Slimfit
  1. İQTİSADİYYAT

ƏDV-nin qaytarılması necə heyata keçiriləcək? - ŞƏRH

ƏDV-nin qaytarılması necə heyata keçiriləcək? - ŞƏRH
Sakura

ƏDV-nin qaytarılması necə heyata keçiriləcək? - ŞƏRH

Dünyanın bir çox ölkələrində vətəndaşların müxtəlif ödənişlər zamanı ödədiyi Əlavə Dəyər Vergisinin (ƏDV) onlara geri qaytarılması mexanizmi tətbiq edilir.

Azərbaycanda da bir neçə ilə bundan öncədən başlayaraq bu mexanizmin tətbiq edilməsi istiqamətində təşəbbüslər irəli sürülürdü. Belə ki, 2018-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan ƏDV-nin istehlakçılara geri ödənilməsi ilə bağlı maddələr öz əksini tapmışdı. Lakin həmin yeniliyin həyata keçirilməsi üçün hazırlıq işləri aparılmalı, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi və müvəkkil bankın təyin edilməsi lazım idi.

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiq edilmədiyi təqdirdə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkün deyildi. ƏDV-nin geri qaytarılması mexanizmi o halda işləyə bilərdi ki, bütün vergi ödəyiciləri yeni nəsil nəzarət-kassa aparatlarından istifadə etsin. Çünki bu qurğuların tətbiqi vasitəsilə alqı-satqı əməliyyatlarına məsafəli şəkildə nəzarət olunur və bu aparatlarla həyata keçirilən istənilən əməliyyat barədə dərhal İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində məlumat əks olunur.

Odur ki, 2019-cu ilin əvvəllərindən etibarən ölkədə mərhələli şəkildə yeni nəsil kassa aparatlarının tətbiq edilməsinə başlanıldı. Nazirlər Kabinetinin təsdiqlədiyi “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ndə 2019-cu il iyulun 1-nə qədər Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri (YDM), ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evlərinin, həmin il oktyabrın 1-nə qədər paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələrin, 2020-ci il yanvarın 1-nə qədər pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicilərinin, 2021-ci il yanvarın 1-nə qədər isə eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektlərinin nəzarət-kassa aparatlarını quraşdırması barədə məsələlər öz əksini tapdı.

Regionlarda yerləşən “Mall”ların, avtomobil və mebel salonlarının, şadlıq evlərinin elektron informasiya sisteminə qoşulmaları üçün 2019-cu il oktyabrın 1-nə qədər, Gəncə və Sumqayıtda yerləşən şəbəkə sistemli marketlər və YDM-lər üşün Bakıdakı kimi iyulun 1-nə qədər, digər bölgələrdə yerləşən eyni tipli təsərrüfat subyektləri üçün isə 2019-cu il oktyabrın 1-nə qədər vaxt təyin edildi. Qrafikə əsasən Gəncə və Sumqayıt şəhərlərində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən sahibkarlara 2021-ci il aprelin 1-nə qədər, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda (kənd və qəsəbələr istisna olmaqla) 2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd da və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verildi.

Bu proseslərin aparılması təmin edildikdən sonra bu il martın 21-də ölkə Prezidenti tərəfindən Azərbaycan vətəndaşlarının ölkə ərazisində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi ƏDV bir hissəsinin 30 gün ərzində onlara geri qaytarılması barədə qaydalar təsdiqləndi. Qaydalara əsasən, geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır.

Dövlət Vergi Xidmətindən “Report”a verilən məlumata görə, ƏDV-nin müəyyən hissəsinin qaytarılmasıprosesin fiziki tətbiqinə artıq başlanıldı. Müvəkkil bank isə “Kapital Bank” ASC elan edildi.

ƏDV-nin geri qaytarılması prosedurunu “Report”a şərh edən Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib ki, bunun üçün vətəndaş ilk növbədə qeydiyyatdan keçməlidir. İstehlakçıların müraciətlərinin qeydiyyata alınması üçün informasiya sistemi olan xüsusi portal (www.edvgerial.az ) isə artıq fəaliyyətdədir.

M.Babayevin fikrincə, ƏDV-ni geri almaq istəyən vətəndaş ən azından aşağıda sadalanan məlumatlarla tanış olmalıdır:

Elektron kabinet

Vətəndaş xüsusi informasiya sistemində, yəni ƏDV qaytarılmsını tənzimləyən portalda qeydiyyatdan keçməklə özünə elektron kabinet yaratmalıdır. Vətəndaşlarımız elektron sistemlərdən istifadə bacarıqlarını daha da artırmalıdırlar.

Milli valyutada bank kartı

İstər Azərbaycan vətəndaşı, istərsə də xarici vətəndaş olsun, hər iki vətəndaşın milli valyutada bank kartı olmalıdır. Çünki ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.

Yeni nəsil NKA çeki

Ödənişlər yalnız yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatının çekini əldə etməklə aparılarsa, ƏDV geri qaytarılacaqdır. İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdimetməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

Vaxtında portala müraciət

Vətəndaş nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciət etməlidir, əks halda, gecikərsə, çek etibarını itirəcəkdir. Müraciət edərkən çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil edilməli. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Proses 30 gün çəkir

Portala daxil olan müraciət çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir, qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür, müvəkkil bank isə 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Yəni maksimum 29-30 gün ərzində proses başa çatır.

ƏDV-nin yalnız bir hissəsi qaytarılır

Vətəndaş bilməlidir ki, ƏDV tam qaytarılmır. Ödəniş nağdsız qaydada, yəni POS-terminal vasitəsilə edilibsə qaytarılan məbləğ çeklərin üzərindəki ƏDV məbləğlərinin 15%-i, ödəniş nağd qaydada ediləndə isə çeklərin üzərindəki ƏDV məbləğlərinin 10 faizini təşkil edir. Məsələn, 1 180 manat ümumi ödənişin 180 manat hissəsini ƏDV təşkil edir. Qaytarılan məbləğ, ödəniş POS-terminal ilə olduqda 180 manatın 15%-i qədər (27 manat), ödəniş nağd qaydada NKA çeki ilə olduqda 180 manatın 10%-i qədər (18 manat) olacaqdır. Bir sözlə tam ödənişin 1,53% və ya 2,29%-dək olan hissəsi istehlakçıya qaytarılacaq.

Bəzi çeklər işə yaramayacaq

Sadələşdirilmiş vergi ödəyicilərindən, yaxud da ƏDV ödəyicisi olmayan ticarət obyektlərindən mal, xidmət alışlarına görə əldə edilən NKA çekləri bu Qaydalar üzrə tətbiq edilə bilməz.

 

 

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR