?
Suallardan çırpına-çırpına qalır, şübhə və tərəddüd içində qıvrılırdım. Nə yaxşı ki, o axşam özəl bir evdə verilən bir müsamirəyə çağrılmışdıq. Az sonra tanışlarım məni də aparmaq üçün gəldilər.
Ev sahibəsi bizi salonun qapısı önündə nəzakətlə qarşıladı. Salona daxil olduq. Dəvətlilərin hamısı toplanmışdı. Səhnə salonun bir ucundaydı.
Pərdə qalxdı. Gözəl bir qız sərbəst ölkənin nəğməsini oxumağa başladı. Hazır olanlar ayağa qalxdılar və nəğməni birlikdə oxudular.
Sonra səhnəyə uzunsaç və gözlüklü bir adam gəldi və pianonun önündə oturaraq üç musiqi parçası çaldı.
Bütün salona səssizlik çökmüşdü. Aman Tanrım, nə ilahi sədalardı?! Duyduğum ləzzəti, keçirdiyim həyəcanı izah etməyə acizəm. Sanki mələklər məni qanadlarına alıb, göylərə yüksəldir və orada xəyali bir aləm göstərirdilər. 
Yanımda oturan tanışım mənə doğru əyilib söylədi:
- Şəhərin ən məşhur sənətçisidir. Bu üç parça onun öz əsəridir. O bu parçalarda şəhərin tarixini musiqinin dili ilə danışır. Tufanı andıran birinci parça şəhərin əfsanə dönəmini tərənnüm edir. Bu parçada şəhər təbiətlə çarpışır və təbiət qədər əzəmətlidir.
İkinci parça şəhərin təşəkkül dönəmini təsvir edir. Gah səssiz və uyumlu, gah da həyəcanlı və təlatümlü məqamlar şəhərin yaşadığı mübarizələri göstərir. Nəhayət, xoşbəxtlik və dinclik içindəki bugünkü dönəmi sərin yaz mehini andıran o sakit dalğalar tərənnüm edir. Doğrudan da bu sənətçi ilahi bir dühadır! Bütün şəhər bu ixtiyar adamla qürur duyur!
Ancaq çox qəribədir ki, bir tək alqış səsi eşidilmədi və gələnlər salonu səssizcə tərk etdilər.
Bir müddət sonra zəng səsi gəldi: bizi teatra baxmağa çağırırdılar. Oyun başladığı zaman nə görsəm yaxşıdır? O gün parkda qadınlar haqqında nitq söyləyən xanım və mitinqdə danışan adamlar aktyor kimi çıxış edirdilər. Heyrətlənərək tanışıma dedim:
- O cür ciddi insanlar səhnəyə çıxıb oynayırlar!
- Bəli! Burada belədir. Bunların özəl ailə əyləncələri belə olur! Yenə heyrətləndim.
Oynanan pyesin mövzusu bu idi: Aralarındakı anlaşılmazlıq ucbatından ər və arvad bir-irlərindən ayrılmaq istəyirlər. 
Ortada ciddi bir şey olmasa da, heç biri inadından dönmür. Hər iki tərəf şərəf və ləyaqətinə toxunulduğunu iddia etdiyindən, məsələyə məhkəmədə baxılır. Hakim məsələni anlayır. O, işi qanunun təbii axarına buraxsa, ərlə-arvadın ayrılmasından başqa çarə yoxdur. Ancaq hakim onların boşanmasını istəmədiyindən kələk işlədir:
O ərlə-arvadın uşaqlarını gizlicə çağırır və bəlli saatda məhkəməyə gələrək, ata-analarının boyunlarına sarılmağı öyrədir. Sonra hakim məhkəməyə davam edərək hər iki tərəfə öyüd-nəsihət verir, onları barışmağa çağırır. Ürəklərində ayrılmaq istəməsələr də, ərlə-arvad bir-birinə söz atır, irad tuturlar. Nəhayət, hakim hökm verəcəyini bildirərək, dinləyənlərə diqqət etmələrini söyləyir. Ərlə-arvadın rəngləri saralır, dodaqları titrəyir, ancaq inadlarından dönmürlər. 
Hakim hökmü oxumağa başlayıb, "Qanun adından" deyərkən, iki mələk kimi uşaq səhnəyə atılaraq, ata-analarının boynuna sarılırlar. Onların cingiltili səsi səhnəni doldurur. Ata və ana artıq dözə bilməyib uşaqları bir-birinin əlindən qoparmağa çalışır. Hakim də bu dəqiqədən istifadə edərək, atanın əlini ananın əlinə birləşdirib onları barışdırır.
Pyesdə ərlə-arvad arasındakı anlaşılmazlıq, bir-birinə göstərdikləri inad, bir-birlərini uşaq kimi suçlamaları o qədər gülünc bir tərzdə təsvir edilmişdi ki, salon ara vermədən qəhqəhələr içində boğulurdu.
Mən bu əyləncəni bizim əyləncələrlə müqayisə edərək, onların sadəliyinə, həm də sağlamlığına heyran olurdum. Bu hissi yanımdakı tanışımdan da gizlətmədim:
- Bunlar həmişə belə əylənirlər?
- Hə!
- Qumar, içki, məzə və sair olmazmı? Xanımları poker-filan bilməzlərmi?
- Burada özünə hörmət edən qadın qumara və içkiyə yanaşmaz!
Kişilərin əyin-başına, qadınların paltarlarına diqqət yetirdim. Hamısı sadə və yerli maldan tikilmişdi. Ancaq çox incə və zərif görünürdü. Artıq bər-bəzəkdən əsər yox idi.
Öz-özümə söylədim: Həm sadə, həm də yüksək səviyyədə! Bax, buna yaşamaq deyərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR