Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/10-15 günlük möhlət

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/10-15 günlük möhlət
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/10-15 günlük möhlət

- Ustad, deməli buralar başdan-başa qardaşlıq yurdudur. Hər kəs bir-birini və dövlət də hamını düşünür. Hamı bir-birinin köməyinə çatır. Kimsə unudulmayıb, kimsə atılıb yalqız qalmayıb.

- Bəli, bəli! Bax, buna görə də, yurdumuzu belə çox sevirik, qorxu duyanda, bir yumruq kimi birləşirik. Vətənimizin hər zərrəsini qanımıza bulamadan, bu torpağı düşmən tapdağına vermərik!

- Deməli, milli varlığınızı tanıtdığınız qurumlardan alırsınız?

- Əlbəttə. Axı vətənpərvərlik sırf mücərrəd duyğu deyil. Axı ən ibtidai, ən ilkin insanlar da doğulub böyüdüyü yerləri sevirlər. Axı neçə-neçə xatirə, adət-ənənə və duyğu onları da öz yurduna bağlayır. Ancaq təkcə o duyğu hesabına hər hansı bir insana Vətəni və vətəndaşları uğrunda fədakarlıq aşılamaq yetərli deyil. İlkin duyğunun yüksək fədakarlıq dərəcəsinə çatması üçün gərək öz növbəsində Vətən də orada yaşayan insana maddi və mənəvi nemətlər, sevinclər versin. Azadlıq, şərəf, can, mal güvənliyi, şəxsi toxunulmazlıq, məlumat almaq və bilik qazanmaq imkanı, yüksək mənəvi yetkinlik, yaxşı dolanışıq və xoşbəxtlik şərtdir. Yoxsa, haqqında danışdığımız duyğu ilkin halında qaldığından kiçik bir zərbəyə tab gətirə bilməz. Görmürsənmi, ibtidai icma çağında və ya istibdadın at oynatdığı mühitlərdə əhali qum yığınına bənzəyir və zəif bir küləkdən sovrularaq dağılıb gedir. Axı mənəvi və maddi nemətlər təmin etməyən, əksinə, həmişə özünü zülm və işgəncə, yoxsulluq və ehtiyac içində saxlayan bir mühitdən ötrü insan nə deyib özünü qurban verəcək ki? Ancaq dediyim nemətləri təmin edən mühitlərə bax: orada fərdlər sal qaya kimi bir-birinə bitişikdir, ən şiddətli zərbələrə də birgə sinə gərirlər.

- Ah, ustad! Sizi dinlədikcə elə bil təzəcə dünyaya gəlirəm. Elə bil gözlərimi ilk dəfə açıb həyatın sirrlərini anlamağa başlayıram. Aman tanrım, bu azadlıq deyilən dirilik suyu nə qədər bərəkətli və hərəkətlidir.- Bəli, bəli, istər fərdlər, istərsə cəmiyyətlər üçün həyatın əsası odur. Bax, bu üzdən, sərbəst ölkə azadlığı dirilik suyu sayar, şüurun cövhəri deyə tərənnüm edər. Onsuz kainat da, kainatın şüuru olan insan da heçlik səviyyəsinə enər. Soruşacağın başqa sual qaldımı?

- Xeyr, ustad!

- Elə isə sənə on beş günlük əlavə vaxt veririk. Bu müddət boyunca sərbəst ölkənin nizamnaməsi və onun maddələri haqqında açıqlamaları dərindən-dərinə düşünməlisən. Özünü yenidən yoxlayıb bizə son qərarını bildir.

Pirlər getdilər. Düşünməyə başladım. Özümə güvənə bilmirdim. Şübhə və tərəddüdlərim davam edirdi. Bura necə qəribə, necə heyrətamiz bir ölkədir! Heç bir şey bizimkinə bənzəmirdi. Hər şeyi yenidən öyrənmək, hər şeyə yenidən alışmaq lazım idi. Ancaq mən nə qədər çabalayıb-çalışsam da, köhnə vərdişlərimdən tamam əl çəkə bilmirdim. Tutalım, bir adamı görərkən dilimin ucuna yenə köhnə sözlər gəlir, hər hansı vəzifəli şəxsin yanında əllərim, yalvarırmış kimi, mütləq sinəmdə qarmaq tək bir-birinə keçir, dodaqlarım gülümsəyir və mənə deyilən fikirlə razılaşmadığım halda, ağzımdan təsdiq və öygü kəlmələri çıxır! Yan-yörəmə boylanan kimi hamının üstümə güldüyünü görürəm. Özümə gəlib utanıram. İçimdə özümə qarğışlar yağdırıram. Bir də belə etməyəcəyimə söz verirəm. Ancaq ikinci görüşdə yenə eyni şeylər təkrarlanır. Hərdən özümə qarşı qəzəbim o həddə çatırdı ki, özümü öldürməyi də ağlıma gətirirdim. Sonra bu fikirdən də utanır, bu qədər zəif, bu qədər iradəsiz olduğumla razılaşmaq istəmirdim. O dəqiqələrdə öz-özümə bax bunları deyirdim: "Bu ölkənin tarixini oxudum. Gördüm ki, buranın da əhalisi vaxtilə bizimkilər kimi olub. Axı niyə bunlar dəyişə bilsinlər, amma bizlər yox? Axı heç şübhəsiz, bunların da başladıqları bir zaman olub. Onlar da başladıqları zaman əziyyət çəkiblər, qeyrət göstəriblər və axırda istədiklərini bacarıblar! İndi mənim bacarmamağıma ayrıca bir səbəb varmı? Yoxdur! Elə isə nədən ümidsizəm? Demək, mən də qeyrət etməliyəm. Davranışıma göz qoymalıyam, sözlərimə, hərəkətlərimə diqqət yetirməliyəm və Nizamnamədəki maddələrə nöqtəbənöqtə əməl etməliyəm! Oldumu? Oldu! Mən də çalışıb-çarpışıb mütləq istədiyimi bacaracağam!" Beləcə, ümidsiz düşüncələri beynimdən qovur, özümü dəyişilməyə çağırır və həvəsləndirirdim. Ancaq öyrəşdiyim vərdişləri tərgitmək beyindəki baxışlarını dəyişmək qədər asan deyil. Sözümə, davranışıma göz qoymayan kimi, yenə çıxmaza dirənir, ümidsizliyə düşürdüm. Uzun müddət beləcə ümidsizlik və ümid, çaşqınlıq və inam arasında vurnuxub qaldım.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR