Slimfit
  1. MEDİA

Əhalini “leviy işıq” adı ilə aldadırlar

Əhalini “leviy işıq” adı ilə aldadırlar
Sakura

Əhalini “leviy işıq” adı ilə aldadırlar

Son günlər bir çox abonentlər aylıq elektrik enerjisi sərfiyyatı ilə bağlı “Azərişıq” ASC tərəfindən onlara göndərilən qəbzlərdəki yüksək rəqəmlərdən, sayğaclara müdaxilə ehtimalından narahatlıqlarını sosial şəbəkələr üzərindən paylaşım edərək ifadə edirlər.

İstər yay, istərsə də qış mövsümündə aktual olduğu üçün bənzər şikayətlərin əsaslı olub-olmadığını öyrənmək qərarına gəldik. Görəsən, ölkə daxilində istifadəsinə icazə verilən sayğacların bir-birindən fərqi nədir? Köhnə sayğaclara müxtəlif yollarla edilən müdaxilələr yeni sayğaclarda da mümkün olacaqmı?

Bir çox hallarda qurumun müvafiq şöbəsinə müraciət edən abonentlərə verilən cavab bu olur ki, “abonentin sayğacdakı məlumatı ilə bazadakı məlumat düz gəlmir”. Bu, nə deməkdir? Əgər heç bir müdaxilə olmursa, bu fərqlilik necə yarana bilər?

Oxu.Az-ın bu və digər suallarını “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə cavablandırıb:

- Artıq qış fəsli gəlir. “Azərişıq” ASC mövsümə uyğun olaraq hansı zəruri hazırlıqları görür və abonentlər ən çox nələrə diqqət yetirməlidir?

- Bilirsiniz ki, mövsümi olaraq elektrik enerjisinə tələbatın normadan artıq olduğu aylar var. Məsələn, yay aylarında soyuducu sistemlərə ciddi ehtiyac yarandığından elektrik enerjisinə tələbatın normadan artıq olması hiss olunur. Qış aylarında da həmçinin. Hansı ki, biz o ayları elektrik enerjisinə tələbatın artdığı aylar kimi qeydə alırıq. Ona görə də “Azərişıq” ASC kollektivi çalışır ki, bu aylara xüsusi hazırlıq görsün.

Təbii ki, bu hazırlıq qış aylarından bir neçə ay qabaq başlayır. Mütəmadi olaraq, qış aylarında açıq havada olan elektrik xətlərinin xüsusi mühafizəsi təmin edilir, magistral xətlər boyu olan ağacların budanması aparılır. Bu, olduqca vacib məqamdır, çünki əks halda həmin ağac budaqları elektrik enerjisinin verilişində müəyyən fasilələr yarada bilər. Cihazların, qurğuların qışa hazırlığı, sayğacların profilaktik yoxlanılması, yarımstansiyalarda sazlanma işləri, transformator qurğularına, elektrik qutularına, paylayıcı kabellərə baxış keçirilir və s.

Müdaxiləyə meyllilik xüsusilə qış aylarında baş verir. Sayğacın qeyd etdiyi elektrik enerjisinin süni şəkildə təhrif edilməsinə cəhd etmə halları ilə mübarizə məqsədilə ərazilərdə nəzarəti gücləndiririk, maarifləndirmə işləri aparırıq. Abonentlərin özlərini və ailələrini çox cüzi bir məbləğə görə təhlükəyə atmasının qarşısını almağa çalışırıq.

Abonentlərə tövsiyə olunur ki, gecə saatlarında elektrik cihazlarını qoşulu vəziyyətdə baxımsız saxlamasınlar, zavod istehsalı olmayan cihaz və qurğulardan istifadə etməsinlər. Ümumiyyətlə, insanların təhlükəsizliyi və elektrik enerjisinin istifadəsi qaydalarının təmin edilməsi işi paralel şəkildə aparılmalıdır. Bununla biz hər hansı cüzi qəza ehtimalının qarşısını almağa çalışırıq. İstənilən cihaza vaxtında nəzarət edildikdə onun təhlükə yarada biləcək məqamları aradan qaldırılır. Düşünürəm ki, biz buna nail oluruq.

- Abonentlərin elektrik sayğacları qurumun mütəxəssisləri tərəfindən yoxlanılırmı? Yoxsa yalnız problem olanda baxış keçirilir?

- Ümumiyyətlə, elektrik enerjisinin uçot işi (sayğacla idarə olunan hissəsi) ayda bir dəfə oxunma ilə aparılır. Ayda bir dəfə abonentlərin sayğacları oxunur və onlara ay ərzində istehlak etdikləri elektrik enerjisi haqqında bildiriş verilir.

Bu, o deməkdir ki, “Azərişıq” artıq ayda bir dəfə ölkə üzrə bütün abonentlərin (əhali və qeyri-əhali) sayğaclarına baxış keçirmiş olur. Əgər abonentlər tərəfindən sayğacla bağlı hər hansı bir problem yaşadığına dair quruma yazılı müraciət daxil olarsa, o hallarda elektrik şəbəkəsi nümayəndəsi ilə həmin sayğaca baxış keçirilir. Bu isə oxunma dövründən kənar baxış hesab edilir və laboratoriya şəraitindən fərqli olaraq yerində yoxlanılır.

Başqa hallarda isə ola bilər ki, sayğacların oxunmasını təmin edən şəxsi ərazilərdə hər hansı qanun pozuntusuna, sayğaclarda müdaxilə ehtimalına rast gəlinsin. Əlbəttə, belə olan halda, bizim mütəxəssislər həmin sayğacları abonentlərin iştirakı ilə laboratoriya şəraitində yoxlayır. Yekun rəy də abonentin iştirakı ilə verilir ki, heç bir qaranlıq məqam qalmasın.

- Yekun rəydə abonentin müdaxiləsi sübut olunarsa, hansı tədbirlər görülür?

- Belə deyək ki, elektrik enerjisi sayğacları digər kommunal xidmət sayğaclarından fərqlənir. Onların normal iş sisteminin pozulması o deməkdir ki, abonentlər və ya onların nümayəndəsi sayğacın gərginlik və ya cərəyan daşıyan hissələrinə müdaxilə edib. Siz təsəvvür edirsiniz bu nə dərəcədə təhlükəli işdir? Söz ilə deyərkən cümlənin özündə heç bir risk, təhlükə hiss olunmur. Amma sizi inandırım ki, bu hallarda bədbəxt hadisənin olması üçün kiçik bir səhv kifayət edir.

Əgər yekun laboratoriya nəticələrində aşkar olunarsa ki, abonent tərəfindən elektrik sayğacının birləşmə sxemi dəyişdirilib, sayğacın iş rejimini pozan göstəricilərin təhrif edilməsi məqsədilə kənar müdaxilə edilib, bu zaman məsələ aktlaşdırılır və qanuni ölçü götürülür. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Elektrik Enerjisinin İstifadə Qaydaları”nda bu kimi hallarda hansı tədbirlərin görülməsi barədə qeydlər edilib. Abonentlərlə “Azərişıq” ASC arasında ikitərəfli müqavilə bağlandığı üçün hər bir halda hər iki tərəfin hüquqları qorunur.

- Sayğaclara müdaxilə faktları aktiv müşahidə edilirmi?

- Təəssüflə qeyd edirəm ki, bəli, bu gün də sayğaclara müdaxilə cəhdləri edilir. Bu cür sərbəst, bu cür arxayın şəkildə işlək olan cihazın elektrik naqillərində hər hansı işlər aparmağın nə qədər riskli olduğunu təsəvvür edirsiniz? Bizim mütəxəssislər belə cihaz üzərində prosedurlar aparan zaman xüsusi tədbirlər görməklə yanaşı, mühafizə vasitələrindən istifadə edirlər, amma vətəndaşlar yalın əllərlə özlərini, həmin mənzildə yaşayan digər şəxsləri, eyni zamanda, yaxın qonşularını da təhlükə qarşısında qoyurlar.

Paytaxtdan kənar regionlarda, rayon yerlərində bu kimi hallara daha çox rast gəlinir. Onu da qeyd edim ki, məsələnin həyati təhlükəsini başa düşmədiklərindən olsa gərək ki, əksər zamanlarda bu işləri gecə saatlarında, qaranlıqda görürlər. Mən qəti şəkildə bir insanın 5-10 manata görə bu cür həyati riski gözə ala bilməsini başa düşmürəm. 

- Bəlkə, maarifləndirmə tədbirlərində abonentlər üçün qaranlıq qalan məqamlar olur?

- Bununla bağlı yeni bir layihə hazırlamışıq. İlk olaraq sizə deyirəm. Düşünürük ki, insanlara bu proseslərin ağır və təhlükəli tərəflərini izah etməklə müsbət nəticə əldə edə bilmiriksə, əyani şəkildə, dəlil və faktlarla göstərək.

Bu günə qədər elektrik cərəyanlarında, müdaxilə proseslərində, elektrik xətlərinə yaxınlaşaraq hər hansı bir dəyişiklik cəhdləri zamanı baş verən qəza hallarının, ağır travmaların fotolarını toplayırıq. Həmin fotolar ki, insanlar onlara baxan zaman bizim nə demək istədiyimizi, özlərini hansı təhlükə ilə qarşı-qarşıya qoyduqlarını başa düşəcəklər. Biz o fotoları buklet şəklində abonentlər arasında paylayaraq, onlar arasında fərqli maarifləndirmə tədbirləri görmək istəyirik.

- Sayğaclar haqqında bir qədər məlumat vermənizi istərdik. İnduktiv, mexaniki, smart, elektron, SMS tipli və s. sayğacların bir-birindən fərqi, üstün və mənfi cəhətləri nələrdir?

- İnduktiv, mexaniki sayğaclar texnoloji baxımdan hazırkı son nəsil elektrik enerjisi sayğaclarından geri qalırlar. Burada müəyyən qədər insan amilinin rolu olduğunu, müdaxilə ehtimallarının mümkünlüyünü demək olar. Bəzən bu hallarda abonentlər uzun müddət uçotdan kənar elektrik enerjisindən istifadə edə biləcəklərini düşünürlər. Amma sizə çoxsaylı misallar çəkə bilərəm ki, mütəxəssislərimiz sayğaclara baxış keçirən zaman bu kimi halları aşkarlayıb, zəruri tədbirlər görüblər.

Sadaladığım bu kimi müdaxilə hallarının qarşısını almağa isə bizə Smart tipli elektrik sayğacları kömək edəcək. Onların proqramında, daxili yaddaşında “hadisələr jurnalı” var. Həmin yaddaş jurnalında sayğac üzərində aparılan istənilən prosedurlar qeyd olunur. Bundan başqa, elektrik təchizatı idarələrinin mərkəzlərindən uzaq, periferik olan rayonlarda, qəsəbələrdə nəzarət daha çox təmin edilir.

Elektrik enerjisinin istifadəsi və düzgün şəkildə istehlak olunması qaydaları üzrə abonentlərlə maarifləndirici görüşlər təşkil edilir. Bu gün “Azərişıq” ASC tərəfindən tətbiq edilən Smart tipli “ağıllı” sayğaclarda bütün növ müdaxilələrə qarşı önləm və qeydiyyat funksiyası mövcuddur. Həmin funksiyalar Smart sayğaclara özü qərar verməyə imkan verir.

Məsələn, Smart sayğacların alt qapağı çıxarılan anda sayğac avtomatik olaraq qərar verir ki, bu müdaxilədir. Sayğacın bu kimi hallarda qərar verməsi üçün isə biz bu halları əvvəlcədən nəzərə alırıq və sayğacların funksiya imkanlarına əlavə edirik.

Başqa bir misal - birləşmə sxeminin dəyişməsi. Köhnə induksion və ya mexaniki sayğaclarda faza xəttini başqa yerdən götürürdülər, sıfır dediyimiz neytral xətləri isə qaz və ya su borularına qoşurdular. Bu, ümumiyyətlə, yolverilməz bir haldır. Çünki əgər bunu bina evində yaşayan abonent edirsə, o, bütün bina sakinlərini ölüm təhlükəsi ilə üz-üzə qoyur. Binanın mətbəx və vanna otağındakı avadanlıqlar gərginlik altında qalır ki, bu da ciddi təhlükə mənbəyidir.

Həmin köhnə tip sayğaclarda bu üsullarla, sayğacın sərfiyyatı nisbətən az qeyd etməsinə zəmin yarada bilirdilərsə, Smart sayğaclarda bunu etmək qeyri-mümkündür. Çünki “ağıllı” sayğaclar, siz faza və ya neytral xətləri haradan götürməyinizdən asılı olmayaraq, yenə də elektrik enerjisi sərfiyyatını olduğu kimi qeyd edəcək.

Bu gün smart və elektron sayğaclar bir sistemlidir və heç bir kənar müdaxilə mümkün deyil. Onların hər hansı funksiyası varsa, bu, o sayğacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin. Fiziki müdaxilə dedikdə, abonentlərin sayğaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda, biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratoriyaya gətirib, yoxlayırıq.

Nəticələr isə ictimaiyyətə açıq şəkildə təqdim edilir. Mexaniki sayğaclarda, görülən işlərin qeydə alınması imkanları yox idi. Amma elektron - rəqəmsal sayğaclarla daha çox iş görmək olur. Elektrik sərfiyyatına dair göstəriciləri yaddaşında saxlayır, məxsusi yaddaşa isə heç bir halda müdaxilə edə bilməz. Hadisələr jurnalı var ki, burada elektrik enerjisinin hansı gün, hansı saatda itməsi, nə zaman qayıtması məlum olur.

- Belə başa düşdüm ki, bütün bunlara baxmayaraq, “ağıllı” sayğaclara da müdaxilə mümkündür, lakin sayğac abonenti ələ verəcək.

- (gülür) Gəlin belə bir maraqlı epizod danışım. Bir dəfə abonentlərdən birinin sayğacının aylıq oxunması zamanı müdaxilə ehtimalı, başqa sözlə, sərfiyyat uyğunsuzluğu aşkar edilmişdi. Lakin “Azərişıq” ASC, müdaxilə olduğunu sübuta yetirmədən sayğaca müdaxilə olub qərarı verə bilməz. Biz nə etdik? Sayğacın məxsusi yaddaşında olan göstəriciləri oxuyub, yoxladıq. Yaddaş məlumatlarına görə, misal üçün, ayın 23-ü axşam saat 23:09-da elektrik enerjisinin verilişi dayandırılıb, səhər saat 06:35-də bərpa edilib, növbəti tarixdə gecə saat 00:02-də elektrik enerjisi kəsilməsi, səhər saat 7:15-də isə bərpa edilməsi qeyd olunub. Bu proses, dəqiq tarix, saatlarla cari ay ərzində davam edib və sayğacın məxsusi yaddaşında saxlanılıb. Biz həmin binanın, ərazinin elektrik təchizatı idarəsinin əməliyyatlar jurnalına baxış keçirdik.

Əgər jurnalda həmin binanın elektrik enerjisinin verilişində, həmin tarix və vaxtlarda fasilələrin olması haqda heç bir qeydiyyat yoxdursa, aydın məsələdir ki, abonent, mütəmadi olaraq, hər gecə sayğacı dövrədən çıxarır, səhər isə yenidən işə salır. Abonent bu yolla uçotdan kənar (“leviy” elektrik sərfiyyatı) elektrik enerjisi işlədirmiş.

İnduksion və mexaniki sayğacda bu kimi məqamlardan şübhələnsək belə, əlimizdə bunu sübut edəcək heç bir əsas olmayacaqdı. Bu sayğaclar sizə istehsalçı tərəfindən müəyyən standartlara uyğunlaşdırılmış hazır sənəd verir. Sayğacların “hadisələr jurnalı” dünyanın əksər inkişaf etmiş və inkişafda olan ölkələrində tanınır və tətbiq edilir. Yaddaşda abonentin bir saatlıq, günlük, həftəlik, aylıq və hətta illik ortalama elektrik enerjisi sərfiyyatı da göstərilir.

- Yay aylarında böyük bir xaos yarandı. Hər kəs aylıq sərfiyyatın 2-3 qat artıq gəldiyini iddia edirdi. O məsələdə şikayət edən abonentlərin işlərinə baxıldımı?

- Yaxşı yadıma saldınız. O işdə siz jurnalistlərin də, təəssüf ki, rolu böyük oldu. Məsələni daha qabarıq halda yazdınız. Sizə deyim ki, həmin yay mövsümündə artıq sərfiyyatdan şikayət edən vətəndaşların sayğacları yenə həmin sayğaclardır. Bu gün o abonentlərin heç birinin sayğacları dəyişdirilməyib. Bəlkə də, elə bilərsiniz, bunu söz xətrinə deyirik, xeyr. Bildiriş vərəqlərinə baxıb sayğacın seriya nömrəsinin uyğunluğunu yoxlasanız, görərsiniz ki, abonentlər yenə şikayət etdikləri sayğaclardan istifadə edirlər.

Heç bir dəyişiklik edilməyib və bu gün də sərfiyyat istifadəyə uyğun şəkildə göstərilir. Bunu başa düşmək üçün orta məktəb bilikləri kifayətdir ki, sayğac üzərindəki göstəricidən əvvəlki göstəricini çıxmaqla ay ərzində nə qədər sərfiyyat etdiyini bilsin. Onu da elektrik enerjisinin tarifinə uyğun özləri də hesablaya bilərlər.

Normalda abonentlər axşam saat 6-7-dən sonra lampalardan istifadə edirlərsə, gecə yatana qədər təxminən səkkiz saatlıq istehlak rejimi ilə hesablama apara bilərik. Bir növ bu abonentin istifadə tərzindən də asılıdır. Gəlin, ortalama hesablayaq. Bu hesabla, 100 vattıq lampa səkkiz saatlıq iş rejimi ilə fasiləsiz işləsə, bu, sutka ərzində 0,8 kVtsaat (kiloVattsaat) elektrik enerjisi sərfi deməkdir. 30 gün ərzindədirsə - 24 kilovatt saat edir ki, bunu da mövcud elektrik enerjisi tarifi (0,07 Azn) ilə hesablaya bilərlər.

Bizim bu gün üçün iki milyondan çox abonentimiz var. Əgər onların hər biri, gecə saatlarında lazımsız yerə elektrik enerji sərfiyyatına iki saat qənaət etmiş olsalar, ümumilikdə, ayda 800 min manatdan artıq qənaət etmiş olarıq. Bu rəqəmin nə demək olduğunu təsəvvür edirsinizmi? 100 vattıq lampa ilə cəmi iki saat ərzində, bu məbləğdə elektrik enerjisinə qənaət etmək olar.

- Köhnə sayğaclarda telefonları, led lampaları qoşanda sərfiyyatsız işlətmək olurdu. Yeni sayğaclarda necə?

- Bilirsiniz, led lampalar birtərəfli keçiriciliyə malik olduqları üçün dəyişən gərginlik dövrəsində düzləndirici kimi çıxış edir və dövrə tam qapanmadığı halda, mexaniki sayğacların həssaslığı onların elektrik enerjisi sərfiyyatını qeydə almağa imkan vermirdi. Elektron sayğacların özündən keçirə biləcəyi tələb olunan elektrik enerjisi isə hər iki istiqamətdə qeydə alına bilir, həssaslığı qat-qat artıqdır və led lampalar, mobil cihazların adapterlərinin sərfiyyatını da qeydə alır.

Köhnə tip sayğacların özü də çox itkiyə səbəb olurdu, hərəkətli mexanizmləri kənar fiziki təsirlərə daha həssas olduğu üçün istənilən vibrasiya induksion sayğacın iş rejimini poza bilirdi. Əvvəllər sayğaclar mənzillərin giriş qapılarına yaxın quraşdırılırdı. Əlbəttə ki, o qapını bir neçə dəfə zərblə çırpsalar, bu sayğaclara da təsirsiz ötüşmürdü.

- Bəs köhnə sayğacların aqibəti nə olur?

- Yeni sayğaclar quraşdırıldıqdan sonra abonentlərin köhnə tip sayğaclar üzərində müxtəlif eksperimentlər aparılır. Bilmək istəyirik ki, hansı yeniliklər etdik, onlardan imtina əsnasında texniki parametrlərin fərqlilik səbəbləri tam olaraq nələrdir və s. Həmin sayğaclarda insan amili daha çox özünü büruzə verirdi və əlbəttə ki, hər hansı bir problemlərdə tələb edirdi ki ona vizit müraciət olunsun. Amma elektron-rəqəmsal sayğaclarda siz onları istənilən port vasitəsilə uzaq məsafədən də oxuya bilirsiniz. Onların məsafədən oxunması xüsusi proqram təminatlı cihazlar vasitəsilə həyata keçirilə bilir, hətta saniyə-saniyə məlumatları ötürmə xüsusiyyətinə malik olurlar.

- Müdaxilə üsullarından biri də xüsusi maqnitlərdir. Ferromaqnitlər və neodimium maqnitlərinin təsirlərindən danışardınız. Bu faktlar doğrudurmu?

- Bəli, belə üsullardan da istifadə edilməsi mütəxəssislərimiz tərəfindən araşdırılıb. Neodimium maqnitləri, ümumiyyətlə, ən güclü maqnitlər hesab edilir. Onların maqnit sahəsi ölçülərindən asılı olaraq dəyişir. Köhnə tip sayğaclarda, yəni induksion, mexaniki sayğaclarda müdaxilə məqsədilə ferromaqnitlər tətbiq edilirdi. Əlbəttə ki, əgər diskin hərəkəti elektrik enerjisinin miqdarına yönəlmiş hesabatını apardığı üçün bu üsul hardasa göstəriciyə təsir edə bilirdi.

Başqa sözlə desək, diskin fırlanma sürəti zəifləsə, sərfiyyat göstəricisi azalacaq, məntiqi olaraq doğrudur, tamamilə razıyam. Amma burada bir məsələ var ki, hər hansı elektrik cihazına müdaxilə zamanı onun iş prinsipi pozulur. Bu məqam isə uzun müddət gizli qala bilmir və mütəxəssislər bu məqamı aşkarlaya bilirlər.

Elektron sayğaclara bu üsulla nə dərəcədə təsir göstərmək olar? Olmaz, çünki onların mühafizə sxemində xüsusi Hall sensorları var. Bu sensorlar maqnit sahəsinin təsirini dərhal qeydə alır. Onun intensivliyindən, gücündən asılı olaraq, ədədi qiymətini yadda saxlayır. Həmin rəqəmlərin yuxarı həddini keçən göstərici sayğacın yaddaşına “maqnit sahəsilə müdaxilə”yə dair qeyd əlavə edir. Dəqiq tarixi və vaxtı göstərilməklə yaddaşına alır ki, bunun əyani nümayişi və isbat edilməsi mümkündür.

Digər tərəfdən, güclü maqnit sahəsi sayğacların elektron hissələrini dərhal sıradan çıxarır, bəzi hallarda, daxili qısaqapanma nəticəsində alışma halları ilə müşahidə olunur. Bu isə sayğacın fiziki sıradan çıxarılması deməkdir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzaların tətbiqi ilə nəticələnir.

- SMS-smart elektrik sayğacları qalıq borcları qalan abonentlərin mənzillərinə quraşdırılır, yoxsa borc tam ödənilməlidir?

- Xeyr, elə bir maddə yoxdur ki, qalıq borcu olan abonentlərə Smart sayğaclar quraşdırıla bilməz. Müraciət olunur və müvafiq qaydalara uyğun şəkildə həmin abonentlərin sayğacları yeniləri ilə əvəzlənir. Təbii ki, əvvəlki dövrlərdən elektrik sərfiyyatına görə abonentin ödənilməmiş borcu qalıbsa, biz ona borcunu aradan qaldırmağı tövsiyə edirik. Elektrik Enerjisindən İstifadə Qaydalarına əsasən, abonentlərə, elektrik sərfiyyatına görə olan borclarını ödəmələri üçün müəyyən vaxt verilir.

Həmin müddət bitdikdən sonra həmin qaydaların təmin edilməsi tələbinə əsasən, o abonentlərə elektrik enerjisinin verilişi dayandırılır. O ki qaldı Smart kart sayğacların quraşdırılması intensivliyinə, bu ərazilərə görə bölünür. Və mütəmadi olaraq, bütün bölgələr üzrə sayğacların yenilənməsi tətbiq edilir. Smart Kart sayğaclarda belə bir məqam var ki, balans artırma kart sistemlidir. Kartın balansına nə qədər pul qoyulursa, sayğaca yüklənir və o məbləğ dəyərində elektrik enerjisi istifadə edilir. Sayğacın balansı bitdiyi an avtomatik olaraq, elektrik enerjisinin verilişi kəsilir.

- Bəzən mətbəxdə, hamam otaqlarında “tok keçdi” deyə bir söz işlənir. Buna sızma da deyirlər. Bu hansı səbəbdən yaranır?

- Bəzi hallarda, baxımsızlıq üzündən, asma tavanlarda, vanna otaqlarında lampa yuvaları – çoxları patron da adlandırır - nəm çəkir. Həmin hissədən, elektrik enerjisi asma tavan atmaları ilə keçir beton divarlara və işlədici rolunu oynayır. Elektrik su qızdırıcılarında da hər hansı kiçik həcmli çat olduqda, elektrik enerjisi su vasitəsilə onun gövdəsinə keçir, oradan da yerlə birləşir və bu halda, cərəyan sızması dediyimiz fakt baş verir.

Cərəyan vurma təhlükəsi olmasa da, bu, sızma faktının mövcudluğunu gizlətmir. Elektron-rəqəmsal sayğacların həssaslığı yüksək olduğu üçün həmin sızma cərəyanını qeydə alır və sərfiyyat şəklində hesablayır. İnsan gözü ilə bunu görmək mümkün deyil, gərək xüsusi cihazlar vasitəsilə siz onu müşahidə edəsiniz.

Eyni hal rütubətli şəraitdə istismar edilən elektrik yuvalarından – razateka adlanan yerlərdən, divarların metal qəfəslərinə yayılır və yerlə birləşmə yaranır. Bu sızmanın daha aktiv hallarında insan həyatı üçün təhlükə mənbəyi birmənalıdır. Həmin mühitdə bilmədən istifadə edilən istənilən cihaz potensial təhlükəni qat-qat artırır.

- Sizin dediyiniz kimi, uçotdan kənar elektrik enerji sərfiyyatı, cəmiyyətdə dediyimiz “leviy işıq”dan istifadə zamanı abonentlərin qənaət etdiyi təxmini məbləğ varmı? Bu gün 2,5 milyondan yuxarı abonentin böyük əksəriyyəti bu üsullara meyillidirmi?

- Xeyr, təbii ki, yoxdur. Sizə deyim ki, həmin insanların 50 faizi özlərini buna psixoloji cəhətdən inandırır. Bu cür prosedur üsulu bilməyən insanlar isə bu işdən gəlir əldə etmək istəyən fırıldaqçıların gəlir mənbəyinə çevrilir. Hətta sizə bir nümunə göstərə bilərəm ki, vətəndaşı uçotdan kənar elektrik enerjisi istifadə etdiyinə inandırıblar. Xüsusilə bölgələrdə kimsə abonentlərə sayğaca müdaxilə ilə bağlı təklif edib və bildiyimiz adi bir məftili sayğacın arxa tərəfindən keçirib, birləşdirib elektrik qutusunun gövdəsinə.

O biri ucunu da torpağa basdırılan boruya bağlayıb və vətəndaşı inandırıb ki, artıq rahat istifadə edə bilərsən, sənin sərfiyyatın az yazılacaq. Bunun müqabilində də böyük ehtimalla “zəhmət haqqı” alıb... Baxın, belə vəziyyətlərlə də az rastlaşmırıq və bir daha əmin oluruq ki, maarifləndirmə, məlumatlandırma işlərini daha da gücləndirməliyik.

- Maraqlı bir məqam da vardı ki, bəzən qurumun öz əməkdaşları, hansı ki, bu prosesi həyata keçirə bilir, onlar da abonentlərlə bu işdə əlbir olurdular.

- Bu kimi məqamların olmadığını demək olmaz. Amma bu faktlar bütün qurumun adına yazılmamalıdır. Yaxşı olardı ki, bu kimi məsələləri möhtəşəm bir tapıntı kimi təbliğ etməsinlər. Çünki indiki texniki imkanlar şərtlərində kimliyindən asılı olmayaraq, ağıllı sayğaclara yalnız və yalnız fiziki müdaxilə etmə, yəni ziyan vurmaqla sıradan çıxarmaq olar. Bu da müvafiq normalara uyğun şəkildə cəzalandırılır.

- Dediyiniz sayğacların yaddaşı özündə olan məlumatı hansı müddət ərzində saxlamağa imkan verir?

- Proqramlaşdırmadan asılı olaraq yeni nəsil elektrik enerjisi sayğaclarının yaddaşı beynəlxalq normalara uyğun olaraq beş ildən bir avtomatik şəkildə yenilənir. Amma bu cür informasiyalar nadir hallarda hər hansı problemin həllində istifadə edilir. Biz istehsalçıdan bu yaddaşın səkkiz ildən bir yenilənməsini istəyirik. Çünki bu zaman artıq bu informasiyalar dəqiq şəkildə gərəksiz material hesab olunur. Sayğacın yaddaşında xüsusi yeniləmə prosesini yerinə yetirən təqvim var. Sayğacın ilk dəfə elektrik enerjisinə qoşulduğu gündən qeydiyyatlar aparılmağa başlanır və müvafiq təqvim tarixinə uyğun vaxta qədər davam edir.

- Bəs sayğacların istifadə müddəti nə qədərdir?

- Bu rəqəm təxmini olaraq, növündən və istismar şərtlərindən asılı olaraq, 15-16 il olaraq qiymətləndirilir.

- Sayğacların dəyişdirilməsi ödənişlidirmi? Dövlət rüsumu nə qədərdir?

- Elektrik enerjisindən istifadə qaydalarına görə, məişət abonentləri üçün elektrik enerjisi sayğaclarının quraşdırılması, dəyişdirilməsi tam şəkildə ödənişsizdir.

- Alternativ enerji - günəş panellərindən, külək generatorlarından istifadənin tətbiqi tənzimlənirmi? Vətəndaşlar bundan istifadə edə bilərmi?

- Bu məsələlərin tənzimlənməsi müəssisəmizin fəaliyyət sferasına daxil deyil. Lakin sizə deyim ki, mən öz evimin həyətyanı sahəsinin işıqlandırmasında günəş panellərindən istifadə edirəm. Çox da razıyam. Sadəcə olaraq, hər bir qurğu kimi, o da müəyyən dərəcədə baxım, diqqət tələb edir. Tozlanması, şüaları əks etdirməsi, həddən artıq qızması, ciddi qulluq tələb etməsi məni düşündürür. 

Onların öz-özünə qulluğunu təmin edəcək hər hansı bir tədbirin mümkün olub-olmadığını araşdırmağa çalışıram. Yay aylarında günəş panellərinin həddən artıq qızması onun faydalı iş əmsalını 60-70 faiz aşağı salır. Ümumilikdə, bəli, alternativ enerji mənbələri energetikanın bir qolu kimi həmişə diqqətimdə olub.

Bəzən günəş panellərindən istifadə etmək istəyənlər fərdi şəkildə, qeyri-peşəkarcasına o panelləri dam örtüyünə bərkidirlər. Heç bir təhlükəsizlik tədbiri gözlənilmədən. Yüngül bir külək sərbəst düşmə təcili ilə öz çəkisindən 9,8 dəfə ağır bu paneli damdan atsa, ətrafdakı insanlar üçün nə dərəcədə təhlükə mənbəyi olduğunu düşünün.

Sadəcə, uçan bir silah düşünün. O baxımdan, bu işləri həvəskar şəkildə görməmələri tövsiyə olunur. Mən özüm də adıçəkilən enerji mənbələrindən istifadə edirəm, amma onların tətbiqindən öncə uzun müddət hazırlıq keçdim və təhlükəsizlik istismar qaydalarını tam şəkildə dəqiqləşdirdim. Məsləhət görərdim ki, alternativ enerji mənbələrindən istifadə etmək istəyən vətəndaşlar buna sadə proses kimi yanaşmasın və təhlükəsizlik istismar qaydalarını öyrənsinlər.

Qeyd ki, Araz Məmmədzadə bu yaxınlarda “Azərişıq” ASC-nin Tədris Mərkəzinə direktor vəzifəsinə təyin edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR